Ana Səhifə Manşet Abid Qafarov 1 il müddətinə həbs olundu

Abid Qafarov 1 il müddətinə həbs olundu

İyulun 13-də “Bakı Birlik Təşkilatı” İctimai Birliyinin sədri, “Youtube”dakı “KimTV” kanalının aparıcısı Abid Qafarova qarşı xüsusi ittiham qaydasında qaldırılmış iddia üzrə məhkəmə prosesi keçirilib. 

Yasamal Rayon Məhkəməsinin hökmü ilə Abid Qafarov 1 il azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinib.

Vəkil Elçin Sadıqov jurnalistlərə deyib ki, ekspertizanın rəyi saxta idi: “Sifariş əsasında hazırlanmışdı. Hesab edirik ki, məhkəmə də sifarişlə qurulmuşdu”.

Abid Qafarovu məhkəməyə verən bir qrup Qarabağ qazisi olub.

Onların iddiasına görə, Abid Qafarov mayın 27-də Yasamal Rayon Məhkəməsinin qarşısında çıxış edərkən qaziləri “müti” adlandırmaqla onları təhqir edib.

Ancaq bu gün həmin qazilər məhkəmədə bildiriblər ki, tərəflər arasında barışıq olub, onlar daha Abid Qafarovdan şikayətçi deyillər.

Onlar iddialarını geri götürməklə bağlı ərizə də yazıblar. Buna baxmayaraq, hakim Tərlan Əkbərov icraatındakı bu işin Yasamal Rayon Məhkəməsinə göndərilməsi ilə bağlı qərar çıxarıb.

Abid Qafarov “Tərtər işi” ilə bağlı sosial şəbəkələrdə silsilə videomüraciətlər yayıb.