Tramp “Bloomberg”-in müxbiri Ketrin Lüsini “Epşteyn sənədləri” barədə sualına görə kobudlayır; “Air Force One” təyyarəsi, 14 noyabr 2025 (foto: AFP)

 

 

Vaşinqtonda federal məhkəmə CNN, “MS NOW” və “Politico” jurnalistlərinin Ağ Evə daimi giriş vəsiqələrinin dərhal qaytarılmasına qərar verib. Hakim Timoti Kelli Tramp administrasiyasının tətbiq etdiyi qadağanı 14 gün müddətinə dayandırıb.

Amma bu, müvəqqəti qərardır. Məhkəmə hələ qadağanın Konstitusiyaya uyğun olub-olmaması barədə yekun hökm çıxarmayıb. Lakin hakim ilkin araşdırmadan sonra jurnalistlərin hüquqlarının pozulduğu qənaətinə gəlmək üçün kifayət qədər əsas olduğunu bildirib.

Donald Tramp sentyabrın 18-də CNN, “MS NOW” və “Politico” jurnalistlərinin Ağ Evə buraxılmayacağını açıqlamışdı. O, bu qərarı həmin media qurumlarının “uydurma və yalan xəbərlər” yayması ilə əsaslandırmışdı.

Ertəsi gün CNN-n müxbiri Betsi Klayn, “MS NOW”-nun jurnalisti Akayla Qardner və “Politico”-nun əməkdaşı Şeyen Haslett Ağ Evə buraxılmamışdı. Onların daimi giriş vəsiqələri etibarsız sayılmış, kartları isə əllərindən alınmışdı.

Media qurumları bundan iki gün sonra Vaşinqton federal məhkəməsinə müraciət etmişdilər. Onlar jurnalistlərin xəbərlərinə və redaksiya mövqeyinə görə cəzalandırıldığını, bunun söz və mətbuat azadlığını pozduğunu bildirmişdilər. İddiada o da göstərilmişdi ki, müxbirlərə əvvəlcədən xəbərdarlıq edilməmiş, qadağanın səbəbi izah olunmamış və qərara etiraz etmək imkanı verilməmişdi.

Ədliyyə Nazirliyinin nümayəndələri məhkəmədə Ağ Evə girişin hüquq yox, administrasiyanın verdiyi imtiyaz olduğunu söyləyiblər. Onlar jurnalistlərin vəsiqələrinin milli təhlükəsizlik, peşə davranışı və nizam-intizamla bağlı səbəblərdən ləğv edildiyini iddia ediblər.

Hakim Kelli isə bu izahı əsaslı saymayıb. O bildirib ki, məhkəməyə təqdim olunan sənədlərdə qadağanın əvvəlcədən milli təhlükəsizliklə əlaqələndirildiyini göstərən fakt yoxdur. Əksinə, Tramp qərarı media qurumlarının xəbərlərindən narazı qalması ilə izah etmişdi.

Administrasiya jurnalistlərə yalnız sentyabrın 22-də – qadağa tətbiq edildikdən və məhkəmə iddiası qaldırıldıqdan sonra izahat məktubu göndərmişdi. Məktubda “peşəkarlıq və davranış qaydaları”na əməl edilmədiyi yazılmışdı. Ancaq konkret hansı qaydanın pozulduğu göstərilməmişdi.

Hakimin fikrincə, belə ümumi ifadələr jurnalistin vəsiqəsini əlindən almaq üçün yetərli sayıla bilməz.
İddiaçılar qadağanın Konstitusiyanın mətbuat azadlığını qoruyan Birinci Düzəlişinə zidd olduğunu da bildiriblər. Lakin hakim müvəqqəti qərarı bu müddəaya əsaslandırmayıb.
Kelli ilkin mərhələdə başqa bir məqama üstünlük verib: administrasiya jurnalistlərin vəsiqələrini ləğv etməzdən əvvəl onları xəbərdar etməli, səbəbi açıqlamalı və mövqelərini bildirməyə imkan yaratmalı idi. Bunların heç biri edilməyib.

ABŞ-də daha əvvəl çıxarılmış məhkəmə qərarlarına görə, Ağ Ev kiməsə daimi giriş vəsiqəsi veribsə, onu aydın səbəb göstərmədən geri ala bilməz. Administrasiya əvvəlcə hansı qaydanın pozulduğunu izah etməli, jurnalistin cavabını dinləməli və qərarını yazılı şəkildə əsaslandırmalıdır.

Məhkəmə buna görə Ağ Evə və Məxfi Xidmətin məsul şəxslərinə üç jurnalistin vəsiqələrini dərhal qaytarmağı tapşırıb. Bu qərar birbaşa Trampa yox, onun administrasiyasının vəzifəli şəxslərinə şamil olunur.
CNN, “MS NOW” və “Politico”-nu dəstəkləyən birgə rəyi məhkəməyə Mətbuat Azadlığı üzrə Reportyorlar Komitəsi və 50-yə yaxın media qurumu təqdim etmişdi. “Reuters”, “The Washington Post”, “Fox News” və Ağ Ev Müxbirləri Assosiasiyası da sənədi imzalayanlar arasında idi.

Onlar xəbər qurumlarının redaksiya mövqeyinə görə Ağ Evdən uzaqlaşdırılmasının digər jurnalistlərə də təzyiq yaradacağını bildirmişdilər. Belə bir təcrübənin müxbirləri vəsiqələrini itirməmək üçün hakimiyyət haqqında daha ehtiyatla yazmağa vadar edə biləcəyi vurğulanmışdı.

Qadağadan sonra ABŞ-nin aparıcı televiziya kanalları da CNN-ə həmrəylik göstərmişdilər. CNN Ağ Evin ortaq çəkiliş qrupundan çıxarıldıqdan sonra ABC, CBS, NBC və “Fox News” həmin qrupun işini müvəqqəti dayandırmışdılar.
Tramp bildirmişdi ki, məhkəmənin qərarı administrasiyanın əleyhinə olarsa, hökmdən apellyasiya şikayəti veriləcək.

Məhkəmə çəkişməsi Konqresə noyabrın 3-də keçiriləcək aralıq seçkilərinə bir neçə həftə qalmış baş verir. Respublikaçılar Konqresdə üstünlüyü qorumağa çalışırlar. İran müharibəsi, inflyasiya və yaşayış xərclərinin artması Tramp administrasiyasına qarşı narazılığı gücləndirib.

“Politfm”