Ukrayna hərbçiləri Donetsk vilayətindəki cəbhə xəttində Rusiya qüvvələrinə doğru Yüksək Hərəkət Qabiliyyətli Artilleriya Raket Sistemi (HIMARS) ilə zərbə endirirlər; şəkil mobil telefonla çəkilib, 24 iyun 2026 (foto: “Reuters”)

 



ABŞ Prezidenti Donald Trampın administrasiyası Konqres üzvlərinə bildirib ki, Ukraynaya dəstək üçün ayrılmış 400 milyon dollarlıq yardım paketinin tam icrası yalnız 2029-cu maliyyə ilində başa çatacaq. Vaşinqtonun bu qərarı Kiyevin Rusiyanın intensivləşən raket və dron hücumlarını dəf etmək üçün kəskin silah-sursat çatışmazlığı ilə üzləşdiyi bir vaxta təsadüf edir.

Sənədlə tanış olan mənbənin “Reuters” agentliyinə verdiyi məlumata görə, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) hələ may ayında Konqres üzvlərinə yardım paketinin icrası üzrə xərcləmə planını əks etdirən rəsmi məktub göndərib. Həm Demokratlar Partiyasının nümayəndələri, həm də Trampın bəzi respublikaçı müttəfiqləri Pentaqonu ötən il hər iki partiyanın dəstəyi ilə təsdiqlənmiş Ukrayna yardımını qəsdən ləngitməkdə ittiham edirlər.

Mənbənin sözlərinə görə, məktubun göndərilməsindən iki ay keçməsinə baxmayaraq, nəzərdə tutulan vəsait hələ də tam xərclənməyib və ya müqavilə öhdəliklərinə cəlb olunmayıb.

Konqres üzvləri yardımın bu qədər gecikdirilməsindən dəfələrlə narazılıqlarını ifadə ediblər. Qeyd edək ki, sözügedən məktubun mövcudluğu barədə indiyədək mətbuatda məlumat yayılmamışdı.

Planlaşdırılan görüşlərdən xəbərdar olan mənbənin sözlərinə görə, Ukrayna Prezidenti Volodimir Zelenskinin Ağ Evdə Donald Trampla görüşəcəyi gözlənilir. Ukrayna liderinin görüşdə təcili ehtiyac duyulan hava hücumundan müdafiə (HHM) sistemlərinin tədarükünün sürətləndirilməsi, həmçinin ABŞ ilə dron istehsalına dair sazişin yekunlaşdırılması məsələlərini gündəmə gətirəcəyi gözlənilir.

Ağ Evdə keçiriləcək görüşdən sonra Zelenskinin ABŞ Konqresində Senatın bütün 100 üzvü ilə görüşü planlaşdırılır. Nümayəndələr Palatası yay tətilində olduğundan hazırda iclas keçirmir.

Mənbələrin bildirdiyinə görə, Konqres üzvləri Pentaqonun aktiv müharibə şəraitində bu qədər ləng xərcləmə qrafiki müəyyən etməsindən ciddi narazıdırlar.

Pentaqonun Konqresə göndərdiyi məktubda yer alan qrafikə əsasən, ayrılmış vəsait 30 sentyabr 2026-cı ildə başa çatan maliyyə ili ərzində rəsmi öhdəliklərə cəlb ediləcək. Yardım paketinin tam icrasının isə yalnız 30 sentyabr 2029-cu ildə başa çatan maliyyə ilində yekunlaşacağı nəzərdə tutulur.

Bu, Donald Trampın ikinci prezidentlik müddətinin başa çatmasından təxminən səkkiz ay sonra baş verəcək. ABŞ Konstitusiyasına əsasən, Trampın səlahiyyət müddəti 20 yanvar 2029-cu ildə başa çatır.
ABŞ Müdafiə Nazirliyi “Reuters”-in bununla bağlı şərh sorğusunu cavablandırmayıb.

Son vaxtlar Donald Tramp Ukraynaya münasibətdə əvvəlki dövrlə müqayisədə daha müsbət mövqe nümayiş etdirib. O, Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemlərinin lisenziya əsasında istehsalına imkan verəcək təşəbbüsü dəstəkləyib. Prezident həmçinin Senatda yaxın müttəfiqi olmuş mərhum respublikaçı senator Lindsi Qremin müəllifi olduğu Rusiyaya qarşı yeni sanksiyalar haqqında qanun layihəsini imzalaya biləcəyinə də işarə edib.

Zelenskinin Vaşinqton səfəri çərçivəsində Lindsi Qremin dəfn mərasimində də iştirak edəcəyi gözlənilir.

“Reuters”-in xəbərinə görə, Konqres üzvləri Ukrayna üçün ayrılmış vəsaitlərin xərclənməsinin ləngiməsi ilə bağlı administrasiyaya təzyiqləri artırırlar. Aprel ayında respublikaçı senator Mitç MakKonnell hərbi yardımın gecikdirilməsini sərt tənqid edən məqalə ilə çıxış etmişdi. Bu məsələ son aylarda Konqres dinləmələrində dəfələrlə gündəmə gətirilib.

Ötən həftə Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn və müdafiə naziri Pit Heqsetin iştirak etdiyi Senat dinləməsində Təxsisatlar Komitəsinin aparıcı demokrat üzvü senator Dik Durbin Pentaqonun xərcləmə planını sərt tənqid edib. O, yardımın bu qədər uzun müddətə yayılmasının Ukraynanın Rusiyaya qarşı müdafiə qabiliyyətinə necə təsir göstərəcəyini sual edərək bildirib:

“Əgər hava hücumundan müdafiə sistemlərindən və Prezident Zelenski ilə əldə olunmuş razılaşmalardan danışırıqsa, bunları üç il ərzində maliyyələşdirə bilmiriksə, bunun nəticələri nə olacaq?”

Ötən il ərzində Pentaqon ABŞ ordusunun silah ehtiyatlarının kritik həddə azalması ilə bağlı narahatlıqları əsas gətirərək Ukraynaya bəzi hərbi göndərişləri bir neçə dəfə dayandırıb. Konqresin hər iki palatasında çoxluğa malik olan respublikaçılar isə bu məsələdə Trampa açıq təzyiq göstərməkdən çəkiniblər.

Pentaqonun Konqresə təqdim etdiyi xərcləmə planına əsasən, Ukrayna üçün ayrılmış 400 milyon dollarlıq yardım paketi aşağıdakı istiqamətlər üzrə bölüşdürüləcək:

– 200 milyon dollar silah, sursat və partlayıcı maddələrin alınmasına;
– 99,9 milyon dollar hərbi nəqliyyat vasitələri, ehtiyat hissələri və digər avadanlıqların alınmasına;
– 100 milyon dollar hərbi yüklərin Ukraynaya çatdırılması və logistika xidmətlərinə.

ABŞ qanunvericiliyinə əsasən, prezident Konqres tərəfindən təsdiqlənmiş vəsaitlərin xərclənməsini təmin etməyə borcludur və onları siyasi səbəblərlə birtərəfli qaydada dayandıra bilməz. Donald Trampın 2019-cu ildə ilk impiçmentinə səbəb olan məsələlərdən biri də ABŞ Hökumətinin Hesabatlılıq Ofisinin (GAO) Ukrayna üçün ayrılmış müdafiə vəsaitlərini administrasiyanın qanunsuz şəkildə saxladığına dair hüquqi rəy verməsi olmuşdu.

2022-ci ilin fevralında Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hücumu başlayandan bəri Kiyev ABŞ-nin xarici yardımının ən böyük benefisiarına çevrilib. Lakin 2025-ci ilin yanvarında Donald Trampıyenidən prezident vəzifəsinə başlayandan və Respublikaçılar Partiyası Konqresin hər iki palatasında çoxluq qazanandan sonra Vaşinqtonun Ukrayna qarşısındakı öhdəliklərinin gələcəyi ilə bağlı suallar yaranıb.

Həmin vaxtdan etibarən Konqres Ukrayna üçün heç bir yeni irihəcmli yardım paketini təsdiqləməyib. Demokratlar isə Ağ Evi və respublikaçıları Konqresin daha əvvəl təsdiqlədiyi yardım paketlərinin icrasını da qəsdən ləngitməkdə ittiham edirlər.

Xarici Əlaqələr Şurasının (CFR) məlumatına görə, 2024-cü ilin sentyabr ayının sonunadək ABŞ Rusiyanın Ukraynaya qarşı müharibəsi ilə bağlı ümumilikdə 175 milyard dollar vəsait ayırıb. Bunun 106 milyard dolları birbaşa Ukraynaya göstərilən yardıma, 69 milyard dolları isə ABŞ-nin hərbi-sənaye bazasının və iqtisadiyyatının dəstəklənməsinə yönəldilib.

“Politfm”