Foto: internet

 

 

Azərbaycana çay bitkisi ilk dəfə 19-cu əsrin sonlarında (1896-cı ildə) gətirilsə də, sənaye üsulu ilə becərilməsinə 1930-cu illərdən başlanılıb. Ölkə SSRİ dövründə sarı çay istehsalına görə mühüm mərkəzlərdən biri hesab olunub. İlk çay fabriki 1937-ci ildə Lənkəranda fəaliyyətə başlayıb.

Əsas istehsal mərkəzi çayçılıq üçün ideal iqlimə (rütubətli subtropik) malik cənub zonası (Lənkəran, Astara, Masallı), son dövrlərdə isə həm də Zaqataladır. Bu sektor emal və brendləşmə potensialına görə əlavə dəyər yarada biləcək sahələrdən biridir.

Amma çayçılığın Azərbaycan iqtisadiyyatındakı payı hələ də çox məhdud olaraq qalır. İllik bazar dəyəri təxminən 30–50 milyon manat aralığında formalaşır.
Ölkənin ÜDM-i təxminən 129,1 milyard manat, kənd təsərrüfatının ÜDM-dəki payı 5–6%, çayçılığın ÜDM-dəki payı isə təxminən 0,02–0,04% səviyyəsindədir.
Bu, çayşılığın kənd təsərrüfatı daxilindəki payının 1%-dən də aşağı olması deməkdir.

İxrac, idxal və istehsal

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-mart aylarında Azərbaycanda 2644,3 ton çay istehsal edilib. Bu, ötən ilin eyni dövrüylə müqayisədə 6,4% faiz çoxdur. İxrac göstəricilərində də (204,12 ton) yüksəliş müşahidə olunur – ötən ilin birinci rübünə nisbətən 18,2% (dəyər baxımından 15,1%) artım var. İdxal isə 3 min 158,63 ton (20 milyon 378 min dollar dəyərində) təşkil edib.

2025-ci ildə isə Azərbaycanda 10540 ton çay istehsal edilib. İdxal əvvəlki illə müqayisədə 4,1% az olub – 13 471 ton (82,95 milyon dollar). İxracda (725 ton – 6,6 milyon dollar) da azalma (2,9%) qeydə alınıb.
Azərbaycanın ən çox çay idxal etdiyi ölkə (ümumi idxalın 70-80%-i) Şri-Lankadır. Sonrakı yerləri Hindistan, Vyetnam, Keniya, Rusiya, İran tutur.

İstehlak etdiyimiz çayın keyfiyyəti hansı səviyyədədir?

Çay bazarı üzrə araşdırmalar göstərir ki, bəzi şirkətlərdə rəqabət qanunvericiliyinin pozulması halları baş verir. Bu isə bir çox hallarda bazarda şəffaflıq və rəqabət problemlərinin olmasından xəbər verir və çox vaxt keyfiyyətin aşağı düşməsiylə nəticələnir.

Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin 2022-ci ilin noyabr ayındakı açıqlamasında “Sun Tea” çay fabrikinin də adı çəkilmişdi (abc.az). 

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti isə 2025-ci ilin yanvar ayında qida bazarındakı vəziyyətlə bağlı yoxlamalar aparmış və bildirmişdi ki, Azərbaycanda davamlı olaraq keyfiyyətsiz və ya standartlara uyğun olmayan məhsulların satışı halları qeydə alınır (“today.az”)

Beynəlxalq və sahəvi analizlərdə isə qeyd olunur ki, aşağı keyfiyyətli çay Azərbaycana əsasən xaricdən gətirilir, qablaşdırılaraq əhaliyə “yüksək keyfiyyətli məhsul” kimi satılır və bəzən də yerli çayla qarışdırılır (“Tea Journey”).

Ölkənin çayçılıq sektorunda ən ciddi problem məhz budur: etiketləmə ilə real keyfiyyət arasında uyğunsuzluq.

Bundan başqa, sahə ekspertləri daha bir ziddiyyəti qeyd edirlər: xaricdə satılan Azərbaycan çayı daha keyfiyyətli olur (“Tea & Coffee Trade Journal”).
Onlar bunu belə şərh edirlər: daxili bazardakı qiymət təzyiqi və idxal rəqabəti keyfiyyətə mənfi təsir edir.

Mütəxəssislər bildirirlər ki, keyfiyyətsiz çaylar təkcə dad və ətir baxımından deyil, həm də tərkibindəki yad maddələr və emal prosesindəki qüsurlar səbəbindən sağlamlıq üçün ciddi risklər yarada bilər. Belə ki, keyfiyyətsiz çayların rəngini daha tünd və cəlbedici etmək üçün onlara süni boyaq maddələri əlavə olunur. Bu maddələr mədə-bağırsaq sistemini qıcıqlandırır, allergik reaksiyalara və uzunmüddətli istifadədə qaraciyər yüklənməsinə səbəb ola bilir. Ucuz çaylar çox vaxt torpağı çirklənmiş və ya həddindən artıq kimyəvi dərman (pestisid) istifadə olunan ərazilərdən yığılır.

Qurğuşun, flüor və alüminium kimi elementlərin normadan artıq olması sümüklərdə kövrəkliyə, dişlərin saralmasına və sinir sisteminin zədələnməsinə yol açır. Çay düzgün qurudulmadıqda və ya rütubətli şəraitdə saxlanıldıqda tərkibində gözlə görünməyən kif göbələkləri (aflatoksinlər) yarana bilər. Aflatoksinlər karsinogen (xərçəng yaradan) təsirə malikdir və xüsusilə qaraciyər üçün çox təhlükəlidir. Paket çayların (birdəfəlik) çox ucuz variantlarında çay yarpağı deyil, çay istehsalından qalan tozlar və budaq qırıntıları olur. Bu tozlar bədəndə suyun sorulmasını çətinləşdirə bilər və böyrəklərdə qum toplanması riskini artıran yüksək miqdarda oksalat tərkibli ola bilər.

Çayçılığa mənfi təsir edən amillər

Azərbaycanda çayçılıq sahəsində inhisarçılıq (monopoliya) və süni əngəllər mövzusu həm iqtisadçılar, həm də fermerlər tərəfindən tez-tez müzakirə olunan həssas məsələlərdən biridir.

Ekspertlər hesab edirlər ki, bu məsələyə istər rəsmi, istərsə də real bazar vəziyyəti nöqteyi-nəzərindən baxmaq lazımdır.

Azərbaycan çay bazarında dominat oyunçuların olması sirr deyil. Əsasən “Azərsun Holdinq” kimi böyük şirkətlər həm istehsal, həm emal, həm də qablaşdırma zəncirinin böyük hissəsinə nəzarət edir. Kiçik fermerlərin ən böyük problemi yığdıqları yaşıl çay yarpağını emal edəcək müstəqil fabriklərin azlığıdır.

Əgər bölgədə yalnız bir böyük şirkətin fabriki varsa, fermer məhsulunu həmin şirkətin diktə etdiyi qiymətə satmağa məcbur olur. Bu, klassik monopsoniya (bazarda tək alıcının olması) vəziyyəti yaradır.

Böyük şirkətlər həm də xaricdən (Hindistan, Şri-Lanka) böyük həcmdə xammal idxal edirlər. Yerli çay istehsalı xərcləri yüksək olduğu üçün bu şirkətlər bəzən yerli fermerdən çay almaqdansa, idxal çayını qablaşdırıb satmağa daha çox üstünlük verirlər ki, bu da yerli çayçılığın inkişafına təbii olmayan bir maneə yaradır.

Ekspertlər bildirirlər ki, süni əngəllər daha çox rəqabət mühitinin zəifliyi və resurslara çıxışla bağlıdır. Ən münbit çay plantasiyalarının bir vaxtlar özəlləşdirilməsi zamanı böyük hissəsinin iri sahibkarların əlində cəmləşməsi, yeni və kiçik oyunçuların bazara girməsini çətinləşdirir.

Rəsmi olaraq dövlət hər kəsə dəstək vəd etsə də, praktikada kiçik fermerlərin sənədləşmə və bürokratik maneələr səbəbindən güzəştli kredit və ya texnika alması bəzən müşkülə çevrilir. Kiçik bir istehsalçı keyfiyyətli çay hazırlasa belə, onun böyük supermarket şəbəkələrinin rəflərinə daxil olması üçün tələb olunan “giriş haqları” və ya şərtlər çox vaxt aşılmaz sədd olur.

Mütəxəssislər qeyd edirlər ki, Azərbaycanda çayçılıqda mütləq qanuni monopoliya yoxdur, lakin bazarda ciddi dominatlıq mövcuddur. Əsas “süni əngəl” rəqabətin azlığı və kiçik istehsalçının böyük emalçı qarşısında zəif olmasıdır. Əgər dövlət kiçik fermerlər üçün müstəqil satış kanalları və kiçik emal avadanlıqlarına çıxış imkanlarını artırsa, bu “görünməz zəncirlər” qırıla bilər.

Dövlət çayçılığı necə dəstəkləyir?

Son illərdə bu vəziyyəti dəyişmək üçün bəzi addımlar atıldığı da qeyd olunur. 2025-ci ilin sonlarında qəbul edilən yeni fərmanla Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Çayçılığın inkişafına dair Dövlət Proqramı”na icraçı qurum kimi əlavə edilib. Bildirilir ki, bu, bazarda qiymət diktəsinin və inhisarçı meyillərin qarşısını almaq məqsədi daşıyır. Fermerlərin birləşərək öz kiçik emal sexlərini qurmaları təşviq edilir ki, böyük şirkətlərdən asılılıq azalsın.

Hazırda çayçılığın inkişafı “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində tənzimlənir. Proqramın əsas məqsədləri bunlardır:
– çay plantasiyalarının sahəsini genişləndirmək;
– məhsuldarlığı artırmaq və emal sənayesini müasirləşdirmək;
– cənub bölgəsində (Lənkəran, Astara, Masallı) və qismən şimal-qərbdə (Zaqatala) məşğulluğu təmin etmək.

Dövlət fermerlərin xərclərini azaltmaq üçün birbaşa maliyyə mexanizmləri tətbiq edir.
2024-cü ilin sentyabrından 2025-ci ilin mayınadək salınan və yağışyağdırma suvarma sistemi ilə təmin olunan yeni çay plantasiyaları üçün hər hektara görə 12 000 manat subsidiya müəyyən edilib. 2019-cu ildən sonra salınmış digər plantasiyalar üçün hər hektara 800 manat, daha köhnə bağlar üçünsə 250 manat subsidiya verilir.

Xaricdən asılılığı azaltmaq məqsədilə yerli iqlimə uyğun, yüksək məhsuldar çay sortlarının (tinglərinin) yetişdirilməsi üçün laboratoriyalar və təcrübə sahələri yaradılır. Çay emalı müəssisələrinin qurulması üçün Sahibkarlığın İnkişafı Fondu vasitəsilə aşağı faizli kreditlər verilir.

2027-ci ilə qədər əkin sahələrinin 8000 hektara, yaşıl çay yarpağının istehsalının 8000 tona çatdırılması planlaşdırılır.

Digər ölkələrdə çayçılıq

Qonşu ölkələrdə çayçılıq həm miqyas, həm də dövlət dəstəyi baxımından bizdən kifayət qədər fərqlənir. Xüsusilə Türkiyə və İran bu sahədə dünya nəhəngləri ilə yarışır, Gürcüstan isə sovet dövründəki itkilərini bərpa etməyə çalışır.

Türkiyə çay istehsalında dünyada ilk 5-likdə, istehlakda (adambaşına düşən miqdar) isə 1-ci yerdədir. 2025-ci il məlumatlarına görə, Türkiyə illik təxminən 260,000 – 280,000 ton quru çay istehsal edir (müqayisə üçün: bizdə bu rəqəm 10-12 min ton civarındadır).
Rize və ətrafında “Çaykur” adlı nəhəng dövlət şirkəti var ki, bu da bazarı və qiyməti tənzimləyir. Onlar öz daxili bazarlarını kəskin şəkildə qoruyurlar; xarici çaya çox yüksək gömrük rüsumu qoyurlar ki, xalq öz çayını içsin. Türkiyə çayı əsasən qatqısızdır, lakin bizim alışdığımız Seylon çaylarından dad baxımından fərqlənir (daha yüngül və acısızdır).

İran həm ciddi çay istehsalçısıdır, həm də dünyanın ən böyük çay idxalçılarından biridir. İranın 2025-2026-cı illər üçün çay istehsalı 120,000 tondan çox proqnozlaşdırılır. Əsasən Gilan və Mazandaran bölgələrində istehsal olunur. İran istehsal etdiyi çayın bir hissəsini (məsələn, 2025-ci ildə təxminən 13-15 min ton) Türkiyə, Rusiya və Azərbaycana ixrac edir. Amma özləri də Hindistan və Seylondan çox böyük miqdarda çay alırlar. İranda çayçılıq güclü dövlət dəstəyi altındadır və “İran çayı” brendi bölgədə təbiiliyi ilə tanınır.

Gürcüstan SSRİ dövründə regionun çayçılıq mərkəzi olub, lakin 90-cı illərdə bu sahə tamamilə çöküb. Hazırda illik istehsal 2,000–3,000 ton civarındadır, yəni Azərbaycandan xeyli az.
Gürcülər kütləvi istehsaldan daha çox, orqanik və premium çay istehsalına yönəliblər, Avropa bazarlarına “ekoloji təmiz Qafqaz çayı” ilə çıxmağa çalışırlar.

Çayçılığı necə inkişaf etdirməli?

Azərbaycanda çayçılıq həm tarixi ənənələri, həm də iqtisadi potensialı ilə strateji sahələrdən biridir. Bu sahənin bilicilərinin birmənalı mövqeyi budur ki, çayçılığın səviyyəyə qaldırmaq üçün həm aqrar texnologiyaların müasirləşdirilməsi, həm də düzgün marketinq strategiyası vacibdir.

Çayçılığı inkişaf etdirmək üçün əsas istiqamətlər aşağıdakılardır.

1. Çay bitkisi rütubət sevən olduğu üçün Lənkəran-Astara bölgəsində yağıntıların qeyri-sabitliyi məhsuldarlığa birbaşa təsir edir. Köhnə üsullardan imtina edib, su itkisini azaldan və kökləri birbaşa qidalandıran sistemlərə keçilməlidir. Hər bir plantasiyada torpağın turşuluq (pH) səviyyəsi mütəmadi yoxlanılmalı və mineral balans qorunmalıdır.

2. Azərbaycanın yerli çay sortları (məsələn, “Azərbaycan-2”) dad və ətir keyfiyyətinə görə seçilir Soyuğa və xəstəliklərə davamlı, eyni zamanda yüksək məhsuldar olan yeni yerli sortlar yetişdirilməlidir. Fermerlərin keyfiyyətli şitillərə əlçatanlığı təmin edilməlidir.

3. Yalnız yaşıl çay yarpağı toplamaq kifayət deyil, onun emal prosesi dünya standartlarına cavab verməlidir. Çayın fermentasiyası və qurudulması prosesində rəqəmsal texnologiyalardan istifadə olunmalıdır ki, keyfiyyət sabit qalsın. Ağ çay, oolonq və müxtəlif bitki qarışıqlı çayların istehsalı ilə məhsul xətti genişləndirilməlidir.

4. Azərbaycan çayı dünyada “ekoloji təmiz məhsul” kimi tanınma potensialına malikdir. Beynəlxalq “Organic” və “ISO” sertifikatlarının alınması ixrac imkanlarını artıracaq. Çay plantasiyalarına turist turlarının təşkili həm gəlir gətirər, həm də brendin tanınmasına kömək edər. Yəni, “Made in Azerbaijan” brendi tanıdılmalıdır.

5. Kiçik təsərrüfatların təkbaşına inkişafı çətindir. Fermerlərin birləşərək vahid emal və satış mərkəzləri yaratması xərcləri azaldır. Yeni salınan plantasiyalar üçün verilən dövlət dəstəyinin (məsələn, hər hektara görə verilən subsidiyalar) davamlılığı təmin olunmalıdır.

 

“Politfm”