Foto: “Armenpress”
Ermənistan hökuməti TRIPP layihəsi üzrə ABŞ ilə imzalanmış strateji çərçivə sazişinin ratifikasiyası prosesinə başlayıb.
Hökumətin bu gün – iyulun 16-da keçirilən iclasında layihəni xarici işlər naziri Ararat Mirzoyan təqdim edib (“Arnebpress”).
Onun sözlərinə görə, hökumətin qərarı sazişin ratifikasiyası prosesinə start verir. Sənəd əvvəlcə Konstitusiya Məhkəməsinə göndəriləcək. Bu qurum sazişdə nəzərdə tutulan öhdəliklərin konstitusiyaya uyğun olduğunu təsdiqlədikdən sonra sənəd parlamentin müzakirəsinə çıxarılacaq.
Mirzoyan xatırladıb ki, çərçivə sazişi 2026-cı il mayın 26-da İrəvanda onun və ABŞ dövlət katibi Marko Rubionun iştirakı ilə imzalanıb. Sənəd daha sonra iyunun 1-də Vaşinqtonda, iyunun 4-də isə İrəvanda yenidən imzalanıb.
Nazir bildirib ki, bu sazişdən əvvəl daha iki mühüm sənəd qəbul olunub. Bunlardan biri 2025-ci il avqustun 8-də ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti tərəfindən imzalanmış birgə bəyannamə, digəri isə 2026-cı il yanvarın 13-də ABŞ dövlət katibi ilə Ermənistanın xarici işlər nazirinin imzaladığı, TRIPP layihəsinin həyata keçirilməsi mexanizmlərini müəyyən edən sənəddir.
Mirzoyanın sözlərinə görə, TRIPP-in yaradılması ilə bağlı sənəd dövriyyəsinin tamamlanması üçün daha iki sənəd – səhmdarlar sazişi və TRIPP İnkişaf Şirkətinin nizamnaməsi razılaşdırılmalıdır.
Çərçivə sazişinə əsasən, Ermənistan və ABŞ nəqliyyat, infrastruktur, regional və qlobal ticarətin inkişafı vasitəsilə Cənubi Qafqazda sülhün, sabitliyin və rifahın möhkəmlənməsinə töhfə verməyi hədəfləyirlər.
Sazişə uyğun olaraq Ermənistan və ABŞ birgə TRIPP şirkəti yaradacaqlar. Şirkət Ermənistanın müxtəlif ərazilərində layihələrin həyata keçirilməsi üçün xüsusi təyinatlı törəmə şirkətlər yarada və digər tərəfdaşları da bu layihələrə cəlb edə biləcək.
Mirzoyan vurğulayıb ki, TRIPP şirkətinin yaradılması və fəaliyyəti Ermənistanın suverenliyinə, yurisdiksiyasına və ərazi bütövlüyünə tam hörmət prinsipi əsasında həyata keçiriləcək.
Sazişə əsasən, şirkət müvafiq ərazilərdə 49 il müddətinə torpaqdan istifadə və tikinti hüququ əldə edəcək. Bu müddətdə şirkətin səhmlərinin 74 faizi ABŞ-a, 26 faizi isə Ermənistana məxsus olacaq.
Tərəflərin razılığı ilə əməkdaşlıq daha 50 il uzadıla bilər. Bu halda Ermənistanın şirkətdəki payı 26 faizdən 49 faizə qədər artırılacaq.
Nazir deyib ki, Ermənistan dövlət sərhədlərinin idarə olunması, sərhəd nəzarəti, gömrük inzibatçılığı və ölkə ərazisində həyata keçirilən bütün gömrük prosedurları üzərində tam suverenlik və yurisdiksiyasını qoruyacaq.
“Politfm”



