Foto: Kiyev vilayətinin Dövlət Fövqəladə Yardım Xidməti

 

 

Sentyabrın 8-nə keçən gecə Ukrayna Rusiyanın bir sıra bölgələrinə dronlarla hücum edib. Rusiya isə Ukraynaya ballistik, qanadlı və gəmi əleyhinə raketlər atıb, eləcə də dronlar buraxıb. Hər iki tərəfdə ölən və yaralananlar var. Sənaye müəssisələri, yaşayış binaları, enerji və nəqliyyat obyektləri zədələnib.

Hücumlar ABŞ nümayəndələrinin Moskva və Kiyevdə apardığı danışıqlardan dərhal sonra başlayıb. Vaşinqton qış aylarında qarşıdurmanı zəiflədə biləcək yeni təkliflər irəli sürsə də, hələlik konkret razılaşma əldə olunmayıb.

Saratov neft emalı zavodunda yanğın

Rusiya Müdafiə Nazirliyi gecə ərzində 384 Ukrayna dronunun vurulduğunu və ya zərərsizləşdirildiyini bildirib. Nazirliyin məlumatına görə, dronlar Rusiyanın 14 bölgəsi, Moskva ətrafı, Krasnodar diyarı, Qara dəniz və işğal altındakı Krım üzərində aşkarlanıb. Bu rəqəm müstəqil mənbələr tərəfindən təsdiqlənməyib (“İnterfaks”).

Saratovda şahidlərin çəkdiyi görüntüləri təhlil edən ASTRA şəhərdəki neft emalı zavodunda yanğın başladığını bildirib. Müəssisə “Rosneft”-ə məxsusdur və benzinlə yanaşı, dizel yanacağı da istehsal edir. Yanğının miqyası və zavodun fəaliyyətinə təsiri barədə təsdiqlənmiş məlumat yoxdur.

Saratov vilayətinin qubernatoru Roman Busargin bir neçə yaşayış binasının da zədələndiyini açıqlayıb. Onun sözlərinə görə, üçü uşaq olmaqla, 10 nəfər yaralanıb. Altı nəfər xəstəxanaya yerləşdirilib, onların həyatı üçün təhlükə olmadığı bildirilir.

Engels şəhərində də partlayış səsləri eşidilib. Monitorinq aparan mənbələr strateji bombardmançı təyyarələrin yerləşdirildiyi “Engels-2” hərbi aerodromunun hədəf seçildiyini ehtimal edirlər. Ancaq aerodromun vurulduğu rəsmi qaydada təsdiqlənməyib.
Rusiyanın işğal etdiyi Krımın Simferopol rayonunda isə iki nəfərin öldüyü, bir nəfərin yaralandığı bildirilir. Məlumatı yarımadaya Moskvanın təyin etdiyi rəhbər – Sergey Aksyonov yayıb. Hücumun hansı obyektə yönəldiyi açıqlanmayıb.

Belqorod vilayətinin əməliyyat qərargahının yaydığı məlumatlara əsasən, bölgədə dron hücumları nəticəsində bir nəfər ölüb, azı dörd nəfər yaralanıb. Avtomobillər, yaşayış evləri, anbar və müəssisələrə ziyan dəyib. Şebekino şəhərində bir müəssisənin avadanlığı yanıb, daha bir müəssisənin anbarı zədələnib.

Rostov vilayətinin rəhbərliyi gecə ərzində təxminən 100 dronun vurulduğunu bildirib. Dron qalıqlarının düşdüyü ərazidə quru ot yanıb. Xəsarət alan olmayıb.
Taqanroq aerodromuna dəyən zərər peyk görüntülərində

Sentyabrın 7-nə keçən gecə vurulmuş Taqanroq hərbi aerodromuna dəyən zərər barədə yeni məlumatlar yayılıb. Açıq mənbələr üzrə araşdırma aparan analitiklər peyk görüntülərinə əsasən bir Mi-8 helikopterinin məhv edildiyini, Mi-35 helikopterinin isə zədələndiyini bildirirlər.

Aerodromun ərazisində Rusiyanın hərbi nəqliyyat təyyarələrini və İl-76 təyyarələrinin hissələrini təmir edən 325-ci aviatəmir zavodu da yerləşir. Rusiya tərəfi helikopterlərə dəyən zərəri təsdiqləməyib.

Volodimir Zelenski sentyabrın 7-də Ryazan vilayətində bir neft emalı zavodunun vurulduğunu açıqlayıb. O, Perm diyarı və Tatarstandakı neft emalı müəssisələrinə, Kursk vilayətində hücum dronlarının saxlandığı və buraxıldığı yerə, eləcə də Qara dənizdəki bir hədəfə zərbələr endirildiyini bildirib. Perm və Tatarstanda vurulduğu deyilən zavodların adları rəsmi məlumatda göstərilməyib.

Ukrayna Baş Qərargahı həmin gecə işğal altındakı ərazilərdə bir sıra hərbi obyektlərin də vurulduğunu açıqlayıb. Bunların arasında Krımın Vladislavivka qəsəbəsi yaxınlığında Şimali Krım kanalı üzərindən keçən dəmir yolu körpüsü və Perekopdakı “Grenader” kəşfiyyat məntəqəsi var.

Baş Qərargah Luqansk vilayətində iki komanda məntəqəsinin və Teple kəndi yaxınlığındakı sursat anbarının, Zaporojye vilayətinin Azovske kəndində isə daha bir komanda məntəqəsinin vurulduğunu bildirib. Dəyən zərərin miqyası açıqlanmayıb.

Rusiya Ukraynaya raket və dronlarla hücum edib

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya sentyabrın 8-nə keçən gecə Ukraynaya 166 dron və 32 X-101 qanadlı raketi atıb. Hücumda sayı açıqlanmayan “Oniks” gəmi əleyhinə raketlərindən, eləcə də “İsgəndər-M”, S-400 və KN-23 ballistik raketlərindən istifadə olunub.
Ukrayna tərəfi 31 qanadlı raketin, iki ballistik və ya gəmi əleyhinə raketin, həmçinin 142 dronun vurulduğunu və ya elektron vasitələrlə zərərsizləşdirildiyini açıqlayıb. Raket və dronların 29 yerdə hədəfə dəydiyi, vurulan vasitələrin qalıqlarının isə daha doqquz yerə düşdüyü bildirilir. Hücumun əsas istiqamətləri Kiyev və Odessa vilayətləri olub (“Ukrainska Pravda”).

Kiyevdə iki nəfər ölüb, 16 nəfər yaralanıb. Yaşayış binaları, yataqxana, mağazalar, məktəbin ərazisi, yanacaqdoldurma məntəqəsi və un istehsal edən müəssisə də daxil olmaqla 50-dən çox obyektə ziyan dəyib. Dağıntılar altından 13 nəfər çıxarılıb. Təkrar zərbə zamanı fövqəladə hallar xidmətinə məxsus avtomobil də vurulub (“Ukrainski Novini”).
Kiyev vilayətinin Borispol və Fastiv rayonlarında sənaye müəssisələri yanıb. Müəssisələrdən birində yeddi yük avtomobili məhv olub. Logistika mərkəzinin binası iki dəfə vurulub. Bila Tserkva şəhərində bir nəfərin qəlpə yarası aldığı bildirilir. Anbarlar, istehsal sahələri və yaşayış evləri də zədələnib (“Ukrainska Pravda”).
Odessa yaxınlığındakı bazara raket düşüb. Ticarət köşkləri dağılıb, 58 yaşlı mühafizəçi yaralanıb. Yerli media vurulan obyektin “7-ci kilometr” bazarı olduğunu yazsa da, vilayət rəhbərliyi bazarın adını açıqlamayıb.

Xarkovda iki nəfər yaralanıb, çoxmərtəbəli yaşayış binası zədələnib. Sumı vilayətində dəmir yolu stansiyasında Kiyev–Sumı sərnişin qatarının lokomotivi vurulub. Qatar əvvəlcədən dayandırıldığı üçün 90 sərnişin və heyət üzvlərini təxliyə etmək mümkün olub. Xəsarət alan olmayıb. Zaporojye və Dnepropetrovsk vilayətləri də hücuma məruz qalıb (“Associated Press”).

Enerji obyektlərinə dəyən zərər nəticəsində Sumı, Donetsk, Vinnitsa, Zaporojye və Kiyev vilayətləri ilə yanaşı, Kiyev şəhərində də yeni elektrik kəsintiləri yaranıb. “Ukrenergo” təmir işlərinin təhlükəsizlik şəraiti imkan verdikcə aparıldığını bildirib.

Rusiya Müdafiə Nazirliyi hücumda Ukraynanın dron və qanadlı raket istehsal edən, yaxud onları saxlayan müəssisələrinin vurulduğunu iddia edib. Nazirlik Kiyev və Kiyev vilayətində hərbi daşımalar üçün istifadə olunduğunu bildirdiyi mərkəzlərin, Çernomorsk limanında hərbi yük boşaldılan obyektlərin və Ukrayna ordusu üçün yanacaq daşıdığı deyilən tankerin də hədəfə alındığını açıqlayıb. Moskva konkret müəssisələrin adlarını çəkməyib. Bu iddialar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Zelenski: sentyabrın sonlarında Trampla görüşümüz ola bilər

Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın ikinci yarısında ABŞ Prezidenti Donald Trampla görüşməyə ümid etdiyini bildirib. O, görüşdə Ukraynanın ballistik raketlərdən müdafiəsinin gücləndirilməsini müzakirə etmək istəyir.

“ABŞ-dən ballistik raketlərə qarşı müdafiə vasitələrindən ibarət paketlər almalıyıq. Amerika tərəfinə nəyə və nə vaxt ehtiyacımız olduğunu ətraflı izah etmişik. Sentyabrın 20-dən sonrakı günlərdə Prezident Trampla görüşəcəyimi və bu məsələni onunla müzakirə edəcəyimi düşünürəm. Allah qoysa, nəticəsi olar” – Zelenski jurnalistlərə bugünkü aşıqlamasında belə deyib.

Ağ Ev prezidentlərin yeni görüşü barədə hələ ki açıqlama verməyib.

Bugünkü paylaşımında isə Zelenski gecə hücumunun insanlara mümkün qədər böyük zərər vurmaq məqsədi daşıdığını bildirib. O, Ukraynanın qanadlı raketlərə qarşı yüksək nəticə göstərdiyini, ballistik raketlərin vurulmasında isə çətinlik çəkdiyini etiraf edib.
Zelenskinin sözlərinə görə, Ukrayna əlavə tutucu raketlər almaq üçün ABŞ və Avropa ölkələri ilə danışıqları davam etdirir. O, sentyabrın 8-də Ukraynanın “FREYJA” ballistik raketlərdən müdafiə sistemi üzərində işləyən dövlətlərin və şirkətlərin nümayəndələri ilə görüşlər keçiriləcəyini də açıqlayıb (Zelenskinin rəsmi kanalı).

ABŞ nümayəndələrinin səfəri zamanı Ukrayna Moskvanı vurmamaq barədə müvəqqəti öhdəlik götürmüşdü və Rusiyadan Kiyevə hücum etməməsini gözləyirdi. Bu anlaşma yalnız iki paytaxtı əhatə etdiyindən digər bölgələrə zərbələr həmin müddətdə də davam edib.

ABŞ yeni təkliflər verib

ABŞ prezidentinin nümayəndələri Stiv Uitkoff və Cared Kuşner sentyabrın 5-də Moskvada Vladimir Putinlə, ertəsi gün isə Kiyevdə Volodimir Zelenski və Avropa ölkələrinin nümayəndələri ilə görüşmüşdülər.
“Axios”-un məlumatına görə, ABŞ nümayəndələri Rusiyanın danışıqlara hazır olduğunu deyiblər. Zelenski isə Rusiyanın cəbhədəki hərəkətlərinin və hücumları gücləndirməsinin bu iddiayla uyğun gəlmədiyini bildirib.

Görüşlərdə qış aylarında qarşıdurmanın zəiflədilməsi üçün enerji və elektrik obyektləri, taxıl daşımaları, eləcə də neft-qaz ixracıyla bağlı mümkün razılaşmalar müzakirə olunub. ABŞ Ukrayna üçün hava hücumundan müdafiə vasitələrini, enerji yardımını və mayeləşdirilmiş təbii qazı əhatə edən ayrıca qış paketi də hazırlayır (“Axios”).

Danışıqlardan sonra tərəflərin mövqelərini yaxınlaşdıran razılaşma elan olunmayıb. Uitkoff üçtərəfli ABŞ-Ukrayna-Rusiya görüşünün hazırlanmasında irəliləyiş əldə olunduğunu desə də, görüşün tarixi və keçiriləcəyi yer müəyyənləşdirilməyib (“Ukrainska Pravda”).
Lavrov ABŞ-ni qərəzli vasitəçi adlandırıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrov sentyabrın 8-də “Sama Menşova” internet layihəsinə müsahibəsində hazırda sülh danışıqlarının aparılmadığını bildirib.

Lavrov ABŞ-ni qərəzsiz vasitəçi saymadığını deyib və bunu Vaşinqtonun Ukraynaya silah və siyasi dəstək verməsi ilə əsaslandırıb. Onun iddiasına görə, Kiyev və Qərb ölkələri atəşkəsdən Ukraynanın mövqeyini gücləndirmək üçün istifadə etmək istəyirlər. O həmçinin vurğulayıb ki, Qərb güzəştə əsaslanan təşəbbüslərin qarşısını alarsa, Rusiya məqsədlərinə danışıqlar masasında deyil, döyüş meydanında çatmağa çalışacaq (“İnterfaks”).

Lavrov deyib ki, Qara dənizdə mülki yük daşıyan gəmilərə hücumların dayandırılmasına nəzarət etmək mümkün deyil. O, Qara dəniz taxıl sazişinin yenidən qüvvəyə minməsi ideyasını qəbulolunmaz təklif adlandırıb.

Bu gün Britaniya hökuməti Ukraynanın qış aylarında hava hücumundan müdafiəsini gücləndirmək üçün 100 milyon funt-sterlinq ayıracağını açıqlayıb. NATO-nun Ukraynanın Prioritet Ehtiyacları Siyahısı (PURL) çərçivəsində veriləcək paketə “Patriot” raketləri və başqa hava hücumundan müdafiə vasitələri daxildir. Britaniya Ukraynaya tutucu dronlar, iriçaplı artilleriya mərmiləri və başqa növ dronlar da göndərəcək.

“Politfm”