Foto: internet

 

 

 

Bu ilin 6 ayında Azərbaycanda doğumda, nikah və boşanmada azalma davam edib, ölüm sayı isə artıb.

Bu barədə avqustun 17-də Dövlət Statistika Komitəsi məlumat verib.

Bildirilir ki, ilin əvvəlindən ölkə əhalisinin sayı 11099 nəfər və ya 0,1 faiz artaraq iyulun 1-də 10 milyon 273 min 450 nəfərə çatıb. Əhalinin 54,3 faizini şəhər, 45,7 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Doğum azalıb
​
Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrində cari ilin I yarısında 40 798 yeni doğulan körpə qeydə alınıb. Ötən ilin müvafiq dövrüylə müqayisədə bu göstərici əhalinin hər 1000 nəfərinə  9,0-dan 8,0-a düşüb.
Doğulanların 53,5 faizi oğlan, 46,5 faizi isə qız uşaqları olub.
Körpələrdən 1 420-si əkiz, 57-si isə üçəm doğulub.

Dağlıq Şirvan (10,1), Lənkəran-Astara və Şərqi Zəngəzur (9,9), Qarabağ (9,7) və Mil-Muğan (9,0) iqtisadi rayonlarında doğum səviyyəsi ölkə ortalamasından (8,0) daha yüksəkdir.

2025-ci ilin ilk 6 ayında ölkədə 45 min 616 körpənin doğulduğu açıqlanmışdı. Statistika göstərir ki, son 10 ildə Azərbaycanda doğuşda azlama 60 faizi keçib.

​Ölüm əmsalı artıb
​
Hesabat dövründə ölkə üzrə 30 625 ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə düşən ölüm əmsalı ötən ilin müvafiq dövründəki 5,8-dən 6,0-a yüksəlib (0,2 bənd artım). Ötən ilin 6 ayında isə 29 min 400 ölüm halı qeydə alnmışdı.
​
Nikahlar azalıb
​
Hesabat dövründə 19 224 nikah və 9 776 boşanma qeydə alınıb. Hər 1000 nəfərə nikahların sayı 4,9-dan 3,8-ə düşüb. Boşanmaların sayı isə hər 1000 nəfərə 2,0-dan 1,9-a enib.
Ən yüksək nikah göstəriciləri Şərqi Zəngəzur (4,8) və Qarabağ (4,6) iqtisadi rayonlarında müşahid olunub.

2025-ci ilin müvafiq dövründə isə 24 min 815 nikah və 10 min 350 boşanma rəsmiləşdirilmişdi.


“Politfm”