Kiyev, 6 sentyabr 2026 (foto: Ukrayna Prezidentinin Ofisi)

 

 

Ukrayna və Rusiya sentyabrın 7-nə keçən gecə qarşılıqlı hücumları davam etdiriblər. Rusiya Müdafiə Nazirliyi ölkənin müxtəlif bölgələri və işğal olunmuş Krım üzərində 306 Ukrayna dronunun vurulduğunu iddia edir. Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görəsə Rusiya Ukrayna ərazisinə 92 dronla hücum edib.

 

Permdə neft emalı zavodunun hədəfə alındığı bildirilir

Rusiya Müdafiə Nazirliyinin açıqlamasına görə, Ukrayna dronları Belqorod, Bryansk, Volqoqrad, Voronej, Kursk, Lipetsk, Nijni Novqorod, Oryol, Rostov, Samara, Saratov, Tambov və Ulyanovsk vilayətlərində, Perm diyarında, Tatarıstan, Udmurtiya və Çuvaşiyada, həmçinin işğal olunmuş Krım, Qara dəniz və Azov dənizi üzərində qeydə alınıb.

Nazirlik bütün dronların vurulduğunu iddia etsə də, Rusiyanın bir neçə bölgəsində partlayışlar və yanğınlar barədə məlumat yayılıb (“İnterfaks”).
Perm şəhərində dronların “LUKOIL-Permnefteorgsintez” neft emalı zavoduna doğru hərəkət etdiyi, partlayışlardan sonra müəssisənin yaxınlığında tüstü müşahidə olunduğu bildirilir. İllik emal gücü 13 milyon tondan çox olan bu zavod Rusiyanın ən böyük neft emalı müəssisələrindən biridir. Müəssisədə benzin, dizel yanacağı, aviasiya yanacağı və sürtkü yağları istehsal edilir.

Zavodun vurulması barədə hələ rəsmi açıqlama verilməyib. Ukrayna tərəfi də əməliyyata dair məlumat yaymayıb (“Suspilne”).
Perm diyarının qubernatoru Dmitri Maxonin bildirib ki, bölgədə 27 dron vurulub. Onun sözlərinə görə, dron qalıqlarının yaşayış binasına düşməsi nəticəsində bir nəfər ölüb, dörd nəfər yaralanıb. Başqa bir dronun qalıqları fərdi yaşayış evinin həyətinə düşsə də, xəsarət alan olmayıb.

Taqanroq aviabazasının ərazisində yanğın qeydə alınıb

Rostov vilayətinin Taqanroq şəhərində də gecəboyu partlayış səsləri eşidilib. NASA-nın yanğınları peykdən izləyən sistemi şəhərdəki hərbi aerodromun ərazisində istilik mənbəyi qeydə alıb. Açıq mənbələrdə yayılan görüntülərdə həmin ərazidən tüstü qalxdığı görünür.
Rusiya hakimiyyəti aviabazanın vurulduğunu təsdiqləməyib. Mənbələr aerodromun adını və oradakı hərbi texnikanın zərər görüb-görmədiyini dəqiqləşdirməyib.

Rostov vilayətinin qubernatoru Yuri Slyusar bölgənin müxtəlif rayonlarında 25-ə yaxın dronun vurulduğunu bildirib. O, Taqanroq aviabazasındakı yanğın barədə məlumat verməyib.

Mariupoldakı ticarət mərkəzi yanıb

Rusiyanın işğalı altında olan Mariupol şəhərində “Qalaktika” ticarət mərkəzi dron hücumundan sonra yanıb. Yanğının binanın böyük hissəsini əhatə etdiyi bildirilir.
Ukraynanın İşğalın Araşdırılması Mərkəzinin rəhbəri Petro Andryuşşenko bildirib ki, bu ticarət mərkəzinin dayanacağından Rusiyanın səyyar atəş qrupları istifadə edir. Onun sözlərinə görə, hücum zamanı dayanacaq da vurulub.
Səhər saatlarına olan məlumata görə, ölən və yaralananlar barədə məlumat verilməmişdi (“Ukrainska Pravda”).

Çuvaşiyanın rəhbəri Oleq Nikolayev isə bölgədə iki dronun vurulduğunu, onların qalıqlarının mobil rabitə qülləsini zədələdiyini açıqlayıb. Hücumlar səbəbindən Perm, İjevsk, Buqulma, Nijnekamsk, Kazan, Çeboksarı, Ufa və Tambov hava limanlarında uçuşlar müvəqqəti dayandırılıb.

Soçidəki neft anbarında yanğın yenidən güclənib

Sentyabrın 4-də Ukrayna dronlarının hücumuna məruz qalmış Soçi neft anbarında sentyabrın 6-sı axşam saatlarında yanğın yenidən güclənib. Yerli sakinlərə tüstüyə görə pəncərələri bağlamaq tövsiyə olunub.

Mənbələr bunu əvvəlki hücumdan sonra tam söndürülməmiş yanğının yenidən alovlanması ilə əlaqələndirirlər. Sentyabrın 7-nə keçən gecə həmin obyektə yeni zərbə endirildiyi təsdiqlənməyib (“Ukrainska Pravda”).

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı sentyabrın 7-nə keçən gecə Rusiyaya endirilən zərbələr barədə hələ açıqlama verməyib.

Qurumun sentyabrın 6-da yaydığı son məlumatda isə bu obyektlərin vurulduğu bildirilirdi:
1. Ryazan neft emalı zavodu;
2. “Rostov-na-Donu” hərbi aerodromu;
3. Rostov vilayətindəki “Podlyot” radiolokasiya stansiyası;
4. iki “Pantsir-S1” hava hücumundan müdafiə sistemi.

Baş Qərargah Ryazan zavodunda və Rostovdakı aerodromun yaxınlığında yanğın başladığını açıqlamışdı. Dəymiş zərərin miqyası barədə ətraflı məlumat verilməmişdi.
Rusiya Ukraynaya 92 dronla hücum edib
Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya sentyabrın 6-sı saat 18:00-dan başlayaraq Ukraynaya 92 dronla hücum edib. Hücumda “Şahed”, “Gerbera”, “Parodiya” və S8000 “Banderol” tipli dronlardan istifadə olunub. Onların bir hissəsinin reaktiv mühərriklə işlədiyi bildirilir.

Dronlar Rusiyanın Oryol və Primorsko-Axtarsk şəhərlərindən, həmçinin işğal altındakı Donetsk və Krımın Qvardeyskoye yaşayış məntəqəsindən buraxılıb.
Ukrayna tərəfi səhər saat 09:00-dək 71 dronun vurulduğunu və ya elektron vasitələrlə zərərsizləşdirildiyini açıqlayıb. Dronların 12 yerdə hədəfə dəydiyi, vurulmuş aparatların qalıqlarının isə daha bir yerə düşdüyü bildirilir (“Ukrainska Pravda”).
Zaporojye şəhərində dronlardan biri ticarət mərkəzinə düşüb və yanğın başlayıb. İlkin məlumata görə, xəsarət alan olmayıb.

Odessa rayonunda iki avtomobil və quru ot örtüyü yanıb, iki yaşayış evinin fasadı, pəncərələri və hasarı zədələnib. İzmail rayonunda isə bir evə ziyan dəyib, iki avtomobil və yardımçı tikili yanıb. Hər iki rayonda ölən və yaralanan olmadığı bildirilir (“Ukrinform”).
Dnepropetrovsk vilayətində yaşayış binası və infrastruktur obyektləri zədələnib. Sinelnikovo rayonundakı taxıl anbarlarında yanğın başlayıb (“Suspilne”).

Rusiya Müdafiə Nazirliyi Çernomorsk limanında “Mavka” quru yük gəmisini, İzmail limanındakı istehsal və yükləmə kompleksini, həmçinin Qara dənizdə patrul katerini vurduğunu iddia edib. Nazirlik bu obyektlərin Ukraynaya hərbi yük daşınmasında istifadə olunduğunu bildirib. Ukrayna tərəfi bu iddiaları təsdiqləməyib (“İnterfaks”).

ABŞ nümayəndələri Kiyevdə olublar

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və kürəkəni Cared Kuşner sentyabrın 6-da Kiyevə ilk rəsmi səfərlərini ediblər. Daha əvvəl onlar Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşüblər, danışıqlar üç saatdan çox davam edib.

Kiyevdə ABŞ nümayəndələrinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü bir neçə mərhələdən ibarət olub. Danışıqların bir hissəsinə Fransa, Böyük Britaniya və Almaniya rəhbərlərinin təhlükəsizlik məsələləri üzrə müşavirləri də qoşulublar.

Tərəflər Rusiya ilə danışıqların bərpası imkanlarını, təhlükəsizlik təminatlarını, mübahisəli ərazilərin gələcəyini, Ukrayna ordusunun gücləndirilməsini və müharibədən sonrakı iqtisadi bərpa məsələlərini müzakirə ediblər.

Zelenski ərazi məsələlərinin yalnız ölkə rəhbərlərinin iştirakı ilə həll oluna biləcəyini bildirib. Kuşner isə ABŞ-nin təhlükəsizlik, iqtisadiyyat və siyasi məsələləri birləşdirən ümumi sülh planı hazırlamağa çalışdığını deyib. Onun sözlərinə görə, Vaşinqton Ukrayna və Rusiyanın iştirakı ilə üçtərəfli danışıqlara şərait yaratmaq istəyir.

Görüşdə Ukraynanın qış aylarında hava hücumlarından qorunması məsələsi də müzakirə olunub. Kiyev əlavə “Patriot” sistemləri və bu sistemlər üçün raketlər verilməsini istəyib. ABŞ nümayəndələri raket istehsalının artırılması planlarından danışıblar.

Ukrayna, ABŞ və Avropa nümayəndələrinin yaxın vaxtlarda yenidən görüşməsi barədə razılıq əldə olunub. Danışıqlarda irəliləyiş olduğu barədə heç bir açıqlama verilməyib.

“Politfm”