BŞİH AXCP və Milli Şuranın mitinqinin keçirilməsini məqsədəuyğun hesab etməyib

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) və Milli Şuranın aprelin 27-də “Məhsul” stadionunda keçirməyi planlaşdırdığı mitinqə rəsmi cavab verib. Meriya mitinqin keçirilməsini məqsədəuyğun hesab etməyib.

AXCP və Milli Şura mitinqi, 21 gündür həbsdə aclıq aksiyası keçirən siyasətçi Tofiq Yaqublunun və bütün siyasi məhbusların azad olunması tələbilə elan etmişdi.

Bu qərara münasibət bildirən AXCP sədri Əli Kərimli qərarı sərt şəkildə tənqid edib. O deyib ki, bu qədər repressiyaya baxmayaraq, xalqı ram edə bilmədiklərini hakimiyyət özü də anlayır: “Hakimiyyət hər cür imkan və resursdan məhrum edilmiş müxalifətin dinc mitinqindən belə qorxur. Bu, rejimin xalqdan nə qədər qorxduğunu göstərir.”

Əli Kərimli vurğulayıb ki, artıq 6 ildir Azərbaycanda heç bir mitinqə icazə verilmir və hökümət bu qərarla bir daha göstərildi ki, qanunlar və Konstitusiya rejim üçün yalnız kağız parçasıdır: “27 aprel aksiyasını qadağan etməklə rejim özü Azərbaycanı diktatura adlandıranları növbəti dəfə haqlı çıxardı.”

O, Prezident İlham Əliyevi Cənubi Qafqazda qonşu xalqların sərbəst toplaşmaq hüququna malik olduğu halda, azərbaycanlıların bu hüquqdan niyə məhrum edildiyini izah etməyə çağırıb: “Hökumət xalqımızı bu hüquqa layiq bilmir, yoxsa xalqdan qorxur?”

Sonda AXCP sədri bildirib: “Dinc mitinqə icazə verilməməsi bir daha sübut etdi ki, əsir götürülüb məhv edilən yalnız Tofiq Yaqublu və digər siyasi məhbuslar deyil. Bütövlükdə Azərbaycan xalqı əsarət altındadır. Hamılıqla səsimizi ucaltmalı, Tofiq bəyə, siyasi məhbuslara və bütövlükdə Azərbaycana azadlıq tələb etməliyik.”