Foto: internet

 

Bu gün – aprelin 30-da, saat 14 radələrində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində partlayış baş verib.

Hadisə barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilir ki, onkoloji xəstə kimi qeydiyyatda olan 1988-ci il təvəllüdlü Mübariz Sahib oğlu Əliyev mərkəzin Radiologiya şöbəsində həkim Asif Akif oğlu Nəsirovu öldürmək üçün partlayıcı maddədən istifadə edib.

Baş vermiş partlayış nəticəsində Mübariz Əliyev hadisə yerində ölüb, ağır bədən xəsarətləri almış Asif Nəsirov xəstəxanaya yerləşdirilib.

Hadisəylə bağlı Yasamal rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,120.2.4 (ümumi təhlükəli üsulla adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri üzrə cinayət işi açılıb.

 

“Politfm”