Foto: Ukrayna Prezidentinin Ofisi
Ukrayna Prezidenti Volodimir Zelenski dünən – aprelin 19-da ölkə telemarafonuna verdiyi müsahibədə bildirib ki, Kiyev Yaxın Şərq ölkələriylə dronlar və kompleks HHM-lər üzrə əməkdaşlığını genişləndirir və Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətərlə Ukrayna müdafiə sənayesi məhsullarının ixracı üzrə 10 illik sazişlər imzalayıb.
O həmçinin qeyd edib ki, dronların istehsalı və ixracını əhatə edən razılaşma çərçivəsində həm Ukraynada, həm də digər ölkələrdə ən azı 10 müqavilənin imzalanması nəzərdə tutulur.
““Drone Deal” çərçivəsində Ukrayna silahlarının ixracı və həm ölkə daxilində, həm də xaricdə istehsal xətlərimizin qurulmasıyla bağlı ən azı 10 müxtəlif saziş olacaq. Bu da ixracın bir hissəsidir. Bundan əlavə, investisiyaların yatırıldığı ölkələrlə birgə hazırladığımız yeni texnologiyalar da bu çərçivəyə daxildir” – Zelenski belə deyib.
Onun sözlərinə görə, artıq təşəbbüsün maliyyələşdirilməsi üzrə yaxın bir il üçün razılaşmalar əldə olunub və 11 ölkə layihədə iştirak etmək üçün müraciət edib.
Ukrayna prezidenti həmçinin qeyd edib ki, ballistik raketləri vurmağa qadir olan HHM sisteminin yaradılması lazımdır və belə bir müdafiə sistemi bir il ərzində yaradılmalıdır. Zelenski deyib ki, bu, çətin olsa, mümkündür.
“Drone Deal” — Kiyevin beynəlxalq tərəfdaşlarına təklif etdiyi strateji təşəbbüs və əməkdaşlıq formatıdır. Bu təşəbbüs pilotsuz uçuş aparatlarının, dəniz dronlarının və radioelektron mübarizə sistemlərinin birgə hazırlanması, istehsalı və tədarükünü nəzərdə tutur.
“Politfm”



