Foto: internet
Dünya iqtisadiyyatı sürətlə enerji keçidi mərhələsinə daxil olur. Elektrikli avtomobillərin sürətlə yayılması, bərpa olunan enerji mənbələrinin ucuzlaşması, karbon emissiyalarına qarşı sərtləşən qlobal siyasətlər və sənayenin rəqəmsallaşması neftdən asılılığı azalmağa yönəlib. Neft ixracından asılı olan ölkələr üçün bu, tarixi-strateji seçim anıdır. Çinki neft gəlirlərinin azalacağı və hətta tükənəcəyi dövr çox da uzaqda deyil.
XXI əsrin sərvəti torpaq altından çıxan resurslar yox, bilik, data və alqoritmlərdir. Bu əsr süni intellekt, yüksək texnologiya və rəqəmsal iqtisadiyyat əsridir.
2025-ci ildə qlobal süni intellekt bazarının həcmi təxminən 260–390 milyard dollar olub, 2030-cu ilə qədərsə 860 milyarddan 2 trilyon dollara qədər yüksələcəyi proqnozlaşdırılır. Bu, illik 25–32% artım deməkdir. Bu o deməkdir ki, gələcəyin ən böyük gəlir mənbəyi texnoloji platformalar, süni intellekt həlləri və rəqəmsal xidmətlər olacaq.
Dünya nümunələri
Norveç bu sahədə ən klassik uğur hekayəsidir. Neft gəlirlərini gündəlik büdcəyə deyil, Gələcək Nəsillər Fonduna (Government Pension Fund Global) yönəldən ölkə bu gün dünyanın ən böyük suveren sərvət fonduna sahibdir. 2025-ci il sonunda fondun vəsaiti 2.2 trilyon dollara yaxınlaşıb, texnologiya sektorundakı investisiyalar onun gəlirlərində mühüm rol oynayır.
Birləşmiş Ərəb Əmirlikləri isə daha iddialı addım atıb. Ölkənin Milli Süni İntellekt Strategiyası 2031-ci ilə qədər süni intellektin qeyri-neft ÜDM-ində təxminən 20% paya çatmasını hədəfləyir. Səudiyyə Ərəbistanı isə “Vision 2030” proqramı ilə neftdən asılılığı azaltmaq, texnologiya, turizm və innovasiya sahələrini inkişaf etdirmək istiqamətində sistemli iş aparır.
Bu nümunələr göstərir ki, sərvət yalnız yeraltı resursların həcmi ilə ölçülmür – əsas şərt onu necə idarə etməkdir.
Azərbaycanda bu sahədə hansı işlər görülüb?
Azərbaycan da oxşar strateji seçim qarşısındadır. Enerji ixracından əldə olunan əlavə gəlirlər (ARDNŞ-in aktivləri 2025-ci il sonunda 73.5 milyard dollara çatıb) ölkənin uzunmüddətli inkişafına yönəlməlidir.
Amma qlobal rəqabətin sürətiylə müqayisədə indiki addımlar kifayət etməyəcək. Rəqəmsal inkişafı yalnız dövlət xidmətləri ilə məhdudlaşdırmaq olmaz. Süni intellekt, yüksək texnologiyalı istehsal və innovasiya sahəsində daha cəsarətli və sistemli siyasət tələb olunur.
Azərbaycan da bu strateji keçidə hazırlaşmağa başlayıb. 2025-ci ilin mart ayında Prezident İlham Əliyevin Sərəncamı ilə 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası təsdiq edilib. Bu, ölkədə süni intellect (Sİ) sahəsində ilk hərtərəfli dövlət sənədidir.
Digər qərarlar və görülən işlər bunlardır:
– Süni İntellekt Strategiyasının qəbulu və 2026–2028-ci illər üçün Rəqəmsal İnkişaf Fəaliyyət Planının hazırlanması;
– İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) fəaliyyətinin gücləndirilməsi və startaplara qrant mexanizmlərinin işə salınması;
– ASAN Süni İntellekt Mərkəzi kimi platformaların yaradılması;
– dövlət xidmətlərində süni intellekt elementlərinin tətbiqi (e-hökumət sistemlərinin avtomatlaşdırılması);
– universitetlərdə və AMEA-da Sİ və data elmi istiqamətində tədris proqramlarının genişləndirilməsi;
– texnoparklar və innovasiya mərkəzləri vasitəsilə kiçik Sİ layihələrinin dəstəklənməsi;
– dövlət büdcəsində rəqəmsal transformasiya istiqamətində vəsaitlərin ayrılması (2026-cı il üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi xətti ilə AI strategiyasının icrası üçün vəsait nəzərdə tutulub).
Bundan başqa, Dövlət Neft Fondu da texnologiya sektoruna investisiyanını həcmini artırır. 2025-ci ildə fondun portfelində bu sahənin payı təxminən 8%-ə çatıb.
Amma bu addımlar kifayət qədər sistemli və genişmiqyaslı deyil. Görülən işlər strateji çərçivə və institusional quruluş mərhələsi kimi qiymətləndirilə bilər. Qlobal rəqabətdəki sürətə yaxınlaşmaq üçün səyləri artırmaq lazımdır, həm də yubanmadan.
Sürətli inkişafa necə nail olmaq olar?
Sahənin inkişafını sürətləndirmək üçün ilk növbədə bu addımlar atılmalıdır:
– Texnologiya və Süni İntellekt Fondu yaradaraq neft gəlirlərinin müəyyən hissəsini bu fonda ayırmaq;
– universitet–sənaye əməkdaşlığını gücləndirmək və süni intellekt, kibertəhlükəsizlik, yarımkeçirici texnologiyalar üzrə ixtisaslaşmış mərkəzlər yaratmaq;
– məktəb səviyyəsindən kodlaşdırma və rəqəmsal savadlılığı prioritetə çevirmək;
– xarici texnologiya şirkətləri üçün Azərbaycanda regional innovasiya və R&D mərkəzləri qurmağa cəlbedici mühit yaratmaq;
– dövlət satınalmalarında yerli texnoloji həllərə üstünlük vermək.
Bu gün neft gəlirlərini daha çox cari xərclərə yönəltmək mövcud problemlərin həlli baxımından məntiqli görünə bilər, amma gələcəyin təminatı müasir texnologiyalar və insan kapitalı olduğu üçün artıq təkcə neft bazarının yox, süni intellekt bazarının da oyunçusuna çevrilmək lazımdır.
“Politfm”



