İsrail qüvvələrinin növbəti hava hücumu, Mənsuri kəndi, Livan; 3 sentyabr 2026 (foto:AP)

 

 

Livan Səhiyyə Nazirliyinin sentyabrın 6-da açıqladığı son məlumata görə, 2023-cü ilin oktyabrından bəri İsrailin Livana hücumları nəticəsində 8 929 nəfər həlak olub, 30 614 nəfər yaralanıb.

Bildirilir ki, döyüşlərin yenidən şiddətləndiyi martın 2-dən bu yana 4 362 nəfər ölüb, 12 378 nəfər yaralanıb.

Təcili yardım briqadalarına 179 dəfə hücum edilib

Martın 2-dən bəri təcili yardım briqadalarına 179 hücum qeydə alınıb. Bu müddətdə 135 səhiyyə işçisi həlak olub.

Hücumlar xəstəxanalardan da yan keçməyib. İyunun 1-də Cəbəl-Amil xəstəxanasına endirilən hava zərbəsi azı dörd nəfərin ölümünə, 127 nəfərin yaralanmasına səbəb olub.
360 min nəfər hələ də evinə qayıda bilmir

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının avqustun 18-də yaydığı məlumata görə, təxminən 860 min nəfər yaşadığı yerə qayıtsa da, 360 min nəfər hələ də evindən uzaqda yaşayır. Onların azı 22 mini müvəqqəti sığınacaqlarda qalır.

Qurum bildirib ki, geri qayıdanların bir çoxu dağılmış evlərlə, əsas xidmətlərin işləməməsi ilə və partlamamış sursat təhlükəsi ilə üzləşir.

Razılaşmalar hücumları dayandırmayıb

ABŞ-nin vasitəçiliyi ilə iyunda əldə olunan iki razılaşma Livanın cənubundakı hücumlara son qoymayıb.
İyunun 4-də elan edilən atəşkəs razılaşmasında “Hizbullah”ın İsrail ərazisinə atəşi tam dayandırması və döyüşçülərini Litani çayının cənubundan çıxarması nəzərdə tutulurdu. İyunun 26-da imzalanan çərçivə sazişi isə İsrail qoşunlarının Livandan çıxmasını birbaşa tələb etmirdi. Sənəddə bu proses “Hizbullah”ın tərksilah edilməsi ilə əlaqələndirilirdi.

Təşkilatın baş katibi Naim Qasım çərçivə sazişini “hökmsüz” adlandırıb. O, silahların təhvil verilməsi müzakirə olunmazdan əvvəl İsrail qoşunlarının Livandan çıxmasını tələb edib.
İsrail mart ayında Livanın cənubunda “bufer zona” yaratdığını açıqlayıb və bölgədəki hərbi mövqelərini saxlamaqda davam edir.

Sentyabrın 4-də Kfar Reman şəhərinə endirilən hava zərbəsində üç nəfərin öldüyü, azı 23 nəfərin yaralandığı bildirilir. İsrail ordusu hücumun Əli ət-Tahir yüksəkliyi yaxınlığındakı tunellərdə gizlənmiş “Hizbullah” döyüşçülərinə qarşı yönəldiyini bildirib.

Həmin gün Sur və Nəbatiyyə bölgələrindəki yeddi yaşayış məntəqəsinə də hava zərbələri endirilib, artilleriya atəşi açılıb. Bu hücumlarda ölən və yaralanan olmayıb. Bazar günü səhər isə İsrail təyyarələri Zavtar əş-Şərqiyyə yaşayış məntəqəsini bombalayıb (“Al Jazeera”).

“Politfm”