İran ABŞ və İsraillə müharibədə əsasən öz istehsalı olan silahlardan – raketlərdən və pilotsuz uçuş aparatlarından (PUA) istifadə edir.
İran rəsmiləri hərbi əməliyyatları dayandırmayacaqlarını bəyan edirlər. Bunun üçün İranın kifayət qədər silahı varmı? Onun arsenalında nələr var?
Müharibənin hələ üçüncü günündə İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani belə demişdi:
“ABŞ-dən fərqli olaraq İran uzunmüddətli müharibəyə hazırlaşıb”.
O, müharibə başlayandan bəri İran rəsmilərinin tez-tez təkrarladığı mesajı yenidən səsləndirib:
“Nəticəsi nə olursa-olsun, özümüzü müdafiə edəcəyik.”
“Pandoranın qutusu”nu açmaq
ABŞ və İsrail İrana qarşı koordinasiyalı və intensiv hərbi əməliyyat həyata keçirir. Hücumlar əsasən yüksək vəzifəli şəxsləri və hərbi obyektləri hədəfə alır.
İransa buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi regionunda yerləşən ABŞ hərbi bazalarına zərbələr endirir. Birləşmiş Ərəb Əmirlikləri İranın yüzlərlə hava hücumuna məruz qaldığını açıqlayıb.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper bildirib ki, İran martın 4-nə qədər həyata keçirdiyi hücumlarda 500-dən çox ballistik raket və 2 mindən artıq PUA istifadə edib. Onun sözlərinə görə, bu hücumlarda mülki hədəflər də vurulub.
Aadının açıqlanmasını istəməyən hərbi ekspert DW-yə deyib ki, İranın əslində neçə ballistik raket və PUA-ya sahib olduğu dəqiq bilinmir.
Onun sözlərinə görə, 2024-cü ilin oktyabrında HƏMAS lideri İsmail Haniyənin Tehranda öldürülməsinə cavab olaraq İsrailə yüzlərlə raket atmaq İran üçün bir növ “Pandoranın qutusu”nu açmaq olub.
İranın raket ehtiyatı
Müharibə başlayanda İsrail hərbçiləri İranın təxminən 2500 ballistik raketə malik olduğunu düşünürdülər.
Lakin həmin vaxtdan bəri yüzlərlə raket artıq istifadə olunub.
ABŞ və İsrailin bombardmanlarında bəzi raketlər hələ istifadə edilmədən məhv edilib, bir qismi isə bombalanan anbarların dağıntıları altında qalıb.
Bu səbəbdən hazırda real ehtiyatın nə qədər olduğu dəqiq bilinmir.
İnternetdə yayılan peyk görüntülərində Kirmanşah, Kərəc, Xürrəmabad və Təbrizdəki raket bazalarına edilən hücumların izləri görünür. Bəzi yeraltı silah anbarlarının girişlərinin dağıldığı iddia olunur.
Ekspertlər bildirirlər ki, texnologiyanın inkişafı sayəsində əvvəllər mümkün olmayan şeylər indi əlçatandır, mobil raket qurğuları çox ciddi şəkildə izlənilir. Buna baxmayaraq həmin sistemlərin nə qədərinin məhv edildiyi tam aydın deyil.
Digər tərəfdən, müharibədən əvvəl İranın anbarlardan neçə raketi çıxarıb ölkə ərazisinə yaydığı da bilinmir.
PUA istehsalında İranın üstünlüyü
Hesab olunur ki, İrann pilotsuz uçuş aparatlarını daha çevik istehsal edir. Bu aparatların istehsalı üçün böyük və asan hədəf ola biləcək zavodlara ehtiyac yoxdur.
Rusiyadan sızdırılan sənədlərə görə, İran ayda təxminən 5 min PUA istehsal edə bilir. Bu dronlar çox sadə rampalardan bir neçə saat ərzində buraxıla bilir və “Şahid-136” tipli PUA-nın istehsalı İrana cəmi bir neçə min dollara başa gəlir.
ABŞ-nin istehsal etdiyi “Patriot” müdafiə raketi isə təxminən 3 milyon dollar dəyərindədir.
ABŞ bazalarına hücumlar
“New York Times” qəzeti peyk görüntülərinə və həqiqiliyi təsdiqlənmiş videolara əsasən yazır ki, İran müharibənin ilk üç günündə Yaxın Şərqdə ən azı 7 ABŞ hərbi bazasına və ya onların yaxınlığındakı rabitə və radar sistemlərinə zərər verə bilib.
Ekspertlərin qənaətinə görə, İran bu hədəfləri vurmaqla ABŞ ordusunun əlaqə və koordinasiya imkanlarını zəiflətməyə çalışır.
ABŞ ordusunun kommunikasiya sistemi son dərəcə gizli saxlanıldığı üçün bu hücumların hansı infrastruktura real təsir göstərdiyi məlum deyil.
İran müharibəni uzatmaq istəyir?
London İqtisadiyyat Məktəbinin professoru Fəvaz Gerges deyir ki, İran müharibəni uzatmağa çalışır.
Onun fikrincə, İran rəhbərliyinin plan qurmaq və koordinasiya etmək üçün kifayət qədər vaxtı olub və uzunmüddətli müharibəyə hazırlaşıb.
Gerges hesb edir ki, Tehran üçün əsas məqsəd dayanıqlılıq göstərmək və ilk böyük zərbələrdən sonra müqaviməti davam etdirməkdir.
Əsas yük mülki əhalinin üzərinə düşür. ABŞ və İsrail hücumların hədəfli olduğunu bildirsələr də, sıx məskunlaşmış şəhərlərdə mülki itkilərin qarşısını almaq, demək olar ki, mümkün deyil.
İran müharibənin ilk günündə Minab şəhərindki məktəbə raket zərbəsi nəticəsində 168 şagird və müəllim həlak olduğunu bildirib.
Birləşmiş Millətlər Təşkilatı bu hadisəni “son dərəcə sarsıdıcı” adlandıraraq araşdırma aparılmasını tələb edib.
İsrail Minabdakı məktəbi vurduğunu təkzib edib. ABŞ insidentin araşdırılacağını açıqlayıb.
“Politfm”



