Ölkədə əməkhaqqı artımları olub. Amma orta statistik işçinin yox, elitar qrupun maaşları artırılıb.
Sosial sferada olan artımlar istənilən halda yaxşıdır, amma onlar təkcə səmərəlilik prinsipinə yox, həm də ədalətlilik və humanizm dəyərlərinə söykənməlidir. Bu ikisi fundamental dəyərlərdir, sosial siyasətin məhək daşlarıdır.
Əməkhaqqı artımıyla bağlı son fərmanlar həssas sosial qrupların yox, məhz dövlət sektorunda çalışanların maaşlarını əhatə etdi. Bəzi rəqəmlərə istinadən real vəziyyəti təsvir etməyə çalışacam ki, siz də düşünün, dövlət məmuarları da…
Əvvəla, qeyd edim ki, bu fərmanın müsbət tərəfi o olacaq ki, dövlət büdcəsi hesabına ödənilən həm kollektiv, həm də fərdi mükafatlar tamamilə aradan qaldırılacaq. Əlavələrin və mükafatların ləğvi maaşlara vahid yanaşmaya imkan verəcək.
Büdcə sənədlərin təhlili göstərir ki, bəzən real gəlirlərin 1\3-i mükafat fondu və əlavələr hesabına formalaşırdı. Bu subyektiv yanaşma büdcə vəsaitlərinin səmərəsiz xərclənməsinə yol açılırdı.
Gəlin, dövlət sektorunda artımın sosial təsirlərini təhlil edək.
Əvvəla, qeyd edim ki, ölkəmizdə muzdla çalışan 1,7 milyon nəfərin təxminən 860 min nəfəri dövlət sektorunda çalışır. Dövlət qulluqçularının sayı isə 27 min nəfərdir. Bu sektorda orta aylıq əməkhaqqı səviyyəsi 1970 manatdır (DSK-nın məlumatı). Son fərmanla onların real gəlirləri daha da artacaq.
Hökumətin başqa bir hesabatına (DSMF, 2026-cı ilin 1 mart tarixinə olan məlumat) görə, ölkəmizdə orta aylıq əməkhaqqı 1103 manat, orta aylıq pensiya 593 manat, yaşa görə orta aylıq pensiya isə 632 manat təşkil edir.
Çox aydın şəkildə görmək olur ki, ölkədə əhali qrupları arasında böyük gəlir fərqləri var. Orta təbəqə “əriyir”, sosial sülhün itdiyi “bufer zona” yaranır.
Prezidentin fərmanından irəli gələn daha bir məqam budur ki, dövlət qulluqçularının həm də pensiyası artmış oldu. Deməli, həm dövlət qulluqçuları üçün, həm də həmin statusda pensiyaya çıxanlar üçün dövlət büdcəsindən daha çox vəsait ayrılacaq.
Adi yol polisi müfəttişi təqaüdə çıxanda 50 il müəllim və ya həkim işləmiş şəxslərin pensiyasından dəfələrlə artıq pensiya alır. Hansı ölkədə yüksək pensiya hüququ əldə edən məmurun (10 min manatın üzərində) pensiya məbləği ölkədə orta pensiya məbləğindən (593 manat) 15-20 dəfə fərq var?
Sosial siyasət alətləri bu fərqi azaltmaq əvəzinə, daha da artırır.
2026-cı ilin dövlət büdcəsi ötən illə müqayisədə cəmi 0,6 faiz böyüyəcəyi halda, dövlət qulluqçularının maaşları bundan dəfələrlə çox artırılırsa, bunu obrazlı şəkildə belə demək olar: büdcə profisiti TISBAĞA, dövlət qulluqçularının maaşları isə CEYRAN sürətiylə artır.
Məmməd Talıblı



