Ana Səhifə İqtisadiyyat Avropa İttifaqı Azərbaycanla yeni qaz sazişinin bağlanmasını istəyir

Avropa İttifaqı Azərbaycanla yeni qaz sazişinin bağlanmasını istəyir

Rusiyadan yan keçəcək yeni qaz tədürükü layihəsi gündəmdədir

Avropa Komissiyası Avropa Birliyi ölkələrinə təbii qaz idxalının artırılması və bunu dəstəkləyəcək boru kəmərinin genişləndirilməsiylə bağlı Azərbaycanla saziş imzalamağı təklif edib.

Bu barədə iyulun 14-də “Reuters” məlumat yayıb.

Bildirilib ki, iştirakçı hökumətlərin təsdiqinə ehtiyacı olan və hələ də dəyişdirilməsi ehtimalı olan anlaşma memorandumu layihəsi Avropa İttifaqının Ukrayna müharibəsindən sonra Rusiya qazından asılılığı azaltmaq səylərinin bir hissəsidir

“Tərəflər kommersiya imkanlarına və bazar tələbatına uyğun olaraq, 2027-ci ilə qədər hər il ən azı 20 milyard kubmetr qazın Cənub Qaz Dəhlizi vasitəsilə Avropa İttifaqına ixracı da daxil olmaqla, təbii qazın ikitərəfli ticarətini dəstəkləməyə çalışırlar”, – 11 iyul tarixli sənəddə qeyd olunub.

Cənub Qaz Dəhlizi boru kəmərləri şəbəkəsinin son hissəsi olan Trans-Adriatik boru kəməri keçən il İtaliya kimi Avropa ölkələrinə 8 milyard kubmetrdən çox Azərbaycan qazı gətirib.

Tədarükün artması həm də Azərbaycandan daxili qaz hasilatını genişləndirməyi tələb edəcək.

Layihədə qaz istehsalçılarının təhlükəsizliyini təmin etmək üçün “uzunmüddətli, proqnozlaşdırıla bilən və sabit müqavilələrin” vacibliyi də vurğulanıb. Lakin sənəddə həmçinin qeyd olunub ki, gələcək qaz müqavilələrinin Aİ-nin iqlim dəyişikliyi hədəflərinə uyğunlaşdırılması zəruridir, çünki rəsmi Brüssel qazdan istifadəni xüsusilə 2030-cu ildən sonra azaltmağı tələb edəcək.

Bildirilir ki, hər iki tərəf öz tədarük zəncirlərində güclü istixana qazı olan metan emissiyalarının qarşısını almaq üçün qabaqlayıcı tədbirləri gücləndirməlidir.

Almaniyaya qazla təmin edən “Şimal axını 1” boru kəmərində təmir işlərinin başlaması ilə bu həftə Rusiya qazının tədarükünün kəsilməsi ilə bağlı narahatlıq daha da artıb. Hökumətlər və şirkətlər Moskvanın tədarükün kəsilmə müddətini uzada biləcəyi barədə xəbərdarlıq ediblər.

Müqavilə layihəsində deyilir ki, Aİ və Azərbaycan həmçinin elektrik enerjisi əlaqələrinin inkişafını araşdıracaq, bərpa olunan enerjini təşviq edəcək və gələcək hidrogen alış-verişini müzakirə edəcəklər.

“EUobserver” məlumat yayıb ki, Azərbaycanın Avropaya qaz nəqlini artırılması ilə bağlı hər iki tərəfin rəsmiləri iyulun 19-da Brüsseldə danışıqlar aparacaqlar.