Bakı ərazisinin cəmi 1-5 faizində yaşıllıq olduğu bildirilir (foto: internet)


 

Son illərdə Azərbaycanda, xüsusilə Bakıda ağacların kəsilməsi, parkların azalması və şəhərin sürətlə betonlaşmasıyla bağlı narazılıqlar artıb. Sosial şəbəkələrdə paylaşılan şəkillərdə tez-tez eyni mənzərəni görmək olur: bir vaxtlar ağaclıq olan ərazi hasarlanır, bir neçə həftə sonra isə yerində tikinti başlayır.

Bu narazılıqlar sadəcə emosional reaksiya deyil. Rəqəmlər göstərir ki, Azərbaycan onsuz da meşə ehtiyatı məhdud olan ölkələrdən biridir və belə vəziyyətdə hər ağac itkisi daha ağır nəticələr yaradır.

Azərbaycan meşəlik baxımından kasıb olan ölkələrdən biridir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, ölkə ərazisinin cəmi 11,8 faizində meşə örtüyü var. Bu göstərici dünya ortalamasından xeyli aşağıdır.

Mütəxəssislər bildirirlər ki, adambaşına düşən meşə sahəsinə görə də Azərbaycan bir çox ölkədən geri qalır. Bu isə ölkədəki hər yaşıllıq sahəsinin ekoloji əhəmiyyətini daha da artırır.
Keçmiş dövrə aid məlumatlara görə, XVIII–XIX əsrlərdə indiki Azərbaycan ərazisinin təxminən 30–35 faizi meşələrlə örtülü olub. Bu gün isə həmin göstərici təxminən üç dəfə azalıb.
Bu, təkcə təbiət problemi deyil. Meşələr havanın keyfiyyətinə, temperatur balansına, su ehtiyatlarına, torpaq eroziyasına və insan sağlamlığına birbaşa təsir edir.

Bakıda isitlər niyə daha isti hiss olunur?

Ekoloji normalara görə, şəhər ərazisinin 25-40 faizi yaşıllıq olmalıdır, amma Bakıda bu göstərici müxtəlif hesablamalara görə təxminən 1–5 faiz aralığındadır. İnkişaf etmiş ölkələrdə isə şəhər ərazilərinin 20, 30, 40, hətta 50 faizi yaşıllıqdır.

Bakıda temperaturun daha yüksək həddə hiss olunması həm də bundan qaynaqlanır. Paytaxt sakinlərinin son illərdə ən çox şikayət etdiyi məsələlərdən biri məhz budur – yay aylarında istilərin daha yandırıcı olması. Ekoloqlar bunu “istilik adası effekti” ilə izah edirlər. Ağac və yaşıllıq azaldıqca, asfalt, beton və şüşə binalar günəş istiliyini daha çox saxlayır və şəhər hətta gecə də soyumur.

Nəticədə insanlar kölgəsiz və tozlu küçələrdə ağır hava və nəfəs darlığı problemləriylə üzləşir. Sosial şəbəkələrdə tez-tez “Bakı küçələri betonlanır”, “Yaşıllığın yerində bina tikirlər”, “Şəhərdə kölgə qalmayıb” kimi şikayətlər yazılır.

7 gündə 133 min manatlıq ziyan

Son illərdə ölkənin müxtəlif bölgələrində ağacların kəsilməsi ilə bağlı qalmaqallı hadisələr çox olub. Onların böyük əksəriyyəti tikinti, yol genişləndirilməsi və kommersiya layihələri ilə bağlıdır.

Xüsusilə “Ağ Şəhər”, Yasamal, Xətai və Binəqədi rayonlarında sakinlər ağacların gecə saatlarında kəsildiyini və yerində tikinti işlərinin başladığını iddia edirlər. Sosial şəbəkələrdə yayılan görüntülər geniş müzakirə doğurur.

2025-ci ildə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti Bakı və Abşeron ərazisində bir neçə böyük qanunsuz ağackəsmə faktı aşkarlayıb. Rəsmi məlumata görə, Xətai rayonunda, Sumqayıt-Novxanı yolunda, Masazır və digər ərazilərdə yaşıllıqların məhv edilməsi nəticəsində təbiətə 117 min manatdan çox ziyan dəyib.

2026-cı ilin aprel ayında – cəmi bir həftə ərzində Bakı, Sumqayıt, Abşeron, Qax və Oğuz rayonlarında qanunsuz ağackəsmə nəticəsində 133 min manatdan çox ziyan vurulduğu bildirilib.

Meşəbərpa işləri problemi həll edəcəkmi?

Rəsmi statistikaya görə, Azərbaycanda hər il minlərlə hektar ərazidə meşəbərpa işləri aparılır. 2024-cü ildə 7520 hektarda, 2025-ci ildə isə 7381 hektarda meşəbərpa tədbirləri həyata keçirilib.

Lakin ekoloqlar qeyd edirlər ki, onilliklər ərzində böyümüş böyük ağacın ekoloji təsiri ilə yeni əkilən tingin təsiri eyni deyil. Yeni ağacların tam formalaşması illər tələb edir.
Nəzərə alsaq ki, ölkənin ümumi ərazisi təxminən 8,66 milyon hektardır və meşə örtüyü müxtəlif mənbələrə görə hazırda təxminən 12-14 faiz (1,2 milyon hektar) səviyyəsindədir, deməli, Azərbaycan ərazisinin yenidən 30 faizinin meşəylə örtülməsinə indiki templə təxminən 180–190 il lazım gələr.

Amma bu, yalnız nəzəri hesablamadır. Reallıqda müddət daha uzun ola bilər, çünki hər əkilən ting tutmur, quraqlıq, su çatışmazlığı, yanğınlar və torpaq eroziyası itkilər yaradır. Yəni statistik meşəbərpa heç də həmişə yeni meşə sahəsi demək deyil. Bu baxımdan indiki meşəbərpa işlərinin ciddi ölçüdə keyfiyyət dəyişikliyi yaradacağı sual altındadır.

“Politfm”