Amnesty International beynəlxalq insan haqları təşkilatı ötən həftə məhkəmənin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilən müxalif siyasətçi, hazırkı prezident İlham Əliyevin sərt tənqidçisi Tofiq Yaqublunu dərhal və qeyd-şərtsiz azad etməyə çağırdı.
“Tofiq Yaqublunun mühakimə olunması Azərbaycanda hakimiyyəti tənqid etməyə cəsarət edən hər kəsi sıxışdırmaq üçün davam edən kampaniyada daha bir dəhşətli mərhələdir. Onun siyasi motivli ittihamlarla mühakimə olunması lazımi prosedurların pozulması ilə nəticələnib.” deyə təşkilatın bəyanatında qeyd edilib.
Xatırlatma:
Müxalif Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü olan Tofiq Yaqublu 2023-cü il dekabrın 14-də həbs edilib. Onun barəsində Azərbaycan Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə cinayət işi açılıb. 10 aydan çoxdur ki, aparılan məhkəmə istintaqı nəticəsində Tofiq Yaqublu 9 il müddətinə azadlıqdan mərhum edilib. Özü ittihamları qəbul etmir, həbsini sifariş adlandırır. Azərbaycan rəsmiləri isə bir qayda olaraq ölkədə insanların siyasi mövqelərinə görə təqib olunmadığını bildirir.



