Foto: internet

 

 

Bu il Azərbaycanda ali məktəblərə qəbul olunanların yarıdan çoxu ödənişli əsaslarla təhsil alacaq.

Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadənin açıqladığı rəqəmlərə görə, ali təhsil müəssisələrinə qəbul müsabiqəsində 87 min 146 nəfər iştirak edib. Onlardan 4 min 215-i subbakalavr olmaqla 58 min 947 nəfər tələbə adını qazanıb.
Qəbul olunanların 28 min 108-i dövlət sifarişi əsasında, 317-si isə dövlət hesabına təhsil almaq hüququ əldə edib. Bu iki kateqoriya birlikdə 28 min 425 nəfər təşkil edir. Ödənişli əsaslarla qəbul olunanların sayı isə 30 min 522 nəfərdir.

Beləliklə, tələbə adını qazananların 51,8 faizi ödənişli, 48,2 faizi dövlət vəsaiti hesabına təhsil alacaq. Ödənişli təhsil alacaq tələbələrin sayı ödənişsiz oxuyacaq tələbələrin sayından 2 min 97 nəfər çoxdur.

DİM sədrinin sözlərinə görə, ali məktəblərin qəbul planı 97,07 faiz dolub. Boş qalan yerlər üzrə növbəti ixtisas seçimi başa çatdıqdan sonra qəbul olunanların sayı bir qədər də arta bilər.

Bu il ali məktəblərə qəbul olunanların sayı ötən illə müqayisədə 1711 nəfər artıb. Dövlət sifarişi əsasında təhsil almaq hüququ qazananların sayı isə keçənilki göstəricidən 290 nəfər çoxdur.

İnkişaf etmiş ölkələrdə vəziyət necədir?

Ali təhsilin maliyyələşdirilməsi ilə bağlı dünyada fərqli modellər tətbiq olunur.
OECD-nin 2025-ci il hesabatına görə, Danimarka, Finlandiya, Norveç və İsveçdə dövlət ali məktəbləri ölkə vətəndaşlarından, eləcə də Avropa İttifaqı və Avropa İqtisadi Məkanı ölkələrindən gələn tələbələrdən təhsil haqqı almır.

Almaniyada dövlət ali məktəblərində bakalavr və magistratura pillələri üzrə ümumi təhsil haqqı yoxdur. Ayrı-ayrı federal torpaqlarda inzibati ödənişlər, bəzi bölgələrdə isə Avropa İttifaqına daxil olmayan ölkələrdən gələn tələbələr üçün təhsil haqqı tətbiq edilə bilər.
Fransada ali təhsil tam ödənişsiz olmasa da, dövlət universitetlərində təhsil haqqı aşağıdır.

“Eurydice”-ın məlumatına görə, 2024–2025-ci tədris ilində dövlət universitetlərində bakalavr proqramı üzrə əsas illik qeydiyyat haqqı 175 avro olub. Tələbələrdən əlavə olaraq 103 avroluq sosial və kampus ödənişi də tutulur, təqaüd alanlar isə bu ödənişdən azaddır.

Bu ölkələrdə ödənişsiz və ya aşağı ödənişli təhsil yalnız məhdud sayda dövlət sifarişli yerə qəbul olunanlara yox, dövlət universitetlərində oxumaq hüququ qazanan yerli tələbələrin daha geniş hissəsinə şamil edilir. Bu baxımdan Azərbaycanın modeli Şimali və kontinental Avropanın dövlət ali təhsil sistemlərindən fərqlənir.

Bununla yanaşı, İngiltərə və ABŞ kimi inkişaf etmiş ölkələrdə ödənişli ali təhsil geniş yayılıb. OECD-nin məlumatına görə, İngiltərədə bakalavr pilləsi üzrə yerli tələbələr üçün orta illik təhsil haqqı alıcılıq qabiliyyəti pariteti ilə 13 min 135 ABŞ dollarına bərabərdir. Tələbələrin 93 faizi gələcək gəlirdən asılı olaraq qaytarılan dövlət təminatlı təhsil kreditlərindən yararlanır.

ABŞ-də dövlət universitetlərində bakalavr təhsilinin orta illik haqqı 9 min 596 dollardır. Tələbələrin təxminən 82 faizi dövlət qrantı, təqaüd və ya dövlətin təminat verdiyi kreditlərdən istifadə edir.

Azərbaycanda ödənişli təhsil ailə büdcəsinə uyğundurmu?

Beynəlxalq təcrübəylə müqayisədə əsas amil ödənişli təhsil alan tələbələrin sayı deyil. Daha vacib məqam təhsil haqqının ailələrin gəlirlərinə nisbəti, təqaüdlərin, qrantların və güzəştli kreditlərin nə qədər tələbəni əhatə etməsidir.

DİM-in açıqladığı 30 522 nəfərlik göstərici yalnız ödənişli yerlərə qəbul olunanların sayını göstərir. Bu tələbələrin bəziləri qanunla nəzərdə tutulan güzəştlərdən, akademik təqaüddən və ya təhsil kreditindən yararlana bilər. Ancaq mövcud rəsmi hesabatlarda tələbələrin neçə faizinin təhsil xərcini tamamilə öz vəsaiti hesabına ödədiyi qeyd olunmur.

Dövlət Statistika Komitəsinin ev təsərrüfatları üzrə son tədqiqatına görə, 2025-ci ildə ölkədə adambaşına düşən orta aylıq gəlir 388,93 manat, əhalinin 20 faizini təşkil edən aşağı gəlirli təbəqədə isə 253,1 manat olub.

UNEC-in rəsmi saytında əyani bakalavriat proqramları üçün göstərilən illik təhsil haqqı 1900–2600 manat arasında dəyişir. Bu məbləğ ölkə üzrə adambaşına düşən orta illik gəlirin təxminən 41–56 faizinə, ən aşağı gəlirli qrupda isə 63–86 faizinə bərabərdir.
Daha bahalı proqramlarda fərq xeyli böyükdür.

Məsələn, ADA Universitetinin saytındakı 2025-ci ilə aid cədvəldə Azərbaycan vətəndaşları üçün bakalavriat proqramlarının illik ödənişi 6000–8000 manat göstərilir. Bu, ölkə üzrə adambaşına düşən orta illik gəlirin 129–171 faizi deməkdir.

Müqayisə üçün, 2026-cı ilin ilk yarısında muzdla çalışanların orta aylıq nominal əməkhaqqı 1174,4 manat olub. Beləliklə, UNEC-dəki illik ödəniş orta əməkhaqqının 1,6–2,2 aylıq, ADA-dakı ödəniş isə 5,1–6,8 aylıq məbləğinə uyğun gəlir.

Bu nisbətlər konkret ailənin gəlirinin hansı hissəsini təhsil haqqına xərclədiyini dəqiq göstərmir. Ailələrin ölçüsü və işləyən üzvlərinin sayı fərqlidir. Bununla belə, rəqəmlər ödənişin xüsusilə aşağı gəlirli ailələr üçün ciddi maliyyə yükü yaratdığını göstərir. Üstəlik, bu hesablamaya tələbənin yaşayış, nəqliyyat, dərslik və digər gündəlik xərcləri daxil deyil.

Təqaüdlərin əhatəsi geniş görünsə də, onlardan təhsil haqqının ödənilməsi üçün istifadə olunması real görünmür. Dövlət Statistika Komitəsinin 2024/2025-ci tədris ilinə dair cədvəlinə əsasən, dövlət ali məktəblərinin əyani şöbələrində oxuyan 195 216 tələbədən 105 961-i təqaüd alıb. Təqaüd həm dövlət sifarişli, həm də ödənişli tələbələrə akademik nəticələrə görə verilə bilər. Bakalavriat səviyyəsində hazırkı aylıq məbləğ 110–200 manatdır. Bu, tələbənin gündəlik xərclərinə dəstəkdir.

Qanunvericilik bəzi ödənişli tələbələrin təhsil haqqının dövlət büdcəsindən ödənilməsinə də imkan verir. Məcburi köçkün statusu olan şəxslər, valideyn himayəsindən məhrum olanlar, müəyyən dərəcədə əlilliyi olan şəxslər, şəhid ailələrinin üzvləri, şəhid və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin övladları, eləcə də müharibə veteranları bu güzəştdən yararlana bilərlər.

Lakin Elm və Təhsil Nazirliyinin 2025/2026-cı tədris ili üzrə hesabatında ali məktəblərdə bu güzəştlə oxuyanların ümumi sayı ayrıca göstərilmir. Buna görə güzəştin ödənişli tələbələrin neçə faizini əhatə etdiyini hesablamaq mümkün deyil.

Təhsil Tələbə Krediti Fondu ailənin cari yükünü azaltmağa imkan verən əsas mexanizmdir. 2025/2026-cı tədris ilində 31 256 müraciət daxil olub və 27 451 kredit müqaviləsi rəsmiləşdirilib. Müqavilələrin 9664-ü sosial, 17 787-si standart kredit olub, təhsil müəssisələrinə 26 milyon manatdan çox vəsait köçürülüb. Ancaq bu rəqəm 27 451 tələbə demək deyil. Kredit hər semestr üzrə rəsmiləşdirilir və statistikaya ali məktəblərlə yanaşı orta ixtisas və peşə təhsili də daxildir. Buna görə həmin göstəricini 30 522 ödənişli qəbul yeri ilə müqayisə etmək olmaz.

Sosial kredit illik 2, standart kredit isə 6 faizlə verilir. Standart kreditdən yararlanan tələbə illik təhsil haqqının azı 20 faizini özü ödəməlidir. Təhsil müddətində faiz hesablanmır və ödəniş tələb edilmir. Bununla belə, kredit təhsil haqqını ləğv etmir, sadəcə ödənişi gələcək illərə keçirir. Yüksək akademik nəticə göstərənlər üçün borcun müəyyən hissəsinin silinməsi nəzərdə tutulub. Fondun fəaliyyətə başlamasından 2026-cı il iyunun 16-dək 691 sosial kredit müqaviləsi üzrə borcun 50 faizi, 1684 standart kredit müqaviləsi üzrə isə 25 faizi silinib.

“Politfm”