Foto: internet
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 631,7 min ton buğda idxal edib.
Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
İdxalın maliyyə dəyərinin 143,5 milyon ABŞ dolları olduğu bildirilir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 14,7 min ton (2,2 %) az, dəyər baxımından isə 3,3 milyon dollar (2,3 %) çoxdur.
Hesabat dövründə buğda idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1,4%-ni təşkil edib.
Fiziki idxal həcmi 2,2% azaldığı halda, buğdaya çəkilən xərclərin 2,3% artması idxal olunan məhsulun orta satış qiymətinin yüksəldiyini göstərir. Başqa sözlə, Azərbaycan əvvəlki ilin eyni dövrü ilə müqayisədə daha az buğda idxal etsə də, bunun üçün daha çox vəsait ödəyib.
Hesablamalara görə, bir ton buğdanın orta idxal dəyəri ötən ilin yanvar-iyulunda təxminən 225 dollar olduğu halda, bu ilin eyni dövründə 227 dollara yaxınlaşıb.
Bu artım un və çörək istehsalının maya dəyərinə potensial təzyiq yarada bilər. Lakin idxal qiymətindəki dəyişikliklərin pərakəndə qiymətlərə təsiri yalnız xarici bazardakı qiymətlərdən deyil, həm də daxili istehsal, logistika xərcləri, subsidiyalar və dövlətin qiymət siyasətindən asılıdır.
Azərbaycan illərdir taxılçılığın inkişafına dövlət dəstəyi göstərir və yerli istehsalın artırılmasını hədəfləyir. Buna baxmayaraq rəqəmlər ərzaqlıq buğda üzrə xarici bazarlardan asılılığın hələ də yüksək olaraq qaldığını göstərir. Xüsusilə keyfiyyət tələblərinə uyğun ərzaqlıq buğdanın idxalı üçün ölkədən əhəmiyyətli həcmdə xarici valyuta çıxır.
Buğda idxalında Azərbaycan əsasən Rusiya və Qazaxıstan kimi region ölkələrindən asılıdır. Bu isə həmin ölkələrdə yarana biləcək ixrac məhdudiyyətləri, logistika problemləri və qiymət dəyişikliklərinin daxili bazara təsir riskini artırır.
Dövlət Statistika Komitəsinin (DSK) avqustun 11-də yaydığı məlumatda bildirilirdi ki, ölkədə buğda istehsalı azalmaqda davam edir.
2026-cı il avqustun 3-nə olan məlumata görə, payızlıq-yazlıq dənli və dənli-paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 994.9 min hektar sahənin 925.1 min hektarı, yəni 93 faizi biçilib. Sahələrdən 3 milyon 131.9 min ton məhsul toplanıb, hər hektardan orta məhsuldarlıq 33.9 sentner olub. Yığılmış məhsulun 1 milyon 534.8 min tonu (49 faizi) buğdanın, 1 milyon 561.2 min tonu (49.9 faizi) arpanın payına düşüb.
Ötən ilin eyni dövrü (5 avqust 2025-ci il) ilə müqayisədə ümumi məhsul yığımı 6.2 faiz, o cümlədən arpa istehsalı 15.9 faiz çox, buğda istehsalı isə 2.1 faiz azdır.
“Buğda üzrə yığımın nisbətən az olması bu tarixə biçilmiş sahənin (420.7 min hektar) ötən illə müqayisədə azalması (2025-ci ildə 466,9 min hektar) ilə izah olunur. Hər hektardan məhsuldarlıq isə 33.6 sentnerdən 36.5 sentnerə yüksəlib” – DSK-nın açıqlamasında belə deyilir.
DSK-nın əvvəlki məlumatlarından görünür ki, son illər ölkədə buğda istehsalında davamlı azalma var. Məsələn, ötən il bu azalmanın 4.5 faiz olduğu bildirilirdi.
Ekspertlər bunu ölkədə taxılçılığın durumunun pisləşməsi, xüsusilə də inhisarçılığın yaranması ilə izah edirlər. Amma rəsmilər vurğulayır ki, kənd təsərrüfatına Azərbaycanda subsidiyalarla dövlətin ciddi dəstəyi var.
“Politfm”



