Foto: internet
İtaliya Nazirlər Şurasının sədri Corciya Meloni dünən – mayın 4-də Azərbaycana səfər edib. Səfər zamanı iki ölkə arasında iqtisadi, enerji, hərbi-texniki və humanitar sahələri də əhatə edən çoxşaxəli və dayanıqlı əməkdaşlıq platforması müzakirə olunub.
Azərbaycan Prezidenti İlham Əliyev Meloni ilə birgə keçirdiyi mətbuat konfransında deyib ki, Azərbaycan son bir neçə il ərzində İtaliya iqtisadiyyatına 3 milyard dollar sərmayə qoyub. İtaliya tərəfindən Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların həcmi isə 800-850 milyon dolları civarındadır.
“Bu tərəfdaşlıq İtaliya üçün konkret və uzunmüddətli əhəmiyyət daşıyır. Azərbaycanla enerji, təhlükəsizlik, nəqliyyat və logistika bağlantıları, investisiyalar və siyasi dialoq sahələrində artıq çox önəmli olan əməkdaşlığı daha da möhkəmləndirməyi və onu getdikcə ölkələrimiz üçün konkret imkanlara çevirməyi hədəfləyirik” – Meloni “X” platformasında səfərlə bağlı belə yazıb.
İtaliya uzun illərdir ki, Azərbaycanın əsas ticarət tərəfdaşıdır. 2025-ci ildə iki ölkə arasında ticarət dvrüyyəsi 11.86 milyard dollar olub. Bu ilin yanvar-mart aylarında isə ticarət əməliyyatlarının həcmi 2,604 milyard dolları təşkil edib.
Azərbaycanın ümumi ixracının təxminən 45.3%-i məhz İtaliyanın payına düşür. Bu o deməkdir ki, Azərbaycanın xaricə satdığı hər iki dollarlıq məhsuldan birini İtaliya alır. Ölkənin xarici ticarət dövriyyəsinin 24%-i (hər 100 dolların 24-ü) İtaliya ilə aparılan əməliyyatlara aiddir.
TAP (Trans-Adriatik Boru Kəməri) vasitəsilə 2025-ci ildə İtaliyaya təxminən 10 milyard kubmetr qaz ixrac edilib. Azərbaycan İtaliyanın qaz təchizatında ikinci ən böyük tərəfdaşdır.
“Politfm”



