Foto: internet
Medianın İnkişafı Agentliyi 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsinin hüquqi tənzimlənməsinə münasibət öyrənmək üçün rəy sorğusu keçirib. Sorğuda həmçinin sosial şəbəkələrdən istifadə səviyyəsi və onların cəmiyyətə təsiri də araşdırılıb.
Bu barədə “AZƏRTAC” məlumat yayıb.
Sorğunun nəticələrinə görə, əhalinin böyük əksəriyyəti 16 yaşına çatmamış yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılmasını dəstəkləyir.
Araşdırma göstərib ki, respondentlərin 88,2%-i 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrə girişinin məhdudlaşdırılmasını zəruri hesab edir. 16 yaşadək övladı olan valideynlər arasında bu mövqeyi dəstəkləyənlərin payı daha yüksəkdir (91,2%). Onların 67,9%-i övladlarının artıq sosial şəbəkələrdən aktiv istifadə etdiyini bildirib.
Məhdudiyyətə dəstəyin əsas səbəblərindən biri sosial şəbəkələrin uşaqlara mümkün mənfi təsiri ilə bağlıdır. Respondentlərin 87,5%-i sosial şəbəkələrin uşaqların təhsilinə və mənəvi tərbiyəsinə mənfi təsir göstərdiyini düşünür.
Bununla yanaşı, respondentlərin 93,1%-i sosial media platformalarının fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsini məqsədəuyğun sayır. Sorğu iştirakçılarının fikrincə, virtual mühitdəki risk və təhlükələrin qarşısını yalnız fərdi və ailədaxili nəzarətlə almaq mümkün deyil. Onlar bu sahədə dövlət səviyyəsində hüquqi tədbirlərin görülməsini vacib hesab edirlər.
Sorğuda vətəndaşların məlumat və xəbər əldə etdiyi mənbələr, eləcə də həmin mənbələrə etimad səviyyəsi də araşdırılıb. Nəticələrə görə, əhalinin 81,8%-i gündəlik xəbərləri sosial şəbəkələrdən izləyir. Gənclər arasında bu göstərici 94,1%-ə çatır.
Digər əsas xəbər mənbələri televiziya (55,9%) və onlayn xəbər portallarıdır (48,8%). Radioya respondetlərin 5,8%-i, xarici mediaya 4,8%-i, qəzet və jurnallara isə 2,8%-i nəzər salır.
Araşdırmanın nəticələri göstərir ki, sosial şəbəkələr geniş istifadə olunsa da, etimad baxımından digər mənbələrdən geri qalır. Respondentlərin ən çox etibar etdiyi informasiya mənbəyi televiziya kanallarıdır — 64,6%. Sonrakı yerlərdə xəbər saytları (43%) və sosial şəbəkələr (31,4%) gəlir.
Sosial şəbəkələrdən istifadənin əsas məqsədi gündəmi izləməkdir. Respondentlərin 78,2%-i bu məqsədlə sosial platformalardan istifadə etdiyini bildirib. Bununla belə, istifadəçilərin yarısı həmin platformalarda qarşılarına çıxan məlumatların doğruluğunu ümumiyyətlə yoxlamadığını qeyd edib.
Sorğu 25 iyul–2 avqust 2026-cı il tarixlərində keçirilib, 18 yaşdan yuxarı 1200 nəfərin rəyi soruşulub. Müsahibə üsulu ilə aparılan araşdırmada respondentlərin cins, yaş və iqtisadi rayonlar üzrə bölgüsü rəsmi statistik göstəricilərə uyğunlaşdırılıb. Sorğunun xəta payı ±3% göstərilir.
“Politfm”



