Foto: “oxu.az”
Son illərdə Azərbaycan yaşıl enerji və ekoloji keçid layihələrinə, qlobal iqlim gündəliyinə xüsusi diqqət göstərir. COP29 kimi qlobal iqlim tədbirinə ev sahibliyi etmək də ölkənin bu istiqamətdəki iddialarını nümayiş etdirən mühüm addım idi. Amma real vəziyyətlə elan olunan hədəflər arasındakı fərqi azaltmaq təşəbbüsləri həmin iddialara adekvat deyil.
Bakıda son illərdə təmizlik sahəsində müəyyən irəliləyişlər müşahidə edilsə də, problem tam həll olunmayıb. Xüsusilə kənar qəsəbələrdə, yaşayış massivlərində və bəzi sənaye zonalarına yaxın ərazilərdə zibil konteynerlərinin dolub-daşması, tullantıların ətrafa yayılması və xoşagəlməz qoxular adi hala çevrilib. Yay aylarında zəviyyət daha da ağırlaşır.
Bir tərəfdən temperaturun yüksəlməsi, digər tərəfdən tullantıların vaxtında daşınmaması həm sanitar vəziyyətə, həm də insanların həyat keyfiyyətinə mənfi təsir göstərir.
Rayonlarda da tullantıların toplanması və daşınması xidməti eyni səviyyədə işləmir. Bəzi bölgələrdə müntəzəm xidmət göstərilsə də, bir çox yaşayış məntəqəsində vəziyyət qənaətbəxş deyil.
Zibil qabına çevrilmiş çaylar
Kəndlərdə isə problem daha ciddidir. Elə kəndlər var ki, orda zibil konteynerləri ümumiyyətlə yoxdur. İnsanlar məişət tullantılarını ya boş sahələrə, ya yol kənarlarına, ya da çay yataqlarına atırlar. Bəzən isə tullantılar həyətlərdə və ya kənd kənarında yığılıb yandırılır. Plastik və digər zərərli materialların yandırılması isə havanın çirklənməsinə səbəb olur.
Ən narahatedici məqamlardan biri çay yataqlarının zibilliyə çevrilməsidir. Azərbaycanın müxtəlif bölgələrində çayların sahillərində plastik qablar, sellofan paketlər, tikinti tullantıları və digər məişət zibilləri ilə rastlaşmaq mümkündür. Yağış və sel suları həmin tullantıları daha geniş ərazilərə yayır; nəticədə həm torpaq, həm də su ehtiyatları çirklənir.
Əlbəttə, burada vətəndaş məsuliyyəti önəmli məqamdır. Lakin məsuliyyət yalnız vətəndaşın üzərinə qoyula bilməz. İnsanlara alternativ təqdim edilməlidir. Zibil qutusu olmayan yerdə, tullantıların daşınması təşkil edilməyən kənddə insanlardan Avropa standartlarında davranış gözləmək çətindir.
Mədəni təcrübə
Məhz buna görə inkişaf etmiş ölkələrdə əsas diqqət ilk növbədə infrastrukturun yaradılmasına yönəldilir. Almaniyada tullantılar ilkin mənbədə çeşidlənir. Plastik, kağız, şüşə və üzvi tullantılar üçün ayrı-ayrı konteynerlər qoyulur.
İsveç məişət tullantılarının böyük hissəsini təkrar emal edir və enerji istehsalında istifadə edir. Cənubi Koreyada qida tullantıları ayrıca toplanır və xüsusi emala göndərilir. Bu ölkələrdə uğur yalnız cərimələrin nəticəsi deyil; əsas amil əlçatan xidmət, müasir infrastruktur və uzunmüddətli maarifləndirmədir.
Vədlər… və yenə vədlər
Azərbaycanda hökumət özü də problemin mövcudluğunu etiraf edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tullantıların idarə olunması və çeşidlənməsi istiqamətində müxtəlif layihələr həyata keçirildiyini bildirir. Nazirliyin təşəbbüsüylə “Tullantıları hədiyyələrə dəyiş” və “Tullantıları tinglərə dəyiş” kimi aksiyalar təşkil olunur. Regionlarda yeni tullantı idarəetmə sistemlərinin qurulacağı da açıqlanıb. Lənkəran iqtisadi rayonunda tullantıların toplanması, daşınması, çeşidlənməsi və emalı üzrə vahid sistemin yaradılması planlaşdırılır.
Rəsmi statistikaya görə, Azərbaycanda hər il milyonlarla ton məişət tullantısı yaranır və onların böyük hissəsi hələ də poliqonlara daşınır. Təkrar emal və çeşidləmənin payı isə inkişaf etmiş ölkələrlə müqayisədə aşağı olaraq qalır.
Beynəlxaq qiymətləndirmələr
Beynəlxalq təşkilatların və ekspertlərin qiymətləndirmələrində Azərbaycanın tullantıların təkrar emalı sahəsində həm irəliləyişləri, həm də ciddi problemləri qeyd olunur.
Dünya Bankı Bakıda tullantıların idarə olunması sisteminin modernləşdirilməsini Azərbaycanın uğurlu ekoloji layihələrindən biri kimi təqdim edir. Xüsusilə Balaxanı poliqonunun müasir kompleksə çevrilməsi, qanunsuz zibilxanaların əksəriyyətinin bağlanması, tullantıların çeşidlənməsi və emalı infrastrukturunun yaradılması müsbət nümunə kimi göstərilir.
BMT-nin İnkişaf Proqramının (UNDP) investisiya platformasında da qeyd olunur ki, Azərbaycan son illərdə təkrar emal sənayesinin inkişafı üçün vergi güzəştləri, Balaxanı Sənaye Parkında emal müəssisələrinin yaradılması və dairəvi iqtisadiyyat elementlərinin tətbiqi istiqamətində addımlar atır (Private Finance for the SDGs).
Natamam transformasiya
Beynəlxalq qiymətləndirmələrdə ən çox vurğulanan problem təkrar emalın hələ də məhdud miqyasda qalmasıdır. Azərbaycandakı vəziyyət “uğurlu başlanğıc, lakin natamam transformasiya” kimi xarakterizə olunur.
Bakıda müasir tullantı idarəetmə infrastrukturu yaradıldığı qeyd olunsa da, vurğulanır ki, Avropa ölkələrindəki kimi genişmiqyaslı çeşidləmə və yüksək təkrar emal səviyyəsinə keçid hələ baş verməyib.
Beynəlxalq qurumlar bildirirlər ki, növbəti mərhələdə əsas vəzifə zibilin sadəcə toplanması yox, mənbədə çeşidlənməsi və təkrar emal dövriyyəsinin əhəmiyyətli dərəcədə artırılmasıdır.
UNDP-nin məlumatına görə, Azərbaycanda məişət tullantılarının böyük hissəsi hələ də poliqonlara göndərilir, tullantıların mənbədə çeşidlənməsi geniş yayılmayıb və təkrar xammaldan istifadəyə maraq aşağıdır.
Mütəxəssislər aşağıdakı problemləri qeyd edirlər:
– əhalinin tullantıları çeşidləmək vərdişlərinin zəif olması;
– Bakıyla regionlar arasında böyük fərqin qalması;
– bələdiyyələrin və yerli icra strukturlarının məhdud imkanları;
– təkrar emal bazarının kifayət qədər inkişaf etməməsi;
– institusional koordinasiya problemləri (IDEAS/RePEc).
Maliyyə çatışmazlığı
Tullantıların müasir şəkildə idarə olunması yalnız zibilin daşınmasından ibarət deyil. Bunun üçün çeşidləmə məntəqələri, xüsusi konteynerlər, toplama və daşınma texnikası, təkrar emal infrastrukturuna investisiyalar tələb olunur.
Bir çox rayon və qəsəbələrdə yerli qurumların kasad büdcələri bu istiqamətlərdə fəaliyyət göstərməyə imkan vermir. Nəticədə əsas diqqət tullantının toplanıb ərazidən uzaqlaşdırılmasına yönəlir, çeşidləmə və təkrar emal isə ikinci planda qalır.
Kadr çatışmazlığı
Müasir idarəçilik (tullantı axınlarının planlaşdırılması, təkrar emal bazarının təşkili, məlumat toplama sistemləri, ekoloji monitorinq) xüsusi texniki bilik tələb edir. Yerli qurumların çoxunda bu sahə üzrə ixtisaslaşmış kadr potensialı yoxdur. Nəticədə sistem daha çox kommunal xidmət kimi idarə olunur.
Koordinasiya problemi
Bu sahədə daha bir ciddi problem səlahiyyət bölgüsü məsələsidir. Tullantıların idarə olunmasında müxtəlif qurumlar – bələdiyyələr, yerli icra hakimiyyətləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və mənzil-kommunal təsərrüfatı idarələri iştirak edir. Bu qurumlar arasında iş və məsuliyyət bölgüsünün yayğın olması yaşayış məntəqələrinin və təbiətin məişət tullantılarıyla dolmasmasına gətirib çıxaran əsas səbəblərdən biridir.
Bakıdakı və digər böyük şəhərlərdəki müasir infrastrukturun regionlarda da tətbiq edilməsi üçün bələdiyyələrin və yerli qurumların resursları, texniki potensialı və koordinasiya imkanları gücləndirilməlidir.
Təkrar emal payının azalması
2024-cü ildə Azərbaycanda yaranan məişət tullantılarının 80,5%-i poliqonlara daşınıb, 19,2%-i yandırılaraq enerji istehsalına yönəldilib (Азербайджанстат).
2025-ci ildə isə tullantıların 82,1%-i poliqonlara göndərilib, enerji istehsalında 17,4%-indən istifadə olunub (ABC.AZ).
Keçən il poliqona əvvəlki ildəkindən daha çox tullantı göndərilməsi də göstərir ki, bu sahədə əsas problem idarəetmə, planlaşdırma və prioritet məsələsidir. COP sammiti keçirilən, yaşıl inkişaf layihələri olan ölkədə təkrar emalın payının bu qədər az olması yolverilməzdir.
Əlbəttə, yaşıl gələcək haqqında danışmaq vacibdir. Amma o gələcəyi qurmaq üçün ilk növbədə zibillərin toplanmasını və təkrar emalını təmin etmək lazımdır.
“Politfm”



