Tehran, 13 avqust 2026 (foto: Majid Asgaripour/WANA/”Reuters” vasitəsilə)
İran cümə günü bəyan edib ki, ABŞ-nin hər hansı yeni təhdidinə cavabı “sarsıdıcı” olacaq.
Bu barədə “Reuters” məlumat yayıb.
Bir gün əvvəl Vaşinqton İran rəhbərliyini devirmək üçün bu ölkəyə “tarixdə ən sərt maliyyə sanksiyaları” tətbiq edəcəyini bildirmişdi.
ABŞ maliyyə naziri Skott Bessentin cümə axşamı verdiyi bu açıqlamadan əvvəl prezident Donald Tramp İrana “hər hansı xilas yolu” açan istənilən ölkənin iqtisadi nəticələrlə üzləşə biləcəyi barədə xəbərdarlıq etmişdi. Bessent yeni tədbirlərin təfərrüatlarını bazar ertəsi açıqlayacağını bildirib.
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Əli Abdullahi bildirib ki, İslam Respublikasının cavabı genişmiqyaslı və qətiyyətli olacaq.
“Quru, dəniz və hava qüvvələrinin, hava hücumundan müdafiə sistemlərinin və kiberməkanda fəaliyyət göstərən bölmələrin hazırlığı sayəsində İran Silahlı Qüvvələri düşmənin yeni təhdidlərinə sarsıdıcı, cəzalandırıcı və dağıdıcı cavab verəcək” – Abdullahi belə deyib.
İran parlamentinin sədri, ABŞ və İran arasında vasitəçilərin iştirakı ilə aparılan danışıqlarda ölkənin baş danışıqçısı qismində iştirak edən Məhəmməd Baqir Qalibaf bildirib ki, görünür, Vaşinqton hərbi qarşıdurmada İrana üstün gələ bilməyəcəyi qənaətinə gəlib.
“Ədalətsiz sanksiyalara qarşı mübarizəni elə planlaşdırmalıyıq ki, onların öhdəsindən gələ bilək” – Qalibaf bunu İraqa səfəri zamanı deyib. O, ABŞ və İsraili İrana qarşı iqtisadi və “koqnitiv müharibə” üsullarından istifadə etməkdə ittiham edib.
Bessent: tədbirlər neftin qiymətini artırmamalıdır
Neft qiymətləri cümə günü sabitləşsə də, Fars körfəzindən enerji ixracı ilə bağlı narahatlıqlar fonunda ardıcıl ikinci həftə bahalaşma müşahidə olunurdu. İranı münaqişəyə son qoymağa razı salmaq üçün yeni sanksiyaların tətbiq ediləcəyi barədə hədələrdən sonra neftin qiyməti cümə axşamı – üç həftəlik müddət ərzində ən yüksək həddə çatmışdı.
Bessent CNBC-yə açıqlamasında deyib ki, “Bu bazarda neftin niyə bahalaşdığını anlamıram. Əgər maksimum iqtisadi təzyiq göstəririksə, bu, böyük ehtimalla genişmiqyaslı hərbi əməliyyatların yenidən başlanmayacağı deməkdir”.
Fars körfəzi ölkələrinin də cəlb olunduğu və bazarlarda ciddi sarsıntı yaradan müharibədə minlərlə insan həlak olub. İran Hörmüz boğazında gəmiçilik hərəkətini məhdudlaşdırmaq imkanlarını nümayiş etdirib. Münaqişədən əvvəl neftin təxminən beşdə biri bu su yolu ilə daşınırdı.
ABŞ və İran Hörmüz boğazında sərbəst gəmiçiliyin bərpası və təxminən altı ay davam edən münaqişənin başa çatdırılması ilə bağlı aprel və iyun aylarında atəşkəs elan etmişdilər. Lakin hər iki razılaşma qısa müddət sonra pozulmuşdu.
İran 1979-cu il İslam İnqilabından bəri, demək olar ki, fasiləsiz olaraq ağır iqtisadi sanksiyalar altındadır.
Bessentin çıxışından əvvəl İran Xarici İşlər Nazirliyi ABŞ-nin iqtisadi və ticarət sanksiyalarını pisləyərək onları “iqtisadi terrorizm” adlandırıb. Nazirlik bildirib ki, bu siyasət iranlıların ölkənin müstəqilliyini, ləyaqətini və milli suverenliyini qorumaq əzmini zərrə qədər də sarsıtmayacaq.
Bessent CNBC-yə bildirib ki, bazar ertəsi keçirəcəyi mətbuat konfransında yeni sanksiyalar paketi barədə daha ətraflı məlumat verəcək və “İranla bağlı konkret olaraq nə etməyə hazırlaşdıqlarını” açıqlayacaq.
“Bu, ikiqat zərbədir. İrana qarşı blokadamız var və üstəlik, tarixdə ən sərt sanksiyalar tətbiq olunacaq” deyə əlavə edən Bessent bildirib ki, ABŞ-nin aprel ayında İrana qarşı tətbiq etdiyi və iyunun ortalarında bir aylıq dayandırdığı dəniz blokadasını nəzərdə tutur.
“Sanksiyalar İranda nəticə verəcək və biz bu rejimi dağıdacağıq. Artıq müttəfiqlərimizin və bütün dünyanın seçim etməsinin vaxtıdır” Bessent belə deyib.
Müharibəni dayandırması üçün ölkə daxilində Trampa təzyiqlər artırr. Yüksək neft qiymətləri onun reytinqini aşağı salır və noyabrda keçiriləcək aralıq seçkilərində Respublikaçılar Partiyasının Konqres üzərində nəzarəti itirmək riskini artırır.
“Politfm”



