Çin iqtisadiyyatının 2030-cu ilə qədər 175 trilyon yuana (təxminən 25,39 trilyon dollara) çatacağı proqnozlaşdırılır.
Bu barədə ölkənin Baş naziri Li Tsyan Çin İnkişaf Forumunun açılış mərasimində bildirib. Baş nazir qeyd edib ki, 2026–2030-cu illəri əhatə edən 15-ci beşillik plan çərçivəsində illik ÜDM-in 30 trilyon yuandan çox artması nəzərdə tutulur.
2023-cü ilin sonunda Çin iqtisadiyyatı təxminən 126 trilyon yuan səviyyəsində idi, 2025-ci ildə isə 140 trilyon yuana çatıb.
175 trilyon yuanlıq həddə çatmaq üçün iqtisadiyyatın həm real artımı, həm də inflyasiya (nominal artım) nəzərə alınmaqla, ciddi bir sıçrayış lazımdır və bu, Çin üçün real hədəfdir.
Analitiklər Çinin 2026-cı il üçün real artım hədəfini 4.5% – 5% civarında proqnozlaşdırırlar.
“Goldman Sachs” və İMF kimi beynəlxalq maliyyə qurumlarının 2026-cı il üzrə proqnozları Çinin dollar ifadəsində də böyüməyə davam edəcəyini göstərir.
Çin iqtisadiyyatının sıçrayışı dünya iqtisadiyyatına nə vəd edir?
Ekspertlər hesab edir ki, Çin iqtisadiyyatının 175 trilyon yuanlıq (təxminən 24-25 trilyon dollar) səviyyəyə çatması həm rəqəmsal göstərici, həm də qlobal iqtisadi nizamın gələcəyi baxımından olduqca ciddi mesajdır.
2026-cı il üçün hədəflənən bu səviyyə Çini dünyanın ikinci ən böyük nominal iqtisadiyyatı kimi möhkəmləndirməklə yanaşı, yeni “keyfiyyətli artım” mərhələsinə keçidini simvolizə edir.
Çin hazırda qlobal iqtisadi artımın təxminən 30%-ni təkbaşına təmin edir. İqtisadiyyatın 175 trilyon yuana yüksəlməsi o deməkdir ki, hətta artım sürəti 4-5% aralığına ensə belə, hər il əlavə olunan real həcm (təxminən 6-7 trilyon yuan) orta ölçüdə inkişaf etmiş hər hansı ölkənin illik ÜDM-inə bərabərdir. Bu, dünya bazarlarında tələbatın sabit qalması üçün əsas zəmanətdir.
Çin hökumətinin proqnozlarına görə, yaxın illərdə ölkənin xidmət sektoru 100 trilyon yuanı ötəcək. Bu, Çinin artıq “dünyanın bazarı”na çevrildiyini təsdiqləyir.
Ekspertlər hesab edirlər ki, qarşıdakı dövrdə çinli turistlərin və rəqəmsal xidmət istehlakçılarının qlobal xidmət sektoruna təsiri artacaq.
175 trilyon yuanlıq iqtisadiyyatın daxili strukturu kəmiyyətdən keyfiyyətə doğru dəyişir. Çin artıq aşağı texnologiyalı mallardan daha çox, elektrikli avtomobillər (EV), litium batareyalar və günəş panelləri kimi keyfiyyət göstəriciləriylə önə çıxmağı planlayır.
Çin iqtisadiyyatının genişlənməsi və ixracatının (xüsusilə də yüksək texnologiyalı ucuz məhsulların ixracatının) artması qlobal bazarlarda qiymət sabitliyinə kömək edir. Çin malları bir növ dünya üçün “inflyasiya əleyhinə filtr” rolunu oynayır.
Bəzi iqtisadçılar hesab edirlər ki, Çin iqtisadiyyatının belə böyüməsi özüylə böyük risqlər də gətirir. Hazırkı daşınmaz əmlak böhranı və ya daxili borc problemləri 175 trilyon yuanlıq bir sistemdə baş verərsə, bunun “domino effekti” bütün dünyanın maliyyə sistemini silkələyə bilər.
Yəni Çinin 175 trilyon yuanlıq iqtisadiyyatı dünya üçün həm sabitlik limanı, həm də rəqabət meydanıdır.
Ekspertlər bildirirlər ki, bu, qlobal iqtisadiyyatın ağırlıq mərkəzinin tamamilə Asiyaya sürüşməsinin rəsmi təsdiqi olacaq.
“Politfm”



