İllüstrasiya: Sİ

 

 

Astronomlar qeyri-adi dərəcədə sıx və böyük qayalı ekzoplanet aşkarlayıblar. “GJ 523b” adlandırılan planetin radiusu Yerin radiusundan təxminən 2,5 dəfə böyük, kütləsi isə 23,5 dəfə ağırdır.

Bu barədə “The Economic Times” məlumat yayıb.

Təxminən 170 milyon yaşında olduğu müəyyən edilən “GJ 523b”-nin xüsusiyyətləri böyük qayalı planetlərin formalaşması ilə bağlı mövcud elmi təsəvvürlərə meydan oxuyur.
“GJ 523b” Viskonsin–Madison Universitetinin “Wisconsin Center for Origins Research” (WiCOR) mərkəzinin alimləri tərəfindən araşdırılıb. Tədqiqata astronomiya üzrə doktorant Maks Kroft rəhbərlik edib. Araşdırmanın nəticələri hazırda elmi ekspertiza mərhələsindədir və məqalənin ilkin versiyası “arXiv” açıq elmi arxivində dərc olunub.

Planetin radiusu Yerinkindən 2,55 dəfə böyük, kütləsi isə Yer kütləsinin 23,5 qatıdır. Hesablamalar onun hər kubsantimetr üzrə orta sıxlığının 7,8 qram olduğunu göstərir. Müqayisə üçün, Yerin orta sıxlığı təxminən 5,5 qram/kubsm-dir. Bu göstəricilər “GJ 523b”-nin əsasən ağır maddələrdən – süxur və metallardan ibarət olduğunu göstərir.

Alimləri təəccübləndirən əsas məqam isə planetin bu qədər böyük kütləyə malik olmasına baxmayaraq, qalın qaz təbəqəsinə sahib olmamasıdır. Planetlərin formalaşmasına dair mövcud modellərə görə, belə böyük kütləyə çatan planet nüvəsi ətrafındakı hidrogen və heliumu cəzb edərək qalın qaz örtüyü yaratmalıdır. “GJ 523b”-də isə belə bir qaz örtüyünün çox az olduğu görünür.

Məhz ölçüsü ilə yüksək sıxlığının qeyri-adi vəhdəti “GJ 523b”-ni “Meqa-Yer” adlandırmağa əsas verib. Astronomlar bu ifadədən on ildən artıqdır istifadə etsələr də, indiyədək bu kateqoriyanı dəqiq müəyyənləşdirməyə imkan verən planet nümunəsi olmayıb.

“GJ 523b” əvvəlcə NASA-nın TESS kosmik teleskopunun müşahidələri zamanı müəyyən edilib. TESS ulduzların parlaqlığındakı dövri azalmaları qeydə alaraq onların qarşısından keçən planetləri aşkarlayır. Daha sonra planet Arizona ştatındakı WIYN teleskopunda yüksək dəqiqlikli spektroqraf vasitəsilə müşahidə olunub.

“GJ 523b” öz ulduzu ətrafında bir dövrəni cəmi 17,75 günə tamamlayır. Onun tarazlıq temperaturunun təxminən 538 Kelvin, yəni 265 dərəcə Selsi olduğu hesablanıb.
Alimlər planetin niyə qalın atmosferə malik olmamasını hələ dəqiq izah edə bilmirlər.

Ehtimallardan birinə görə, GJ “523b” əvvəllər daha böyük qaz örtüyünə malik olub, lakin ulduzuna yaxınlığı və yüksək temperatur səbəbindən atmosferinin böyük hissəsini itirib.
Digər ehtimala görə isə “GJ 523b” iki böyük planetin toqquşması nəticəsində yarana bilərdi. Belə nəhəng toqquşma planetlərin qaz örtüyünün böyük hissəsini kosmosa dağıdaraq özündən sonra əsasən süxur və metallardan ibarət son dərəcə sıx bir planet qoya bilərdi.

Tədqiqatçılar bu fərziyyələrdən hansının doğru olduğunu müəyyənləşdirmək üçün “GJ 523b”-yə bənzər başqa planetlərin aşkarlanmasının vacib olduğunu bildirirlər. Alimlərin fikrincə, belə 20–30 planetin tapılması onların kütləsi, orbitləri və formalaşma tarixləri arasında müəyyən qanunauyğunluqları üzə çıxara bilər.

“GJ 523b”-nin qeyri-adi xüsusiyyətləri planetlərin formalaşması haqqında mövcud modellərin sərhədlərini yenidən nəzərdən keçirməyə imkan verə bilər. Çünki bu planet bir tərəfdən nəhəng qaz örtüyü formalaşdıracaq qədər böyükdür, digər tərəfdənsə əsasən qayalı quruluşunu qoruyub saxlayıb.

“Politfm”