Foto: internet
İsrail İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Bakı–Tbilisi–Ceyhan neft kəmərinə hücum planlaşdırdığını təsdiqləyib.
Bu barədə “Reuters” məlumat yayıb.
Bildirilir ki, bu, İsrailin xüsusi xidmət orqanları Mossad və ŞABAK-ın birgə bəyanatında qeyd olunub.
“Öz məqsədlərinə nail olmaq üçün şəbəkə üzvləri müxtəlif üsullardan istifadə edərək hədəflər barədə kəşfiyyat məlumatları toplamaqla məşğul olub. Bu üsullara fiziki müşahidə və foto çəkiliş daxil olub, bütün bu fəaliyyətlər İrandakı kuratorların birbaşa göstərişləri əsasında həyata keçirilib” – bəyanatda belə deyilir.
Həmçinin qeyd olunur ki, Azərbaycanda fəaliyyət göstərən şəbəkəyə İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı bölməsinin komandiri Rəhman Moqaddam rəhbərlik edib. O, keçən ay İsrailin hava zərbəsi nəticəsində öldürülüb.
Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti terror aktlarının qarşısının alınması xəbərini martın 6-da açıqlamışdı. Bildirilirdi ki, İranla əlaqəli şəbəkə Azərbaycanda terror hücumları planlaşdırıb və hədəflər arasında Bakı–Tbilisi–Ceyhan neft kəməri, İsrail səfirliyi və sinaqoq da olub.
“Politfm”



