Qırmızı dənizin darvazası sayılan mühüm gəmiçilik marşrutunun – Bab əl-Məndəb boğazının peyk görüntüsü, 12 iyul 2026 (foto: NASA “Worldview” / “Reuters”)

 

ABŞ İranın enerji infrastrukturuna zərbə endirsə, Yəməndəki husi hərəkatı Qırmızı dənizdə gəmiçiliyi dayandıracaq.

Bu barədə “Reuters” agentliyi üç mənbəyə istinadən məlumat yayıb.

Bildirilir ki, bunu husilərdə rəsmi Tehran istəyib.

Agentliyə danışan yüksək vəzifəli iki İran rəsmisinin və regiondakı digər məlumatlı mənbənin bildirdiyinə görə, bu məsələ İran rəhbərliyində müzakirə olunub və Tehranın müttəfiqi olan husilərə çatdırılıb. Təhlükəsizlik səbəbindən adlarının açıqlanmasını istəməyən mənbələr husilərin bu barədə təzəlikcə məlumatlandırıldığını bildiriblər.

İran Xarici İşlər Nazirliyi və husilərin nümayəndələri nəşrin sorğusuna hələ ki münasibət bildirməyiblər.

Husilər əmr gözləyirlər

Husilərə yaxın mənbənin sözlərinə görə, qruplaşma Bab əl-Məndəb boğazının yaxınlığına raketlər və PUA-lar yerləşdirərək hücum əmri gözləyir.
Mənbə bildirib ki, silahlar Yəmənin Hudeydə və Ədən körfəzinə nəzarət edən dağlıq ərazilərində yerləşdirilib.

Onun sözlərinə görə, Yəməndə olan İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndələri Bab əl-Məndəb boğazının bağlanmasına nəzarət edəcəklər.
Qırmızı dənizə və Bab əl-Məndəb boğazına yönələn hər hansı təhdid İranın Hörmüz boğazını bağlaması nəticəsində yaranmış qlobal enerji böhranını daha da dərinləşdirə və hərbi qarşıdurmanın yeni mərhələsilə bağlı riskləri artıra bilər.

Hörmüz boğazı artıq bağlı olduğundan husilərin Qırmızı dənizdə gəmilərə və ya limanlara mümkün hücumları Yaxın Şərqdən neft ixracının iki əsas marşrutunu eyni vaxtda iflic edə və həm enerji böhranında, həm də İranla ABŞ arasındakı qarşıdurmada yeni cəbhə aça bilər.

Səudiyyə Ərəbistanı təhdidləri ciddi qiymətləndirir 

Regionda gərginliyin daha da artdığı bir vaxtda bazar ertəsi husilər onların nəzarətində olan hava limanının bombalandığını iddia edərək Səudiyyə Ərəbistanına raket zərbələri endiriblər. Bununla da tərəflər arasında dörd il qüvvədə olan atəşkəs pozulub.

Regionda Ər-Riyada yaxın olan iki mənbə “Reuters”-ə bildirib ki, Səudiyyə Ərəbistanı İran və husilərdən gələn təhdidləri ciddi qiymətləndirir. Onların sözlərinə görə, Ər-Riyad husi hərəkatının Qırmızı dəniz məsələsində hazırda İranla sıx koordinasiyada olmasından xəbərdardır.

Münaqişə fevralın 28-də İsrail və ABŞ-ın İrana zərbələr endirməsindən sonra başlayıb. Buna cavab olaraq Tehran dünya enerji təchizatının təxminən beşdə birinin daşındığı Hörmüz boğazını bağlayıb.

Tehran və Vaşinqton arasındakı kövrək atəşkəsin iyun ayında pozulması gərginliyi daha da artırıb, genişmiqyaslı müharibə təhlükəsiylə bağlı narahatlıqları yenidən gündəmə gətirib və boğaz vasitəsilə yanacaq daşımalarına mənfi təsir göstərib.
Mənbələrdən birinin sözlərinə görə, Qırmızı dənizdə gəmiçiliyin dayandırılması texniki baxımdan çətin məsələ deyil.

Qırmızı dənizdə gəmiçiliyin dayandırılması nələrə səbəb ola bilər?

Hörmüz boğazının bağlanmasından sonra Fars körfəzindən ixrac olunan neftin əhəmiyyətli hissəsi Səudiyyə Ərəbistanının boru kəməri vasitəsilə Qırmızı dənizə yönləndirilib. Hazırda dünya enerji təchizatının təxminən 7 faizi bu marşrutla daşınır.

Qəzza müharibəsi zamanı husilər Qırmızı dənizdə ticarət gəmilərinə hücum etdikləri üçün iri gəmiçilik şirkətləri yüklərini Afrika ətrafından keçən daha uzun və baha marşrutla daşımağa məcbur olmuşdular.

Səudiyyə Ərəbistanı enerji ixracının təxminən 70 faizini Qırmızı dəniz sahilində yerləşən Yənbu limanı vasitəsilə həyata keçirir. Ona görə də bu limana mümkün hücumlar da qlobal neft bazarı üçün ciddi risk hesab olunur.

Regiondakı mənbələrdən birinin sözlərinə görə, Tehran Qırmızı dənizdəki gəmiçiliyi və bu marşrutla daşınan Səudiyyə neftinin ixracını hədəfə almaqla dünya iqtisadiyyatı üçün potensial itkiləri artırmağa və bununla da ABŞ-yə təzyiq etməyə çalışır. Mənbə bu yanaşmanı “İranın strateji düşüncəsinin” tərkib hissəsi adlandırıb.

O bildirib ki, boğazın bağlanması texniki baxımdan çətin deyil.
“Əlində tüfəng olan istənilən şəxs gəmiçiliyə mane ola bilər. Bunun üçün mürəkkəb raket sistemlərinə ehtiyac yoxdur”.

İran husiləri Livandakı “Hizbullah” qruplaşmasının və İraqdakı şiə silahlı qruplaşmalarının da daxil olduğu “Müqavimət oxu”nun tərkib hissəsi hesab edir. Artıq həmin qruplaşmalar Tehranla Vaşinqton arasındakı qarşıdurmada iştirak edirlər.

Amma husilər indiyədək münaqişəyə rəsmi şəkildə qoşulmayıblar. ABŞ İranı onlara “Hizbullah” vasitəsilə silah, maliyyə və hərbi hazırlıq dəstəyi göstərməkdə ittiham edir. Tehran bu ittihamları rədd edir.

“Politfm”