Bu gün Bakı Apellyasiya Məhkəməsində Meydan TV-nin həbsdə olan jurnalisti Aytac
Əhmədovanın (Tapdıq) ev dustaqlığına buraxılmaması ilə bağlı birinci instansiya məhkəməsinin qərarından verilən şikayətə baxılıb.
Vəkili Cavad Cavadovun sözlərinə görə, Aytac Tapdıq məhkəmədə qaçaqmalçılıq ittihamının əsassız olduğunu bildirib və həbsini jurnalist fəaliyyəti ilə əlaqələndirib.

Yekunda müdafiə tərəfinin şikayəti təmin edilməyib və Xətai Rayon Məhkəməsinin 8 mart 2025-ci tarixli qərarı qüvvəsində saxlanılıb.
Xatırlatma:
2024-cü il dekabrın 6-da Meydan TV-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Qənbərova (Elgünəş), jurnalistləri Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Natiq Cavadlı, Ramin Cəbrayılzadə (Deko), Xəyalə Ağayeva, həmçinin Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov barəsində Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi açılıb və məhkəmənin qərarı ilə onların hər biri barəsində həbs qətimkan tədbiri seçilib. Bu iş üzrə 2025-ci il fevralın 6-da jurnalist Şəmşad Ağa, fevralın 20-də Nurlan Qəhrəmanlı (Libre), martın 1-də isə Fatimə Mövlamlı da həbs olundu. Onlar ittihamları rədd edir, həbslərin peşə fəaliyyətləri ilə əlaqələndirirlər. Azərbaycan rəsmiləri isə bir qayda olaraq bu iddiaları rədd edir.



