Foto: “Reuters”
Pakistanın keçmiş baş naziri İmran Xanın cümə gününə keçən gecə qısa müddətə xəstəxanaya aparılması və həkimlər səhhətinin qənaətbəxş olduğunu bildirəndən sonra yenidən həbsxanaya qaytarılması onun tərəfdarlarını qəzəbləndirib. Xanın rəhbərlik etdiyi “Pakistan Təhrik-i-İnsaf” (PTI) partiyası bunu məhkəmə qərarının pozulması kimi qiymətləndirib. Sentyabrın 27-nə təyin olunmuş aksiya ölkədə yeni etiraz dalğasının başlamasıyla nəticələnə çıxara bilərmi?
Ali Məhkəmə avqustun 18-də qərar çıxarmışdı ki, Xan 48 saat ərzində İslamabaddakı “Şifa International Hospital”-a köçürülsün və müalicəsi ilə məşğul olacaq həkim heyətinə şəxsi həkimi də daxil edilsin.
Xəstəxanada onun yanında olmuş bacısı Uzma Xan bildirib ki, bir gözündə sarğı olsa da, vəziyyəti ümumən sabit görünüb. Uzma Xanın sözlərinə görə, qardaşı həbsxanada dəfələrlə işgəncəyə məruz qaldığını deyib.
Xanın vəkilləri onun həbsdə səhhətinin pisləşdiyini və sağ gözünün görmə qabiliyyətinin xeyli azaldığını bildirirlər. Hökumət isə tibbi müayinələrin təcili müalicə tələb edən hər hansı problem aşkarlamadığını deyir.
Xan xəstəxanaya aparılan gecə tərəfdarları İslamabad küçələrinə çıxaraq onun olduğu güman edilən avtomobili güllərlə qarşılayıblar.
PTI-nin idarə etdiyi Xayber-Paxtunxva əyalətinin baş naziri Sohail Afridi baş verənlərin hakimiyyət üzərində təzyiqi daha da artıracağını bildirib. Onun sözlərinə görə, sentyabrın 27-nə planlaşdırılan etiraz yürüşünə hazırlıq artıq sürətləndirilib.
Kriket qəhrəmanı sisteminin ən təhlükəli rəqibinə necə çevrildi?
İmran Xanın populyarlığının kökü siyasətə gəlməsindən xeyli əvvələ – Pakistanın kollektiv yaddaşında milli qəhrəman statusu qazandığı illərə gedib çıxır.
1952-ci ildə Lahorda imkanlı puştun ailəsində doğulan Xan Pakistanın elitasının
nümayəndələrinə məxsus təhsil alıb, daha sonra Oksford Universitetində fəlsəfə, siyasət və iqtisadiyyat öyrənib. Gənclik illərində Britaniyanın yüksək cəmiyyətinə daxil olan, London mətbuatında dünyəvi həyat tərzi sürən biri kimi təsvir edilən Xan uzun müddət beynəlxalq səviyyəli kriket ulduzu kimi tanınıb.
Kapitanı olduğu Pakistan yığması 1992-ci ildə kriket üzrə Dünya Kubokunu qazanıb. Bu, yığmanın ölkə tarixində ilk və hələ ki son qələbəsidir. Kriketin az qala milli din səviyyəsində sevildiyi Pakistanda bu qələbə Xanı adi idmançıdan milli mifologiyanın bir parçaına çevirib. O, siyasi karyerasında da bu obrazını qoruyub saxlamağa çalışıb: məğlub görünən vəziyyətdə də mübarizəni davam etdirən və sonda qalib gələn lider.
İdmandan ayrılandan sonra Xanın imicində ikinci mühüm dönüş baş verib. Anası xərçəng xəstəliyindən vəfat edəndən sonra Lahorda onun adını daşıyan Şövkət Xanım Memorial Xərçəng Xəstəxanasını yaratmaq üçün kampaniya apardı. Bu layihə Xanın “varlı və məşhur idmançı” obrazına xeyriyyəçi və ictimaiyyətə xidmət göstərən şəxs obrazını əlavə etdi. Sonradan siyasətdə istifadə etdiyi əsas tezislərdən biri məhz bu olub: dövlət varlı təbəqənin əldə edə bildiyi səhiyyə, təhsil və sosial trifah imkanlarını kasıblar üçün də təmin etməlidir.
1996-cı ildə yaratdığı “Pakistan Təhrik-i-İnsaf” – Ədalət Uğrunda Pakistan Hərəkatı ilk illərdə ciddi siyasi qüvvə deyildi. Xanın şəxsi şöhrətinə baxmayaraq partiya təxminən 17 il siyasət meydanının periferiyasında qaldı və parlamentdə, demək olar ki, təmsil olunmadı. Amma bu uğursuz illər sonradan onun anti-sistem imicinin bir hissəsinə çevrildi: Xan özünü Pakistanın iki böyük siyasi sülaləsinə – Şəriflər və Bhuttolar ailələrinə qarşı təkbaşına mübarizə aparan autsayder kimi tanıtdı.
Dünyəvi həyatdan sufiliyə
2011-ci ildən etibarən vəziyyət dəyişməyə başladı. Korrupsiyadan, elektrik böhranından, işsizlikdən və ənənəvi partiyalardan bezmiş orta təbəqə və gənclər onun keçirdiyi aksiyalara axışmağa başladılar. Təhsilli pakistanlı mühacirlər, aktyorlar, musiqiçilər və yeni seçicilər PTI ətrafında toplandı. Xan siyasətin köhnə patronaj sisteminə aid olmayan, dövlət institutlarını korrupsiyadan təmizləməyi vəd edən lider kimi populyarlaşdı.
Amma onun siyasi kimliyinin ən maraqlı tərəfi “qərbyönlü” şəxsi həyatdan dini-siyasi ritorikaya kəskin keçididir. Londonda kosmopolit həyat tərziylə tanınan keçmiş kriketçi zaman keçdikcə sufiliyə və islamın sosial ədalət ideyasına istinad etməyə başladı. Deyilənə görə, üçüncü həyat yoldaşı Büşra Bibi ilə tanışlığı da dini-mistik çevrələrlə əlaqələrindən qaynaqlanıb.
Erkən islam dövründəki Mədinə dövlətindən ilhamlanan Xan hakimiyyətə gələndən sonra Pakistanı sosial dövlətə çevirmək istədiyini deyirdi. Onun təsvir etdiyi model həm islamçı, həm də sosial-populist elementləri birləşdirirdi: güclü sosial təminat, korrupsiyasız hakimiyyət, varlılarla kasıblar arasında fərqin azaldılması.
Bu ritorika ona eyni anda iki müxtəlif auditoriyaya müraciət etməyə imkan verdi. Şəhərli, təhsilli gənclər onu köhnə siyasi sinfə qarşı olan modern islahatçı kimi görürdülər; daha konservativ seçicilərsə Xanı Qərbdə yaşamış, sonradan islam dəyərlərini siyasi proqramının mərkəzinə gətirmiş lideri olaraq qəbul edirdilər.
Xanın siyasi gücünün digər mühüm mənbəyi son dərəcə personal rəhbərliyidir.L ider ətrafında qurulmuş PTI -nin siyasi “məhsulu” uzun müddətdir ki, məhz İmran Xanın özüdür – onun reputasiyası, şəxsi mübarizə hekayəsi və “mən korrupsioner sistemə qarşıyam” mesajı.
Bu xüsusiyyəti onun həm də zəif tərəfidir. Xan kompromisə və koalisiyalara meyilli siyasətçisi kimi tanınmır. O, çox vaxt siyasi rəqiblərini alternativ qüvvə olaraq yox, korrupsiyalaşmış düşərgənin nümayəndələri kimi təqdim edir. Elə baş baş nazir olduğu illərdə apardığı antikorrupsiya kampaniyası da opponentlərini sıradan çıxarmaq vasitəsi kimi qiymətləndirilirdiə
Orduya qarşı və orduyla
2018-ci ildə hakimiyyətə gəlməsi Xanın siyasi karyerasındakı ən böyük paradokslardan biri oldu. Uzun illər sistemə qarşı siyasətçi kimi çıxış edən Xan məhz sistemin ən güclü institututlarından biriylə – orduyla münasibətləri yaxşı olduğu dövrdə hakimiyyətə gəldi.
2018-ci ildəki parlament seçkilərində rəqibləri hərbi rəhbərliyin ona üstünlük verdiyini iddia etdilər, amma ordu siyasi prosesə müdaxilə ittihamını rədd etdi. Hakimiyyətinin ilk illərində Xanla hərbi rəhbərlik arasındakı münasibətlər o qədər yaxın görünürdü ki, ölkənin siyasi leksikonunda bu idarəçilik modeli mülki və hərbi hakimiyyətin “eyni səhifədə” olması kimi təsvir olunurdu.
Ancaq Pakistan siyasətində hakimiyyət üçün ən təhlükəli sərhəd məhz bu nöqtədən keçir. 1947-ci ildən sonrakı dövrün böyük hissəsində ordu ya ölkəni birbaşa idarə edib, ya da mülki hökumətlərə təsirini saxlayıb. Həm də bunun nəticəsidir ki, Pakistanın heç bir seçilmiş baş naziri beşillik hakimiyyət müddətini başa çatdıra bilməyib.
Xanla ordu arasındakı ittifaq da davamlı olmadı. Xüsusilə də yüksək səviyyəli hərbi təyinatlarla bağlı ordunun ovaxtkı rəhbəri Qamar Caved Bacva ilə münasibətləri pisləşdi. 2022-ci ilin aprelində parlamentdə etimadsızlıq səsverməsi keçirib onu hakimiyyətdən uzaqlaşdırdılar. Sonradan Xan bunu hərbi rəhbərliyin və xarici qüvvələrin iştirak etdiyi siyasi əməliyyat adlandırdı. Amma həm Pakistan ordusu, həm də ABŞ onun ittihamlarını rədd etdi.
“Sistemin qurbanı”
Xanı əvvəlkindən daha təhlükəli rəqibə çevirən əsas faktor elə devrilməsi oldu. O, baş nazir kimi dövlətin daxilində fəaliyyət göstərən siyasətçi idi. Hakimiyyətdən uzaqlaşdırılandan sonra isə özünü “xalqın əleyhinə olan sistemin qurbanı” kimi təqdim etməyə başladı.
Bu obraz 2023-cü ilin mayında – ilk həbsindən sonra daha da gücləndi. Xanın saxlanılması ölkə boyunca etirazlara səbəb oldu. Tərəfdarları Lahordakı korpus komandirinin iqamətgahına və bir sıra hərbi obyektlərə daxil oldular. Ordunun uzun müddət toxunulmaz institut sayıldığı Pakistan kimi ölkədə bu, siyasi baxımdan fövqəladə hadisə idi. Xanın rəhbərlik etdiyi hərəkat artıq ənənəvi siyasi partiyalarla yox, birbaşa hərbi isteblişmentlə qarşıdurmaya getdi.
2024-cü ildəki seçkilər göstərdi ki, Xanın həbsi onun siyasi proseslərə təsirini azaltmayıb. PTI seçkidən uzaqlaşdırılsa da, partiyanın seçkiyə müstəqil şəkildə qatılan və Xan tərəfindən dəstəklənən namizədləri Milli Assambleyada bütün digər siyasi qüvvələrdən daha çox yer qazandılar. Amma onlar hökumət qurmağa yetəcək sayda deyildilər deyə, koalisiya yardan rəqib partiyalar hakimiyyətə gəldilər. Amma seçkinin nəticələri Xanın hətta həbsxanadan da böyük seçici kütləsini səfərbər etmək qabiliyyətini nümayiş etdirdi.
Xanın həbsxanaya qaytarılması küçə etirazlarını yenidən alovlandıra bilərmi?
Bu hadisənin kütləvi səfərbərlik yaratmaq potensialı yüksəkdir, çünki PTI-nin üç əsas narrativini birləşdirir: Xanın siyasi motivlərlə həbs edilməsi iddiasını, dövlət institutlarının ona qarşı istifadə olunması fikrini və artıq onun fiziki sağlamlığının da təhlükə altında olması təsəvvürünü.
Siyasi mobilizasiya baxımından sonuncusu xüsusilə həssas məqamdır. Liderin həbsdə olması bir reallıqdırsa, tərəfdarlarının onun həbsdə işgəncəyə məruz qalmasına və ya tibbi yardımdan məhrum edilməsinə inanması tamam başqa emosional səviyyə yaradır.
Doğrudur, Xanın ailəsinin işgəncə barədə iddiaları müstəqil şəkildə təsdiqlənməyib, hökumət onun təcili tibbi yardıma ehtiyacı olmadığını bildirir. Amma kütlənin davranışını təkcə sübut olunmuş faktlar müəyyənləşdirmir, əsas məsələ tərəfdarların iddiaları nə dərəcədə ciddi qəbul etməsidir.
Üstəlik, bununla bağlı real presedent də var. 2023-cü ildəki kütləvi iğtişaşlardan sonra başlamış sərt repressiyalar PTI-nin təşkilati strukturunu zəiflətsə də, 2024-cü il seçkilərinin nəticələri partiyanın elektoratının dağılmadığını göstərdi.
Amma indi vəziyyət fərqlidir. Hindistanla 2025-ci ildəki hərbi qarşıdurmadan sonra ordunun rəhbəri Asim Munirin mövqeyi xeyli güclənib. “Gallup”-ın Pakistanda keçirdiyi sorğu həmin qarşıdurmadan sonra ordunun nüfuzunun xeyli yüksəldiyini göstərilib.
Bundan başqa, PTI-dən kompromis siqnalları gəlir. Məsələn, Xanın yaxın adamlarından olan Zülfi Buxari “Reuters”-ə amıqlamasında deyib ki, o azad edilərsə, Munirlə qarşıdurmaya getməyəcək. Ancaq burda ciddi ölçüdə qeyri-müəyyənlik var: uzun müddətdir cəmiyyətdən təcrid olunmuş Xanın özünün yumşalma xəttini dəstəkləyib-dəstəkləmədiyi məlum deyil.
Ona görə də yaxın dövr üçün ən real ssenari birdən-birə və nəzarətsiz ümummilli üsyan yox, mərhələli küçə səfərbərliyi ola bilər: əvvəlcə xəstəxana və məhkəmə qərarının icrası edilməməsi pronlemləriylə bağlı aksiyalar, ardınca sentyabrın 27-də planlaşdırılan ümummilli yürüş və yalnız hakimiyyətin reaksiyasından asılı olaraq daha geniş qarşıdurma.
Riski kəskin artıra biləcək məqamlar da var. Xanın səhhətinin həqiqətən pisləşməsi, ailəsi və şəxsi həkimi ilə əlaqəsinin yenidən məhdudlaşdırılması, Ali Məhkəmənin qərarının yerinə yetirilməməsi barədə hökumətin yeni addımları və ya PTI aksiyalarına qarşı sərt güc tətbiq edilməsi tərəfdarların kütləvi şəkildə küçəyə çıxması üçün güclü katalizator ola bilər.
“Politfm”



