Türkiyədə baş verənlər dünyada avtoritarizmin vüsət almasının göstəricisidir. Dünyada baş verən kataklizmlər, böhranlar, iqtisadi dalğalanmalar – hamısı ilk növbədə böyük dövlətlərin, dünya güclərinin hərəkətlənmələrinin nəticəsində yaranır. Donald Trampın hakimiyyətə gəlməsi də avtoritar rejimlərin boy göstərməsinə səbəb olmaqdadır. Əslində, bu gün baş verənlər həm də avtoritarizmlə demokratiyanın mübarizəsi kimi qiymətləndirilə bilər. Əllərində böyük maliyyə vəsaitləri və hakimiyyət olan bir qrup insan ənənəvi idarəetməni öz istək və arzularına uyğun dizayn etməklə daha çox hakimiyyətə və daha çox maliyyə resurslarına sahiblənməyə can atırlar. Ən qəribəsi isə odur ki, demokratiya olmasaydı, bu insanlar hakimiyyətə gələ bilməzdilər.

Amma siyasət çoxtərəfli hadisədir və onun bütün tərəflərini eyni anda görmək mümkün deyil. Elə ABŞ idarəetməsini dağıtmaqda olan Elon Maskın başına gələnlər də bunu təsdiqləməkdədir. Bu günlərdə baş verənlərə diqqət yetirmək kifayətdir. Məsələn, almanların 94%-i Maskın avtomobillərini almayacaqlarını deyirlər. Alman nəşri T-Online tərəfindən aparılan yeni araşdırmada 100.000-ə yaxın oxucu iştirak edib. Respondentlərin 94 faizi heç vaxt Tesla almayacaqlarını bildiriblər, çünki onlar düşünürlər ki, Elon Mask təhlükəli ifrat sağçı olmaqla yanaşı, həm də uğursuz biridir.

Başqa bir hadisə isə Las-Veqasda yaşanıb. Maskın öyündüyü Tesla avtomobilləri insanlar tərəfindən yandırılıb. Milyarderin baş verənlərlə bağlı öz versiyası var: “Onlar Teslaya zərər vermək istəyirlər, çünki biz hökumətdəki dəhşətli israfı və korrupsiyanı dayandırırıq. Onlar pis adamlardır. Pis insanlar pis işlər görürlər”.

Bu nümunələr göstərir ki, siyasətin iqtisadi və siyasi tərəfləri ilə yanaşı, sosial-psixoloji çalarları da var və bəzən bu, digərlərindən daha güclü olur. Çox güman ki, Türkiyədə baş verənlər də əks-effekt verəcək. Bir şeir deməyə görə həbs olunan və bundan sonra siyasi fiqur kimi parlayan Ərdoğan bunu hamıdan yaxşı bilməlidir…

Dadaş Əhmədli