Sülh Şurasının baş məsləhətçisi Arye Laytstoun və ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) ilə bağlı görüşdə; Nyu-York, 23 sentyabr 2026 (foto: “Reuters”)

 

 

Sentyabrın 23-də Tramp administrasiyası Nyu-Yorkda regional diplomatları, ABŞ rəsmilərini və 40-dan çox şirkət rəhbərini bir araya gətirib. Görüşdə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) növbəti mərhələləri müzakirə olunub.

Tədbirdə ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff, Montana ştatından respublikaçı senator Stiv Deyns, Ermənistan, Azərbaycan, Gürcüstan və beş Mərkəzi Asiya ölkəsinin rəsmiləri iştirak ediblər.

TRIPP Ermənistanın cənubundan keçərək Azərbaycanı Naxçıvan eksklavı ilə birləşdirməlidir. Vaşinqton bu marşruta Cənubi Qafqaz, Mərkəzi Asiya və Qərb bazarları arasında daha geniş şərq-qərb əlaqəsi yaradan dəhliz kimi baxır.

Təklif olunan marşrutun təxminən 43 kilometri Ermənistan ərazisindən keçəcək. Gələcəkdə bu hissəyə dəmir və, avtomobil yollarının, enerji infrastrukturunun və rəqəmsal bağlantıların daxil ediləcəyi gözlənilir.

ABŞ rəsmiləri tikintinin hələ başlamadığını, ilk növbədə layihənin iqtisadi-texniki əsaslandırılmasının tamamlanmalı olduğunu vurğulayıblar. Administrasiya 2026-cı ilin sonu – 2027-ci ilin əvvəlinədək biznes və investisiya imkanlarını araşdırmağa başlamağı hədəfləyir.

Uitkoff: Tramp prosesi hərəkətə gətirdi

Uitkoff layihənin sadəcə nəqliyyat əlaqəsindən daha böyük məna daşıdığını, sülh prosesinin iqtisadi davamı olduğunu bildirib. Onun sözlərinə görə, bu proses prezident Donald Trampın Ermənistan və Azərbaycan rəhbərlərini razılığa gəlməyə şəxsən təşviq etməsi sayəsində irəliləyib.

Uitkoff deyib ki, Ermənistan baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev sülh sazişinin onilliklərlə uzanan münaqişədən daha yaxşı yol olduğunu dərk ediblər. O, hər iki lideri “son dərəcə praqmatik və yetkin” adlandırıb, amma prosesin irəliləməsində prezident Trampın şəxsi iştirakının həlledici amil olduğunu vurğulayıb.

Uitkoffun dediyinə görə, bölgəyə ilk səfərlərindən birindən sonra o və həmkarları Trampa Yerevanla Bakı arasında birbaşa ünsiyyətin olmadığını söyləyiblər. Trampın cavabı qısa olub: “Bunu yoluna qoyun”.

Xüsusi nümayəndə TRIPP-in iqtisadi əhəmiyyətinə də diqqət çəkib:
“İndi hamı daşımaların sürətinə və məhsulların bazara daha tez çatdırılmasına diqqət yetirir”.

O bu marşrutun bəzi ticarət daşımalarının müddətini ciddi dərəcədə azalda biləcəyini söyləyib,  etiraf edib ki, layihənin əhəmiyyətini başlanğıcda iştirakçıların hamısı qavramayıb; rəsmilər bu marşrutun daha geniş Transxəzər ticarət dəhlizi ilə əlaqələrini araşdırdıqca, real potensialı daha aydın üzə çıxıb.

Uitkoff bildirib ki, Ermənistanın Cənubi Qafqazla Mərkəzi Asiya arasındakı coğrafi mövqeyi kommersiya baxımından getdikcə daha böyük əhəmiyyət qazanır və bu layihə xüsusilə Ermənistana böyük həcmdə investisiya cəlb edəcək.

Ceyhun Bayramov ABŞ-ın səylərini yüksək qiymətləndirib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov isə TRIPP-in həyata keçirilməsi istiqamətində ABŞ-ın səylərini yüksək qiymətləndirərək bu prosesdə göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.
Xarici işlər naziri layihənin yalnız nəqliyyat sahəsi ilə məhdudlaşmadığını, regional enerji bağlantılarının və enerji mənbələrinin şaxələndirilməsinin inkişafı baxımından da əhəmiyyətli potensiala malik olduğunu vurğulayıb.

ABŞ Dövlət Departamentinin məlumatına görə, mühəndislik və texniki əsaslandırma araşdırmaları təklif olunan dəmir yolu marşrutunun texniki, ekoloji və sosial aspektlərini nəzərdən keçirir. Ayrıca ilkin araşdırmalarda nəqliyyat xətləri boyunca enerji və rəqəmsal infrastrukturun qurulması imkanları öyrənilir.
Bu araşdırmalar özəl sərmayənin cəlbi üçün əsas yaratmalıdır.

Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 23-də Nyu-Yorkda ayrıca çıxışında deyib ki, TRIPP-in həyata keçirilməsi regiondakı bağlantı imkanlarını tam açacaq, Ermənistan və iqtisadiyyatı üçün “yeni dövr” başlayacaq.

“Layihənin icrası zaman alacaq”

Tədbirdə TRIPP ətrafında formalaşdırılan maliyyə mexanizmlərinə də diqqət yetirilib.
Vaşinqton və Yerevan infrastruktur layihələrinin icrasına nəzarət üçün TRIPP İnkişaf Şirkəti yaradır. ABŞ  Transxəzər ticarət marşrutu boyunca daha geniş layihələrə özəl sərmayələrin cəlbindən ötrü Transxəzər Sahibkarlıq Fondunu da dəstəkləyir.

Atlantik Şuranın Avrasiya Mərkəzinin direktor müavini Endryu D’Anyeri deyib ki, bu iki təşəbbüs birlikdə Birləşmiş Ştatların iqtisadi əməkdaşlığa ciddi maraq göstərdiyini ortaya qoyur.

“TRIPP layihəsinin yüksəkvəzifəli regional rəsmilərin və ABŞ-nin iri şirkətlərinin iştirakı ilə irəli aparılması, eləcə də Transxəzər Müəssisə Fondunun yaradılmasının elan edilməsi Amerikanın bu işə ciddi yanaşdığına güclü işarədir” – D’Anyeri “AzadlıqRadiosu”na belə deyib.

Bununla belə, ekspert TRIPP layihəsinin reallaşmasının bir qədər vaxt ala biləcəyi barədə xəbərdarlıq edib: “Transxəzər Müəssisə Fondu regiondakı bağlantı layihələrini dəstəkləmək üçün ABŞ kapitalını səfərbər edən bir mexanizmə çevriləcək. Lakin layihənin texniki mürəkkəbliyi və geosiyasi həssaslıqlar səbəbindən TRIPP daha yavaş irəliləyəcək”.

Elə növbəti mərhələnin mərkəzində də bu fərq dayanır. Siyasi razılaşma əldə olunsa da, tikintiyə başlamaq üçün mühəndislik araşdırmaları, tənzimləyici qərarlar, maliyyə vəsaiti və tenderlər lazımdır. Bundan sonra isə rəsmilərin “texniki baxımdan mürəkkəb” adlandırdığı tikinti prosesi gəlir. ABŞ rəsmilərinin sözlərinə görə, işlərə start verildikdən sonra təkcə dəmir yolunun çəkilməsi ən azı 18 ay çəkəcək.

“TRIPP bölgədə ABŞ şirkətlərinin iştirakını artırır”

Vaşinqtonun sərmayə təşəbbüsü yeni ticarət əlaqələri yarada, eyni zamanda Rusiyanın nəzarətində və ya təsiri altında olan infrastrukturdan asılılığı azalda bilər. Bu fikirləri “AzadlıqRadiosu”na Demokratiyaların Müdafiəsi Fondunun İqtisadi və Maliyyə Gücü Mərkəzinin tədqiqatçısı Ancela Hovard söyləyib.

O, ABŞ-nin bu təşəbbüsünü Qafqazda və Mərkəzi Asiyada iqtisadi və strateji nüfuz uğrunda gedən daha geniş rəqabətin bir hissəsi kimi qiymətləndirib. Bununla belə, xəbərdarlıq edib ki, Vaşinqtona korrupsiya və xarici təsirə qarşı qoruyucu mexanizmlər lazım olacaq: “Bundan sonrakı mərhələdə aydın qaydalar və ciddi nəzarət həlledici əhəmiyyət daşıyacaq”.

Transxəzər marşrutu, yaxud Orta Dəhliz Çin və Mərkəzi Asiyanı Qafqaz və Avropa ilə birləşdirən Şərq-Qərb ticarət yolu kimi diqqət çəkir. Vaşinqton üçün TRIPP həmin şəbəkəyə əlavə bir xətt qazandıra və uzun müddət Rusiya, Çin, İran və Türkiyənin maraqlarının toqquşduğu bu regionda ABŞ şirkətlərinin iştirakını artıra bilər.

ABŞ-nin Cənubi Qafqaz və Mərkəzi Asiya ilə əlaqələrinin güclənməsini fəal şəkildə təşviq edən senator Deynsin fikrincə, regiona artıq sadəcə münaqişə prizmasından baxılmamalıdır; bölgənin ticarət, sərmayə və logistik bağlantı imkanları da mütləq nəzərə alınmalıdır.

“Politfm”