Martin Rayan Bakı məhkəməsində (foto:AFP)
Prezident İlham Əliyev bir qrup məhbusun əfv edilməsi barədə sərəncam imzalayıb. Qərara əsasən, həbsdə olan və ya azadlğı məhdudlaşdırılan 20 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.Onların arasında bir neçə xarici vətəndaş, o cümlədən Fransa vətəndaşı Rayan Martin Riçard da var.
İki ildən çoxdur Azərbaycanda həbsdə saxlanılan Fransa vətəndaşı M.Rayan bu ilin martında casusluq ittihamı ilə 10 il həbs cəzası almışdı. O, özünü təqsirli bilmir və ittihamları rədd edir.
Ötən ilin sentyabrında isə digər bir Fransa vətəndaşı – Teo Klerk metroda qrafiti çəkdiyinə görə 3 il həbs cəzasına məhkum edilib.
Bugünlərdə “Reuters” üç avropalı diplomata istinadən yazırdı ki, Fransa Avropa İttifaqının (Aİ) rusiyalı-özbək milyarder Alişer Usmanova qarşı sanksiyalarının ləğvinə çalışır, bunu iki fransalının saxlandığı Azərbaycan tələb edir.
Azərbaycan rəsmiləri “Reuters”-də yazılanlara münasibət bildirməyiblər.
Nəhayət, uzun müzakirələrdən sonra Aİ ölkələrinin səfirləri rusiyalı iş adamları Alişer Usmanovla Mixail Fridmanın sanksiya siyahısından çıxarılmasına razılaşıblar. Nəticədə Rusiyaya qarşı sanksiyaları daha üç il uzatmaq mümkün olub.
Aİ-nin sanksiyaları bu ölkənin Ukraynaya qarşı hərbi təcavüzü ilə əlaqəlidir.
“Politfm”



