Naxçıvana dron hücumu regional gərginliyi “soyuq müharibə” fazasından birbaşa hərbi eskalasiya müstəvisinə keçirib.

Bu təxribat fonunda Nazirlər Kabinetinin İran-Azərbaycan sərhədində yük avtomobillərinin hərəkətini tam dayandırmaqla bağlı qərarı cənub sərhədini “hərbi rejim” şərtlərinə uyğunlaşdırmaq, hərbi eskalasiya ehtimalına qarşı logistik xətləri təmizləmək kimi qiymətləndirilə bilər.

Belə görünür ki, baş vermiş insident Azərbaycan hakimiyyətini bütün cənub sərhədi boyunca yüksək hazırlıq vəziyyətinə keçməyə sövq edib.

Hərbi-strateji zərurət

Yük avtomobillərinin hərəkətinin dayandırılması hərbi logistika baxımından bir neçə kritik məqsəd üçün nəzərdə tutulmuş ola bilər.

Əvvəla, logistik manevr azadlığı üçün – hərbi texnikanın və şəxsi heyətin sərhəd zonalarına sürətli dislokasiyasını təmin etmək baxımından əsas magistral yolların mülki və xarici yük maşınlarından təmizlənməsi vacibdir.

İkincisi, infiltrasiya riskinin qarşısını almaq üçün – yük avtomobillərində hərbi təyinatlı yüklərin, kəşfiyyat qruplarının və ya təxribatçı vasitələrin ölkə ərazisinə sızması ehtimalı müharibə riskinin artdığı dönəmdə ən böyük təhlükəsizlik boşluğu hesab olunur. 

Naxçıvanın təhlükəsizliyi

Naxçıvana dron hücumu Yaxın Şərqdəki münaqişənin genişlənərək həm də Azərbaycan-İran qarşıdurmasına çevrildiyini göstərir.

Naxçıvanın əsas təchizat xətlərindən birinin İran ərazisindən keçdiyini nəzərə alsaq, Bakının bu qərarı həm də alternativ kanalların (məsələn, Türkiyə variantının) dərhal aktivləşdirilməsi və daxili ehtiyatların səfərbər edilməsi üçün bir siqnaldır.

Bu vəziyyətdə iqtisadi itkilər artıq ikinci dərəcəli məsələyə çevrilir, amma bu itkilərin miqyasına nəzərən demək olar ki, dövlət kifayət qədər böyük resursları riskə atır.

Büdcə və neft gəlirləri

2026-cı ilin əvvəlindən neft gəlirlərinin təxminən 665 milyon dollar civarında azalması fonunda (itki) tranzit gəlirlərindən də imtina edilməsi göstərir ki, hakimiyyət iqtisadi dividendəri arxa plana keçirib.

İnflyasiya və təminat

Tranzit xətlərinin kəsilməsi daxili bazarda müəyyən məhsul qrupları üzrə qısamüddətli qıtlıq və inflyasiya yarada bilər. Belə vəziyyət iqtisadiyyatda “təklif şoku” ehtimalını yaradır və bu, qiymətlərin formalaşmasına və mal təchizatına təsir edir.

Azərbaycanın İrandan idxal strukturuna əsasən ehtimal etmək olar ki, tranzitin dayanması ilk növbədə aşağıdakı sahələrdə təklif boşluğu yarada bilər:

– tikinti materiallarının (sement, kafel-metlax və şüşə məhsullarının) mühüm hissəsi İrandan gəlir. Bu malların idxalının dayanması daxili tikinti bazarında layihələrin ləngiməsi və ya alternativ (daha baha) mənbələrə keçid ehtimalını gücləndirir;

– İrandan mövsümi ərzaq məhsullarının – ucuz meyvə-tərəvəzin idxal edilməsi daxili bazarda qiymət tənzimləyicisi rolunu oynayırdı. Bu kanalın bağlanması xüsusilə yerli istehsalın az olduğu keçid mövsümlərində qiymətlərin 15-20% sıçrayışına zəmin yarada bilər;

– plastik və kimya sənayesi üzrə xammal tədarükünün dayanması yerli qablaşdırma və istehsal sahələrində maliyyə xərclərini artıra bilər.

Logistik “bahalaşma zənciri” və inflyasiya


Alternativ marşurt

İnflyasiya təkcə qıtlıqdan yox, həm də malın daşınma xərclərinin artmasından qaynaqlandığına görə, idxalda marşrut diversifikasiyası baş versə, yəni yük maşınları İran yoluna alternativ olaraq Türkiyə və ya Gürcüstan dəhlizlərindən istifadə etməli olsalar, yanacaq və yol xərcləri yüksələcək. Bu logistik artım birbaşa məhsulun maya dəyərinə “oturur”.

Qıtlıq gözləntisi

İnflyasiyanı tətikləyən digər amil bazar iştirakçılarının “qıtlıq olacaq” gözləntisidir – bu gözlənti bəzən real iqtisadi səbəblərdən daha sürətli bahalaşma yaradır. Malları satışa çıxarmamaq meyli süni qiymət artımına gətirib çıxara bilər.

Daxilolmaların azalması 

Sərhəd keçidinin yük avtomobilləri üçün qapadılması tranzit daşımalardan və birbaşa idxaldan yığılan gömrük rüsumlarının azaldacaq. Tranzit yük maşınlarının ödənişləri xüsusilə qeyri-neft büdcə daxilolmalarında stabil paya malikdir.

Ticarət dövriyyəsinin azalması vergi daxilolmalırana da mənfi təsir edəcək – bu zəncirdə iştirak edən yerli şirkətlərin dövriyyə və mənfəət vergisi ödənişlərində qısamüddətli geriləmə yaranacaq.

Strateji ehtiyatlardan istifadə ssenarisi

Hökumət ehtimal olunan riskləri sığortalamaq üçün strateji ərzaq və xammal ehtiyatlarından istifadə edə bilər. Amma qıtlıq riskinin azalması dövlət xərclərinin artması və valyuta ehtiyatlarının daxili bazara yönləndirilməsi ehtimalını yaradır.

***
Dünən – martın 5-də İran Naxçıvana dron zərbələri endirib.
Azərbaycan XİN dronlardan birinin muxtar respublikanın hava limanının terminal binasına, digərinisə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşdüyünü, hava limanına ziyan dəydiyini, 4 nəfərin xəsarət aldığını açıqlayıb.

Prezident İlham Əliyev bu hücumu “terror aktı” adlandırıb, qeyd edib ki, “Bizim Silahlı Qüvvələrimiz – Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib”.

“Politfm”