Anormallığın “normadan artıq yağıb” arqumenti.
Azərbaycanda idarəçilik o qədər bərbaddır ki, heç bir sahə haqqında müsbət fikir söyləmək mümkün deyil. Təhsildən qida təhlükəsizliyinə, səhiyyədən nəqliyyat sisteminə, turizmdən kənd təsərrüfatına qədər bütün sahələr qeyri-peşəkarlığın, korrupsiyanın qurbanına çevrilib.
Ən böyük bəlalarımızdan biri də yağış zamanı şəhərin iflic vəziyyətə düşməsi, böyük fəlakətlərin üzə çıxmasıdır. Uzun illər ərzində bu problemin aradan qaldırılmasına milyardlar xərclənsə də, elementar kanalizasiya sisteminin həllinə nail olunmayıb.
Bugünlərdə şəhər meri Eldar Əzizov jurnalistlərə açıqlamsında belə deyib: “Mövcud yağış sularının axıdılması sistemi müasir iqlim çağırışlarına tam cavab verə bilmədi. Nasos stansiyaları həddindən artıq yüklənib, boru xətləri isə artıq zəruri ötürücülük qabiliyyətini itirib. Bu isə onu göstərir ki, şəhər infrastrukturu, ilk növbədə kanalizasiya sistemi yeni yanaşmaları zəruri edir”. İcra başçısı həm də təklif edib ki, yağış yağanda tunellərə giriş qapadılsın.
Bəli, 2025-ci ildə dünya göylə əlləşir, bizim əzəmətli hökumət isə yerdə yağış suyunun yatatdığı fəkakət qarşısında acizdir.
Əvvəla sual meydan çıxır ki, illərlə eyni problemlə üz-üzə qaldığımız halda, niyə məlum problemlərin həll prioritet olmayıb? Bundan sonra daha neçə mövsüm yağış ölkəni xarabaya çevirməlidir ki, iqlim çağırıılarına cavab verən axıdılma sistemi, nasos stansiyaları qurulsun? Fransada, Serbiyada, Vatikanda xarabalıqları abad edən hökumət, niyə yağış suyunun yaratdığı xarabalığı da abad etmir?
İkincisi, gözümüzün qarşısında dünya təcrübəsi var, bu təcrübədən yararlanmaq əvəzinə, “tunellərə giriş qadağan edilsin” təklifi absurdun və acizliyin göstəricisi deyilmi? Bu da seçki sistemi, məhkəmə sistemi deyil ki, Avropa standartlarına nifrət edəsiz.
Ümumiyyətlə, hər dəfə yağış sularının ölkəni iflic vəziyyətə salması onlarla sahədə bərbad vəziyyəti üzə çıxarır. Tikintilərin plansız olduğu, nəqliyyat sisteminin intellektual idarəetməyə karaikatura olduğu, su idarəsinin öz missiyasını həyata keçirə bilmədiyi və büdcədən ayrəlan vəsaitlərin şəxsi ciblərə axdığı aydın görünür.
Bu qədər yarıtmazlığa görə isə heç bir yüksək vəzifəli cəzalandırılmır, heç kimdən izahat tələb olunmur. Əvəzində “yağış normadan artıq yağıb” şüarına bürünürlər. Dünyanın heç bir ölkəsində şəhərsalma yağışın normasına uyğun layihələndirilmir. Əksinə, bütün anormallıqlar nəzərə alınır və buna uyğun sistem qurulur. Azərbaycanda isə idarəçilik anormal olduğuna görə, yağış 1 saat da yağsa, 1 gün də yağsa, nəticə eyni dərəcədə fəlakətli olur.
Əminliklə demək olar ki, növbəti qış mövsümündə yenə eyni vəziyyət olacaq və yenə də rəsmi açıqlamada gələcək zaman şəkilçiləri yer alacaq. Hətta mümkündür ki, Eldar Əzizov “yağışa məsləhət görürük normada yağsın, tunellərə, körpülərin altına girməsin” açıqlaması versin. Biz başqa bir nazirin “Çalışacağıq havalar yaxşı keçsin” bəyanatının şahidi olmuş adamlarıq.
Görünən budur ki, mövcud idarəçilik nəinki insanlara xoşbəxtlik gətirəcək sistem, hətta kanalizasiya sistemi yaratmağa da qadir deyil. Çünki prioritet vətəndaşın komfortu deyil, bir qrup adamın daha çox oğurlaya bilməsidir.
Yeri gəlmişkən, cənab merin təklifinə əlavə olaraq deyə bilərik ki, tunellərə girişi yox, məmurların tamahını qapatmaq lazımdır. Çünki fəlakət təkcə tuneldə baş vermir. Yağış suyu metronun pilləkənindən turmuş, avtobusun salonuna qədər gəlib çıxır ki, bunu da ancaq ağıllı və şəffaf idarəçiliklə dəf etmək olar.
Politfm.



