Foto: “Reuters”

Macarıstanın Baş naziri Viktor Orban Rusiya Prezidenti Vladimir Putinlə deyib ki, rus “şirinə” kömək edən “siçan” olmağa hazırdır.
“Bloomberg” bu məlumatı onların ötən ilin oktyabrında baş tutmuş telefon danışığının stenoqramına istinadən yayıb.

 

Orban həmçinin qeyd edib ki, Putinə hər cür dəstək verməyə, Ukrayna müharibəsinin nizamlanmasına yardım etməyə və Budapeştdə bununla bağlı sammit təşkil etməyə də hazırdır.

Stenoqramda Orbanın belə dediyi qeyd olunur:

“Dünən bizim dostluğumuz elə bir yüksək səviyyəyə çatdı ki, mən istənilən formada sizə kömək edə bilərəm. Hansı məsələdə faydalı ola bilərəmsə, sizin xidmətinizdəyəm”.

Nəşrin yazdığına görə, Orban söhbət zananı Macarıstanda məşhur olan, Ezop təmsilinə birinə həsr edilmiş bir uşaq hekayəsini danışıb. Həmin hekayədə tora düşmüş şiri azad edən siçandan bəhs olunur – həmin şir daha əvvəl bu kiçik heyvanı bağışlamışdı.

Stenoqrama əsasən, bu müqayisə Putində gülüş doğurub.

“Bloomberg” qeyd edir ki, Orban hökumətiylə Kremlin münasibətləri Macarıstanda bu həftəsonu keçiriləcək parlament seçkiləri ərəfəsində xüsusi diqqət mərkəzindədir. Sorğular göstərir ki, Avropa İttifaqında Putinin ən yaxın müttəfiqlərindən sayılan Orban 16 illik hakimiyyətdən sonra bu seçkilərdə məğlub ola bilər.

Macarıstan hökuməti Ukraynaya yardım edilməsinə qarşı çıxır, Orbanın seçki kampaniyasında isə Ukrayna Prezidenti Volodimir Zelenski ölkə üçün rəqib kimi təqdim olunur.

Nəşrin qiymətləndirməsinə görə, 17 oktyabrda baş tutmuş bu qısa telefon danışığı Orbanın siyasətində Rusiyaya dəstəyin mövcudluğunu göstərən əlavə sübut kimi dəyərləndirilə bilər.

Söhbətin böyük hissəsi liderlərin bir-birinə, eləcə də ABŞ Prezidenti Donald Trampa təşəkkür ifadələriylə müşayiət olunub. Bildirilir ki, bundan əvvəl hər iki lider Trampla Budapeştdə mümkün sülh sammiti barədə danışmışdı, amma bu təşəbbüs reallaşmadı.
Tramp Orbanı dəfələrlə tərifləyib, ABŞ-nin vitse-prezidenti Cey Di Vens isə bu gün Budapeştə səfər edib.

Stenoqrama əsasən, Orban Putinə bunları da deyib: “Nə qədər çox dostumuz olsa, rəqiblərimizə qarşı dayanmaq imkanlarımız bir o qədər çox olar”. O, Putinlə pandemiyadan əvvəlki kimi mütəmadi şəxsi görüşlərin mümkün olmamasından təəssüf etdiyini bildirib.

Putin Macarıstanın Ukrayna müharibəsinə münasibətdə “müstəqil və çevik” mövqeyini yüksək qiymətləndirib və bu cür balanslı yanaşmanın niyə tənqid olunduğunu anlamadığını bildirib.

Ötən həftə bəzi Avropa liderləri Macarıstanı tənqid ediblər. Buna səbəb jurnalist araşdırmaları konsorsiumunun Macarıstanın xarici işlər naziri Peter Siyarto ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığının yayılması olub. Həmin danışıqda onlar milyarder Alişer Usmanovun bacısının Aİ-nin sanksiya siyahısından çıxarılması məsələsi müzakirə ediblər.

“Politfm”