Foto: DW


Bu ilin yanvar-mart aylarında Türkiyədə Azərbaycan kapitallı 65 yeni şirkət yaradılıb. Bu, 2025-ci ilin eyni dövrüylə müqayisədə 91,2 % çoxdur.
Türkiyə Odalar və Birjalar Birliyinə (TOBB) istinadən bu barədə “Report” məlumat verib.

Bildirilir ki, I rübdə yaradılmış şirkətlərin 7-si (illik müqayisədə 75 % çox) səhmdar cəmiyyət, 58-i isə (+93,3 %) məhdud məsuliyyətli cəmiyyət (MMC) olub.
Bu şirkətlərin ümumi kapitalı 181,587 milyon Türkiyə lirəsi (4,051 milyon dollar) olub – keçən ollə müqayisədə 5,2 dəfə çox. Bu məbləğin 91,4 %-ini və ya 165 milyon 964 min lirəsini (3,702 milyon dollar) Azərbaycan vətəndaşları təmin edib. Bu, 2025-ci ilin müvafiq dövrünə aid göstəircidən 5,3 dəfə çoxdur.

Təkcə mart ayında Azərbaycan vətəndaşları Türkiyədə 17 şirkət (+54,5 %) yaradıb. Yeni şirkətlərin 3-ü səhmdar cəmiyyət (+3 dəfə), 14-ü MMC (+40 %) olub.
Ümumi kapitalı 16,775 milyon lirə (374 min dollar; 62,9 % çox) olan ortaq şirkətlərin kapitalının 87 %-i və yaxud 14,6 milyon lirəsi (326 min dolları; 42,4 % çox) azərbaycanlılara məxsus olub.

Ekspetlər hesab edir ki, bu artımın arxasında bir neçə strateji və iqtisadi səbəb dayanır.

Əvvəla, Azərbaycan və Türkiyə arasında imzalanmış Preferensial Ticarət Sazişi və vizasız gediş-gəliş rejimi biznes qurulmasını asanlaşdırıb. Şirkətlər artıq Türkiyəni sadəcə bir qonşu ölkə kimi deyil, Avropa və Yaxın Şərq bazarlarına çıxış üçün əsas logistik hab kimi görürlər.

İkincisi, sektorların diversifikasiyası yaranıb. Əvvəllər Azərbaycan kapitalı daha çox daşınmaz əmlaka və turizmə yönəlirdisə, hazırda Türkiyənin texnoparklarında Azərbaycan startaplarının sayı çoxalır, “Orta Dəhliz” layihəsinin canlanması ticarət vasitəçiliyi edən şirkətlərin sayını artırıb, SOCAR-ın Türkiyədəki nəhəng yatırımları (məsələn, STAR neft emalı zavodu) ətrafında kiçik və orta ölçülü podratçı şirkətlərin yaranmasını stimullaşdırıb.

Üçüncüsü, Türkiyə lirəsinin valyuta qarşısındakı mövqeyi xarici investorlar, o cümlədən Azərbaycan iş adamları üçün Türkiyədə biznes qurmağı və əməliyyat xərclərini (icarə, işçi qüvvəsi) daha münasib edir. Bu, xüsusilə ixraca yönəlmiş istehsal müəssisələri üçün əlverişli imkanlar yaradır.

“Politfm”