Foto: “President.az”
Almaniyada rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev və bu ölkənin kansleri Fridrix Merzlə Berlində keçirdikləri görüşdən sonra birgə mətbuata konfransı keçiriblər.
Əliyev bildirib ki, tərəflər strateji dialoqa start veriblər, bu gün imzalanan sənədlər Azərbaycan-Almaniya münasibətlərini yeni mərhələyə yüksəldəcək (APA).
O həmçinin qeyd edib ki, Azərbaycan bu il Almaniyaya təbii qaz ixracına başlayıb və ölkədən tədarük olunan enerji resursları Avropanın enerji təhlükəsizliyinə töhfə verir:
Prezident Almaniya şirkətləri ilə qaz ixracı üzrə illik həcmi 1.5 milyard kubmetr olan 10 illik saziş imzalandığını vurğulayıb:
“Təbii ki, bu göstərici artırıla bilər. Əsas əngəllərdən biri maliyyələşmə ilə bağlıdır. Avropa bankları yaşıl gündəliyə görə neft-qaz layihələrini dəstəkləməyi dayandırıb. Yaxşı olar ki, bu qurumlar öz qərarlarına yenidən baxsınlar”.
Əliyev həmçinin Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyətinin genişləndirilməsi ilə bağlı təkliflər irəli sürüldüyünü açıqlayıb. Onun sözlərinə görə, xüsusilə sənaye, rəqəmsal texnologiyalar, nəqliyyat və yaşıl enerji sahələrində əməkdaşlığın inkişafı üçün geniş imkanlar mövcuddur.
İ
O, çıxışında Azərbaycan-Ermənistan münasibətlərindəki normallaşma prosesindən də danışıb, bölgədə davamlı sülhün təmin olunmasının bütün region üçün yeni imkanlar yaradacağını bildirib, Azərbaycanla Almaniya arasında əməkdaşlığın Cənubi Qafqazda sabitlik və iqtisadi inkişaf baxımından da əhəmiyyət daşıdığını vurğulayıb.
Fridrix Merz isə Almaniyanın Azərbaycanla siyasi və iqtisadi əməkdaşlığı daha da inkişaf etdirmək niyyətində olduğunu bildirib. O, enerji təhlükəsizliyi, iqtisadi əlaqələr və regional sabitliyin ikitərəfli münasibətlərin əsas istiqamətləri olduğunu qeyd edib.
“Qarşıdakı illərdə, xüsusilə enerji sektorunda əməkdaşlığımızı böyütmək niyyətindəyik. Almaniya idxalı, özəlliklə də qaz alışını şaxələndirməkdə olduqca maraqlıdır” – Merz belə deyib.
O, Azərbaycan-Ermənistan münasibətləri barədə də danışıb, iki ölkə arasında davam edən sülh prosesini dəstəklədiklərini vurğulayıb.
Görüş çərçivəsində Azərbaycan və Almaniya arasında İkitərəfli Tərəfdaşlığın Strateji Gündəliyi haqqında Birgə Bəyannamə də daxil olmaqla, bir sıra sənədlər imzalanıb.
“Politfm”



