Ukraynanın “Sea Baby” dəniz dronu, 17 oktyabr 2025-ci il (foto: AP/Efrem Lukatski)
Ukrayna qüvvələri Qərb ölkələrinin də dəstəklədiyi gizli razılaşmaya əsasən Liviyanın qərbində fəaliyyət göstərirlər. Ötən ay Aralıq dənizindəki Rusiya tankerini vurmaq üçün onlar bu ölkənin ərazisindən istifadə ediblər.
Bu barədə dünən – aprelin 7-də “Associated Press” (AP) agentliyinə Liviya rəhbərliyindəki iki şəxs məlumat verib.
Rusiya bayrağı altında üzən və 61 min ton mayeləşdirilmiş təbii qaz daşıyan “Arktik Metagaz” tankeri martın əvvəlində Malta suları yaxınlığında dəniz dronunun hücumu nəticəsində ciddi zədələnib. O vaxtdan bəri gəmi Liviya sahilləri yaxınlığında nəzarətsiz şəkildə hərəkət edir. Liviya Dəniz Administrasiyası bildirib ki, 30 nəfərdən ibarət ekipaj xilas edilərək başqa gəmiyə köçürülüb.
Bu tanker Rusiyanın beynəlxalq sanksiyaları pozaraq neft daşıyan “kölgə donanması”na aid edilir. Həmin sanksiyalar Rusiyanın Ukraynaya qarşı hücumundan sonra tətbiq olunub. ABŞ-nin bu sanksiyalarla bağlı son müvəqqəti yumşalması isə İranla müharibə fonunda enerji təchizatında yaranan çatışmazlığı azaltmağa yönəlib.
Rusiya hücumda Ukraynanı ittiham edib. Ukrayna isə bildirir ki, Rusiyanın neft ixracından əldə etdiyi gəlirlər müharibənin maliyyələşdirilməsinə xidmət edir. Hücumun Tripolidən həyata keçirildiyi qeyd olunur.
Rəsmilərin AP-a verdiyi məlumata görə, əsasən pilotsuz sistemlər üzrə ixtisaslaşmış Ukrayna hərbçiləri sahil şəhəri Misratadakı aviabazada, həmçinin paytaxt Tripoli və Zaviya şəhərlərində yerləşən digər hərbi obyektlərdə fəaliyyət göstərirlər. Mənbələr məxfi məlumatları açıqladıqları üçün agentliyə anonimlik şərtilə danışıblar. Onlardan biri bildirib ki, 3 martda tankeri vuran pilotsuz aparat məhz Tripolidə yerləşən hərbi bazadakı Ukrayna hərbçiləri tərəfindən buraxılıb.
Ukrayna rəsmiləri bu iddiaları dərhal şərh etməyiblər. Tripolidə yerləşən hökumət də sorğulara cavab verməyib.
Hadisə zamanı Liviya Dəniz Administrasiyası tankerin “gözlənilmədən partladığını və daha sonra güclü yanğın baş verdiyini” açıqlamışdı. Gəmi Liviyanın Sirt şəhərinə təxminən 240 kilometr məsafədə olub. Əvvəlcə qurum səhvən tankerin batdığını qeyd etmişdi.
Sonrakı günlərdə Liviya hakimiyyəti Aralıq dənizində neft sızmasının qarşısını almaq üçün həmin tankeri yedəkləməyə çalışıb. Son həftələrdə tankeri ölkənin qərb sahilləri yaxınlığında “təhlükəsiz zonaya” aparılması cəhdləri sərt hava şəraiti və güclü külək səbəbindən uğursuz olub.
Say baxımından üstün olan Rusiya ordusuna qarşı mübarizədə Ukrayna son illərdə, xüsusilə də pilotsuz texnologiyalar sahəsində sürətli hərbi inkişaf “laboratoriyasına” çevrilib. Bu ölkə özünün “Sea Baby” adlı dəniz dronları vasitəsilə Qara dənizdə Rusiya gəmilərinə qarşı bir sıra uğurlu hücumlar həyata keçirib. Həmin hücumlar Rusiyanı öz taktikasını dəyişməyə məcbur edib və Ukrayna mütəxəssislərini daha ambisiyalı planlar hazırlamağa sövq edib.
Bildirilir ki, bu əməliyyat “gizli razılaşma”nın tərkib hissəsidir. Rəsmilərin sözlərinə görə, Ukrayna qüvvələri son aylarda, Tripolidə yerləşən və mürəkkəb siyasi vəziyyətdə olan Baş nazir Əbdülhəmid Dbeiba hökumətiylə Kiyev arasında əldə olunmuş razılaşma əsasında tədricən Liviyanın qərbinə yerləşdirilib.
ABŞ da daxil olmaqla, bu razılaşmanın Qərb ölkələri tərəfindən dəstəkləndiyi qeyd edilir. ABŞ hökumətinin Afrika məsələləri üzrə müşaviri Massad Boulos Liviyadakı uzunmüddətli münaqişənin həlliylə bağlı plan hazırlayıb, bu plan çərçivəsində Dbeibanın baş nazir postunda qalması nəzərdə tutulur.
Rəsmilərin sözlərinə görə, plan həmçinin Liviyanın şərqində Səddam Haftarın (nüfuzlu hərbi komandan Xəlifə Haftarın oğlu) Prezident Şurasının rəhbəri təyin olunmasını da ehtiva edir. Haftar ölkənin şərqini və cənubunu, o cümlədən əsas neft yataqlarını nəzarətdə saxlayan Liviya Milli Ordusu Baş Qərargahının rəisidir.
On ildən çoxdur ki, Liviya BMT-nin dəstəklədiyi Tripoli hökumətiylə Rusiyanın dəstəklədiyi Haftar qüvvələrinə bağlı şərq administrasiyası arasında bölünüb. Hər iki tərəfi müxtəlif silahlı qruplar və xarici dövlətlər dəstəkləyir.
2021-ci ilin dekabrında prezident seçkiləri keçirilmək mümkün olmadığına görə Dbeiba hökumətinin mandatı başa çatıb. O vaxtdan etibarən Dbeia yeni hökumət formalaşdırmağa və seçkilər keçirməyə çalışır, xəbərdarlıq edir ki, hakimiyyət çevrilişi yeni müharibəyə səbəb ola bilər.
Kraliyyət Birləşmiş Xidmətlər İnstitutunun liviyalı analitiki Cəlal Hərşaui hesab edir ki, Ukrayna qüvvələrinin Liviyanın qərbində mövcudluğu NATO-nun bu ərazini “Rusiyanın təsirindən kənarda saxlamaq” istiqamətində çoxillik strategiyasının tərkib hissəsidir. Onun sözlərinə görə, NATO ölkələrinin – xüsusilə ABŞ, Böyük Britaniya və Türkiyənin məlumatı və razılığıyla Ukrayna hərbçilərinin kiçik qrupları hazırda Böyük Tripoli ərazisində fəaliyyət göstərirlər.
Liviyada xaos 2011-ci ildə – NATO-nun dəstəklədiyi üsyan nəticəsində ölkə rəhbəri Müəmmər Qəddafinin devrilməsi və öldürülməsindən sonra başlayıb. Neftlə zəngin bu ölkə illərdir ki, Rusiya və Qərb arasında rəqabət meydanına çevrilib. Altı ölkəylə sərhədi olan Liviya Avropaya getməyə çalışan miqrantlar üçün əsas tranzit marşrutlarından biridir.
“Politfm”



