“Volkswagen” şirkətinin Volfsburq şəhərindəki zavodu, Almaniya (foto: Christian Boschi/”Bloomberg News”)
Almaniya avtomobil və ağır sənaye sahələrinin tənəzzülünü kompensasiya etmək üçün zavodları, işçiləri və kapitalı Avropanın yenidən silahlanmasına yönəldir, ənənvi ixrac modeli çökməyə davam etdiyinə görə avtomobil istehsalından silah istehsalına keçməklə sənaye böhranını müdafiə bumuna çevirməyə çalışır.
Bu ölkənin avtomobil nəhəngləri olan “Mercedes-Benz” və “Volkswagen” şirkətləri hərbi sənayeyə keçid edir. “The Wall Street Journal” nəşri yazır ki, Ukraynadakı müharibə və Avropanın təhlükəsizlik qayğıları bu şirkətlərin hərbi sifarişlərini artırıb.
Bildirilir ki, avtomobil şirkətlərinin hərbi sahədə əməkdaşlıqları genişləndirmələri həm də iqtisadi amillərlə bağlıdır. Avropada elektrikli maşınlara tələbat gözləniləndən azdır, bu isə sifarişlərin də azalması deməkdir.
Xüsusilə də “Volkswagen”in bir neçə şirkəti bağlanmaq təhlükəsiylə üz-üzə qalıb və bu, minlərlə insanın işsiz qalmasıyla nəticələnə bilər. Hərbi sifarişlər həm də bu boşluğu doldurmağa və iş yerlərini qoruyub saxlamağa xidmət edəcək.
Son məlumatlara görə, “Volkswagen” İsrailin “Rafael Advanced Defence System” şirkətiylə strateji tərəfdaşlıqla bağlı danışıqlar aparır. Məqsəd İsrailin məşhur “Dəmir qübbə” hava hücumundan müdafiə sistemi üçün komponentlər istehsal etməkdir.
Məqalədə həmçinin qeyd olunur ki, Almaniyanın şirkətləri tamamilə silah istehsalçısına çevrilməyəcəklər. “Mercedes” şirkəti “G-Wagon” avtomobilinin və ağır yük maşınlarının hərbi versiyalarının istehsalıyla çoxdan məşğul olur. “Volkswagen” qrupu (xüsusilə də onun ağır texnika istehsal edən MAN və digər alt şirkətləri) isə hərbi yük maşınları, mühərriklər və zirehli texnikalar üçün şassi hazırlayır. İndi istehsal xətlərinin bir hissəsi tank mühərriklərinin, hərbi yük maşınlarının və müdafiə texnologiyalarının istehsalında daha aktiv istifadə olunacaq.
“Reuters” yazır ki, bu xəbər Almaniyada etirazla qarşılanıb. Sülh fəalları və bəzi siyasətçilər avtomobil zavodlarının “müharibə maşını”na çevrilməsinə qarşı çıxırlar. Onlar hesab edirlər ki, bu addım Almaniyanın hərbi münaqişələrdəki rolunu daha da kəskinləşdirəcək.
“Politfm”



