Dünya su- kanalizasiya problemini necə həll edir- fəsadlar, təcrübələr, optimal yollar

 

Uzun illərdi ölkəmizdə “Azərbaycana qış yaraşmır”, “Azərbaycan qışa hazır deyil” kimi fikirlər hamının əzbərinə çevrilib. Çünki bir neçə saat aramsız yağış yağmağı kifayət edir ki, ölkə iflic vəziyyətə düşsün. Bu dəfə şiddətli yağış yaz vaxtına təsadüf etdi və son 2 gündə yüzlərlə ev yararsız vəziyyətə düşdü, yolları su basdı, avtomobillərə zərər dəydi, ölkə vətəndaşları ağır sınaqla üz-üzə qaldı.

Bugünə qədər su-kanalizasiya sistemlərinin yenilənməsi, yağış sularının idarə olunmasıyla bağlı müxtəlif sərəncamlar imzalanıb, yüzmilyonlarla manat vəsait ayrılıb. Amma hələ də problem həllini tapmır və hər dəfə daha ağır fəsadlar ortaya çıxır.

Əminliklə demək olar ki, bugün ölkənin əsas problemlərindən biri məhz kanalizasiya-drenaj sistemindəki bərbad vəziyyətdi. Faktiki olaraq ölkə insanı hər dəfə belə vəziyyət yarananda ciddi psixoloji-maddi zərbə alır.

 

Dünyada hansı model və metodlar tətbiq edilir?

 

Dünyada kanalizasiya və drenaj sistemlərinin qurulması ölkənin coğrafi mövqeyindən, iqlimindən və şəhərsalma modelindən asılı olaraq dəyişir.

Dünya ölkələri yağışın və selin fəsadlarından qorunmaq üçün həm nəhəng mühəndislik layihələrindən, həm də təbiətlə uyğunlaşan “ağıllı” texnologiyalardan istifadə edirlər.

İnkişaf etmiş ölkələrdə tullantı sularının idarə olunması üçün iki əsas yanaşma mövcuddur:

  1. Ayrı-ayrı Sistemlər (Separate Systems) Məişət tullantı suları (mətbəx, vanna otağı) və yağış suları fərqli borularla daşınır. Bu, təmizləyici qurğuların həddindən artıq yüklənməsinin qarşısını alır.
  2. Birləşmiş Sistemlər (Combined Systems): Həm kanalizasiya, həm də yağış suları eyni boru xətti ilə axır. Köhnə Avropa şəhərlərində (London, Paris) buna tez-tez rast gəlinir.

 

Çin və Sinqapur modeli

 

Çin və Sinqapur kimi ölkələrdə problemin həlli kimi betonlaşmanı azaltmaq modelinə üstünlük verilib. Yağış suyunu dərhal kanalizasiyaya axıtmaq əvəzinə, onu yerindəcə “udan” şəhərlər salırlar. Yağış suyu betonun üzərində qalmır, birbaşa torpağa süzülür.

Çində binaların üzəri bitkilərlə örtülür ki, bu da yağış sularının sürətini azaldır və bir hissəsini saxlayır. Çin həm də süni parklar və bataqlıqlar yaradır. Su bu sahələrdə toplanır, təbii yolla təmizlənir və yeraltı suları zənginləşdirir.

Sinqapurda kanalizasiya suyu o dərəcədə təmizlənir ki, birbaşa içməli su şəbəkəsinə qaytarılır. Onlar bunu “Əks Osmos” texnologiyası ilə edirlər. Bu, suyun molekulyar səviyyədə süzülməsidir.

 

 

Yaponiya təcrübəsi

Tokio, dünyanın ən böyük yeraltı drenaj sisteminə sahibdir. Şəhərin altında nəhəng sütunlardan ibarət yeraltı məbədi xatırladan rezervuarlar var. Güclü yağışlar zamanı su bu tunellərə dolur və nəhəng nasoslar vasitəsilə

təhlükəsiz şəkildə Edo çayına ötürülür.

​Bu sistem saniyədə yüzlərlə ton suyu şəhərdən kənarlaşdırmağa qadirdir.

 

Niderland nümunəsi

Niderland ərazisinin böyük hissəsi dəniz səviyyəsindən aşağıda yerləşir. Onlar su ilə mübarizə aparmaq deyil, onunla birgə yaşamaq fəlsəfəsini seçiblər:

Niderlandda “Üzən evlər” sistemi qurulub. Su səviyyəsi qalxdıqda evlər də onunla birgə qalxır. Çayların ətrafındakı bəndlər geri çəkilərək suyun yayılması üçün geniş təbii sahələr (polderlər) yaradılır.

İtaliya nümunəsi

Venesiya şəhərini su basmaqdan qorumaq üçün dənizin girişində 78 hərəkətli metal baryer quraşdırılıb. Qabarma və ya fırtına zamanı bu baryerlər hava ilə dolaraq suyun üzünə qalxır və dəniz suyunun şəhərə girməsinin qarşısını kəsir.

Avstriya nümunəsi

 

Vyana şəhəri Dunay çayının daşmasından qorunmaq üçün “Yeni Dunay” adlı paralel kanal yaradıb. Normal vaxtlarda bu kanal istirahət zonası olsa da, sel təhlükəsi yarandıqda bütün artıq su bura yönləndirilir.

 

 

London nümunəsi

 

Londonda uzun müddət bu problemlərin həlli üçün böyük tunellərdən istifadə olunub. Amma şəhər əhalisi artdığı üçün​təkcə böyük tunellərə deyil, həm də Dayanıqlı Drenaj Sistemlərinə üstünlük verilib. Yağış suyunun birbaşa kanalizasiyaya getməməsi üçün binaların damlarında və küçələrdə suyu özünə çəkən yaşıl sahələr yaradılır. Yeni piyada yolları və dayanacaqlar suyu torpağa sızdıran xüsusi materiallardan hazırlanır. Şəhərin kənar rayonlarında (Outer London) yağış suları və məişət tullantı suları üçün ayrı-ayrı boru xətləri mövcuddur.

 

Göründüyü kimi müasir şəhərsalmada artıq suyu sadəcə borularla kənarlaşdırmaq yox, onu idarə etmək ön plana çıxıb. Bir çox ölkələrdə boruların daxilinə sensorlar yerləşdirilir. Bu sensorlar tıxanma və sızma barədə mərkəzi sistemə məlumat verir. Hətta İsveçrə kimi ölkələrdə kanalizasiya sistemindəki suyun istiliyindən binaların qızdırılmasında   istifadə olunur.

 

Azərbaycan üçün çıxış yolu nədir?

 

Bəzi ekspertlər hesab edir ki, Bakı və Abşeron  üçün tək bir metod deyil, hibrid  yanaşma daha effektiv ola bilər. Məsələn, həm Yaponiya, həm də Çin modelinin kombinasiyası təklif olunur.  Yəni, Bakının relyefi, torpaq quruluşu və mövcud infrastruktur problemə spesfik yanaşma tələb edir.

Mütəxəssislər bildirir ki, Bakının əksər hissəsi asfalt və betonla örtüldüyü üçün yağış suyu torpağa sıza bilmir. Ona görə də yol kənarlarında suyu udmaq üçüb yaşıl zolaqların salınması təklif olunur.

Bakının bəzi rayonları dəniz səviyyəsindən aşağıda, çökəklikdə yerləşir. Bir çox mütəxəssislər hesab edir ki, kollektorlar genişləndirilməli və Yaponiyada olduğu kimi yağış suyu sistemiylə kanalizasiya sistemi tamamilə ayrılmalıdır.

Əsas təkliflər bundan ibarətdir ki, şəhərin strateji nöqtələrində yağış suyunu müvəqqəti toolayan beton rezervuarlar tikilməlidir.

Bəzi mütəxəssislər təklif edir ki, Abşeronda keçmişdə drenaj rolunu oynamış çoxlu sayda təbii göllər var (Böyükşor, Xocəsən və.s) və onlardan indi də yararlanmaq olar. Belə ki, bu göllərin ətrafını təmizləməklə vahid su sisteminə qoşmaq olar və bu da sel risqini azaltmış olar.

 

Real vəziyyətə bir daha nəzər salaq

 

  1. Paytaxtın mərkəzi hissələrindəki xətlərin böyük bir qismi Sovet dövründən qalıb. Bu boruların istismar müddəti çoxdan bitib və onlar müasir yükü daşımaq iqtidarında deyil.
  2. Bakının “tikinti bumu” zamanı yeni çoxmərtəbəli binalar köhnə xətlərə qoşuldu. Şəhərin əhalisi artsa da, yeraltı infrastruktur eyni sürətlə yenilənmədi.3. Ən böyük problemlərdən biri yağış suları üçün ayrıca drenaj sisteminin olmamasıdır. Güclü yağış yağarkən həm məişət tullantıları, həm də yağış suları eyni boruya dolur, nəticədə sistem daşır.
  3. Yarımadanın bəzi hissələri dəniz səviyyəsindən aşağıdadır. Bu da suların təbii axınını çətinləşdirir və nasos stansiyalarına olan asılılığı artırır.

​5.  Təmizləyici qurğuların çatışmazlığı səbəbindən bir çox hallarda tullantı suları birbaşa Xəzərə axıdılır. Bu, dəniz ekosisteminə və çimərliklərin vəziyyətinə mənfi təsir edir.

  1. Kanalizasiya sızıntıları asfalt örtüyünü altdan yuyur, bu da yollarda çökmələrə və qəzalara səbəb olur.
  2. Yay aylarında bəzi qəsəbələrdə açıq kanalizasiya kanalları kəskin qoxuya və xəstəlik yayan həşəratların çoxalmasına yol açır.Politfm.com