ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenskinin BMT Baş Assambleyasının 80-ci toplantısı çərçivəsində görüşü, 23 sentyabr 2025, Nyu-York (foto: Prezident Administrasiyası)
“Zelenskidən xoşum gəlir, ukraynalılar yaxşı döyüşürlər”.
ABŞ Prezidenti Donald Tramp “Salem News” kanalına müsahibəsində belə deyib.
Aparıcı Trampdan soruşub ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ müttəfiqlərinə antidron vasitələri təklif etməsindən sonra ona münasibəti dəyişibmi. Amerika prezidenti Zelenskini “hiyləgər oğlan” adlandırıb və dərhal əlavə edib ki, ondan xoşu gəlir.
“Düşünürəm ki, biz həmişə yaxşı anlaşmışıq, Oval kabinetdəki o hadisə istisna olmaqla — məncə, onda o, bir qədər aqressiv idi” deyə, Tramp əlavə edib. Amerika prezidenti 28 fevral 2025-ci ildə özü, vitse-prezident Cey Di Vens və Zelenski arasındakı söz atışmasını nəzərdə tutub (“RadioSvoboda”).
Tramp qeyd edib ki, ABŞ artıq Ukraynaya silahları qarşılıqsız vermir. Bununla belə, ukraynalılar döyüşürlər və ən yaxşı silahlarla təchiz edilib-edilməmələrindən asılı olmayaraq Rusiyanı uzun müddət cilovlamağa qadirdirlər.
O bildirib ki, Ukrayna bu mübarizədə ərazi itirir, amma Rusiya da itkilər verir. Tramp aparıcının Ukraynanın NATO üzrə ABŞ müttəfiqlərindən daha yaxşı performans göstərdiyi barədə fikrinə etiraz etməyib.
Amerika prezidenti həmçinin vurğulayıb ki, Ukrayna NATO ölkələrinin satın alıb verdikləri Amerika silahlarından “yaxşı istifadə edir”.
Tramp əvvəllər Zelenski barədə ziddiyyətli fikirlər səsləndirib: bir dəfə onu “seçkisiz diktator” adlandıraraq Rusiya ilə sülh istəməməkdə ittiham edib, başqa bir dəfə isə Zelenskiyə və Ukrayna xalqının cəsarətinə hörmət etdiyini bildirərək Vladimir Putini tənqid edib.
Zelenski isə bildirib ki, Trampla normal münasibətləri formalaşıb. O, dəfələrlə ABŞ prezidentinə göstərdiyi dəstəyə və sülh təşəbbüslərinə görə təşəkkür edib, amma bəzi açıqlamalarında müəyyən tənqidi fikirlər də səsləndirib.
“Politfm”



