Foto: internet

 

2026-cı ilin ilk altı ayı ərzində Azərbaycan Respublikasının Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri proqnozu 2,8 faiz üstələyərək 12 milyard 759,2 milyon manat təşkil edib.

Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, dövlət büdcəsinin gəlirlərinin 8 milyard 842,7 milyon manatı və ya 46,1 faizi vergi orqanlarının xətti ilə daxilolmaların, 6 milyard 420 milyon manatı və ya 33,5 faizi ARDNF-dən dövlət büdcəsinə transfertin, 3 milyard 143,6 milyon manatı və ya 16,4 faizi gömrük orqanlarının xətti ilə daxilolmaların, 350,7 milyon manatı və ya 1,8 faizi dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaların, 28,2 milyon manatı və ya 0,1 faizi dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların, 394 milyon manatı və ya 2,1 faizi isə digər daxilolmaların payına düşür.

Rəqəmlər dövlət büdcəsinin icrasında həm müsbət meyilləri, həm də fiskal gəlirlərin strukturunda hələ də mövcud olan riskləri göstərir.

ARDNF-dən transfertlər nəzərə alınmadan büdcə gəlirlərinin proqnozu 2,8 faiz üstələməsi vergi və gömrük daxilolmalarının gözləniləndən yüksək olduğunu göstərir. Bu dinamika kölgə iqtisadiyyatının leqallaşdırılması, vergi inzibatçılığının təkmilləşdirilməsi və rəqəmsallaşma tədbirlərinin fiskal səmərəliliyə müsbət təsir etdiyini deməyə əsas verir.

Bununla yanaşı, büdcə gəlirlərinin strukturuna nəzər saldıqda neft gəlirlərinin dövlət maliyyəsində mühüm rol oynamaqda davam etdiyi görünür. Altı ay ərzində ARDNF-dən dövlət büdcəsinə 6 milyard 420 milyon manat transfert olunub ki, bu da ümumi gəlirlərin 33,5 faizini təşkil edir.

Dövlət Vergi Xidmətinin açıqladığı statistikaya əsasən, 2026-cı ilin yanvar–iyun aylarında vergi daxilolmalarının 7 milyard 67,4 milyon manatı qeyri-neft-qaz sektorunun, təxminən 1 milyard 775 milyon manatı isə neft-qaz sektorunun payına düşüb. Beləliklə, təkcə ARDNF transfertləri və neft-qaz sektorundan daxil olan vergi ödənişləri birlikdə dövlət büdcəsinin gəlirlərinin ən azı 42,7 faizini formalaşdırıb.

Qeyd etmək lazımdır ki, bu hesablamaya neft-qaz məhsullarının ixracı və idxalı ilə bağlı gömrük daxilolmaları daxil deyil. Dövlət Gömrük Komitəsi gömrük ödənişlərini neft və qeyri-neft sektorları üzrə açıqlamadığından, dövlət maliyyəsinin neft-qaz sektorundan faktiki asılılığının bu göstəricidən daha yüksək olduğu istisna edilmir.

Bununla belə, büdcə gəlirlərində qeyri-neft sektorunun payının artması fiskal siyasətin qarşıya qoyduğu əsas məqsədlərdən biri olan iqtisadiyyatın şaxələndirilməsi istiqamətində müəyyən irəliləyişin olduğunu göstərir. Lakin mövcud statistika dövlət maliyyəsinin hələ də neft gəlirlərinin yaratdığı fiskal imkanlardan əhəmiyyətli dərəcədə asılı qaldığını göstərir.

Dövlət əmlakının icarəyə verilməsindən daxil olan vəsaitin cəmi 28,2 milyon manat və ya ümumi gəlirlərin 0,1 faizini təşkil etməsi dövlət aktivlərinin idarə edilməsinin səmərəliliyi ilə bağlı suallar yaradır. Bu göstərici dövlət əmlakından gəlir əldə olunması potensialının tam reallaşdırılmadığını göstərir və bu sahədə idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi, eləcə də özəlləşdirmə prosesinin sürətləndirilməsi ilə bağlı müzakirələri aktuallaşdırır.

Eyni zamanda, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən əldə olunan gəlirlərin ümumi büdcədə cəmi 1,8 faiz paya malik olması həmin qurumların özünümaliyyələşdirmə imkanlarının hələ də məhdud olduğunu göstərir.

Rəqəmlərin təhlili göstərir ki, qeyri-transfert gəlirləri üzrə büdcə planının artıqlaması ilə icra edilməsi fiskal idarəetmə baxımından müsbət nəticədir. Bununla belə, göstəricilər iqtisadiyyatın tam şəkildə şaxələndiyini söyləməyə əsas vermir. Qlobal enerji bazarlarında qiymət dəyişkənliyinin davam etdiyi şəraitdə fiskal dayanıqlığın gücləndirilməsi üçün qeyri-neft özəl sektorunun, xüsusilə emal sənayesi, kənd təsərrüfatı, tranzit-logistika, turizm və informasiya texnologiyaları sahələrinin büdcə gəlirlərinin formalaşmasındakı rolunun daha da artırılması vacib olaraq qalır.

“Politfm”