Rusiyalı milyarderlər kriptovalyuta və qızıl alışı vasitəsilə pullarını xaricə daşıyırlar (foto:Jiri Hera/”Zoonar”)
Rusiyanın ən varlı şəxsləri, o cümlədən Prezident Vladimir Putinə yaxın oliqarxlar iqtisadiyyat və bank sistemiylə bağlı risklərin artması, həmçinin kapitallarının dövlət tərəfindən müsadirə olunacağı qorxusuyla pullarını ölkədən çıxarmağı sürətləndiriblər.
Bu barədə “Bloomberg” Rusiyanın biznes elitasının altı nümayəndəsinə və milyarderlərə yaxın mənbələrə istinadən yazıb.
Mənbələrin sözlərinə görə, kapital axını son bir ildə, xüsusilə də son aylarda xeyli sürətlənib. Varlı rusiyalılar vəsaitlərini qorumaq üçün kriptovalyutaya və qızıla sərmayə yatırır, Yaxın Şərqdə yerləşən xarici aktivlərə və özəl investisiya fondlarına yatırım edirlər.
Agentliyin həmsöhbətləri bildiriblər ki, ilin əvvəlindən ölkədən çıxarılan vəsaitlərin həcmi on milyardlarla dollarla ölçülür. Milyarderlər pullarını əsasən Kipr, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və Səudiyyə Ərəbistanına, bəzi hallarda isə Afrika ölkələrinə yönəldirlər.
“Bloomberg” yazır ki, bu narahatlıqlar son illər Rusiyada aparılan genişmiqyaslı milliləşdirmələrdən sonra daha da güclənib. Mənbələrin məlumatına görə, ümumi dəyəri 4 trilyon rubl olan özəl aktivlər dövlət nəzarətinə keçib. 1990-cı illərdən bəri ən böyük mülkiyyət bölgüsü hesab olunan bu proses Kremlin tərəfdarı kimi tanınan bəzi “Forbes” milyarderlərinə də təsir edib.
Bu il Rusiyanın iri aqrar holdinqlərindən biri olan “Rusaqro” dövlətin nəzarətinə keçib. Şirkətin sahibi, “Forbes” jurnalının qiymətləndirməsinə görə 2,9 milyard dollar sərvətə malik Vadim Moşkoviç isə fırıldaqçılıq və rüşvət vermək ittihamıyla həbs olunub. Bundan əvvəl milyarder Konstantin Strukovun “Yujuralzoloto” şirkəti, Dmitri Kamenşikin isə Domodedovo hava limanı dövlət tərəfindən müsadirə edilib.
Məqalədə qeyd olunur ki, bu aktivlərin satılması dövlət büdcəsinə yüz milyardlarla rubl gəlir gətirib. Rusiyada büdcə kəsiri bu ilin ilk altı ayında təxminən 6 trilyon rubla çatıb.
“Bloomberg” xatırladır ki, Rusiya Mərkəzi Bankı artıq özəl kapital axınıyla bağlı rəsmi statistikanı açıqlamır. Tənzimləyicinin əvvəlki hesablamalarına görə, Ukraynaya qarşı müharibənin ilk ilində ölkədən 253 milyard dollar vəsait çıxarılıb ki, bu da ÜDM-in təxminən 13 faizinə bərabərdir və son onilliklərin rekord göstəricisidir.
“Politfm”



