İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Kərbəlada keçirilən mərasimdə; 20 avqust 2026 (Foto: IRNA)
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf dünənki açıqlamasında bildirib ki, Vaşinqton “çox gec olmadan” oyun qaydalarının dəyişdiyini anlamalıdır.
“Bundan sonra İranın maraqlarına və təhlükəsizliyinə yönələn hər bir hücuma daha sürətli, daha ağır və daha ağrılı cavab veriləcək” – Qalibaf “Telegram” kanalında yayımlanan çıxışında belə deiyb.
Dövlət mediası İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayiyə istinadən yazıb ki, yaxın günlərdə Hörmüz boğazından kənarda məhdud girişli yeni zona yaradılacaq və bu zona Fars körfəzinin bəzi hissələrini də əhatə edəcək (“Reuters”).
Planın təfərrüatı açıqlanmayıb. Rezayi yalnız onu bildirib ki, yeni zonaya daxil olan hər bir gəmi sanksiya siyahısına salınacaq.
Sanksiyalar və limanların blokadası iqtisadiyyata təzyiqi artırır
Vaşinqton İranın neft ixracını bloklamaq və sanksiyalardan yayınmasının qarşısını almaqla ölkə iqtisadiyyatını boğmağa çalışır. İranın üç yüksək vəzifəli rəsmisi “Reuters”-ə bildirib ki, bu təzyiqə tab gətirmək getdikcə çətinləşir.
Qalibaf sözügedən çıxışında etiraf edib ki, hərbi cəbhə ilə yanaşı, İran istehsalı qorumaq və insanların dolanışığının təmin etmək uğrunda da mübarizə aparır.
O, milli valyutanın məzənnəsindəki kəskin dəyişiklikləri, inflyasiyanı, işsizliyi və bazarın idarə olunmasındakı problemləri əsas çətinliklər kimi göstərib. Qalibafın sözlərinə görə, iranlılar çətinliyə dözə bilərlər, amma səriştəsiz idarəçiliyə və fəaliyyətsizliyə dözməyəcəklər, ona görə də hökumət dərhal hərəkətə keçməlidir.
Dövlət mediasının məlumatına görə, İranın iqtisadiyyat naziri Əli Mədənizadə bildirib ki, Tehran ABŞ-nin iqtisadi təzyiqinə islahatlarla cavab verməyi planlaşdırır. O, sanksiyaların İran hakimiyyətini mövqeyini dəyişməyə məcbur edəcəyi fikrini rədd edib:
“Onlar iqtisadi təzyiqdən, təcriddən və maliyyə əlaqələrinin kəsilməsindən danışırlar. Düşünürlər ki, bir ölkənin iqtisadiyyatına təzyiq göstərməklə onun xalqının qərarlarını dəyişə bilərlər. Bir şeyi aydın demək istəyirəm: İran iqtisadiyyatında islahat aparmaq ABŞ Maliyyə Nazirliyinin deyil, İran hökumətinin və xalqının məsuliyyətidir”.
“Tasnim” agentliyinin məlumatına görə, iqtisadiyyat nazirinin müavini Mürtəza Zamanian da bazar günü bildirib ki, nazirliyin İqtisadi Müharibə Qərargahı müharibənin yaratdığı problemlərin həlli üçün fəaliyyətini daha da gücləndirib.
İranın neft naziri: Xark adası son aylarda 550 dəfə vurulub
İran Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) üçüncü ən böyük neft hasilatçısıdır. Müharibədən əvvəl ölkə xam neftinin 90 faizini Xark adasındakı ixrac terminalı vasitəsilə göndərirdi. ABŞ aprelin ortalarında İranın neft ixracını blokadaya aldıqdan sonra daşımalar ciddi ölçüdə azalıb.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsindəki dünənki açıqlamasında bildirib ki, İrana qarşı blokadanı sərt şəkildə tətbiq etmək məqsədilə 92 ticarət gəmisinin istiqamətini dəyişib, üç gəmini sıradan çıxarıb, daha iki gəminin göyərtəsinə qalxaraq yoxlama aparıb.
Avqustun 31-də ABŞ Prezidenti Donald Tramp Xark adasına hücum edildiyini göstərən, süni intellektlə hazırlanmış video paylaşıb. O, videoya cəmi bir cümləlik şərhində adanın “darmadağın edildiyini” yazıb. İran rəsmiləri buna cavab olaraq bildiriblər ki, Xark adasına hücum edilərsə, Tehranın cavabı sərt olacaq.
İranın neft naziri Möhsün Paknejad bazar günü dövlət televiziyasında yayımlanan müsahibəsində adanın son aylarda təxminən 550 dəfə vurulduğunu, buna baxmayaraq ordakı fəaliyyətin davam etdirdiyini deyib.
İran Hörmüz boğazının blokadasını davam etdirir. Bu, dünya üzrə yanacağın bahalaşmasına səbəb olub və ABŞ Konqresinə nəzarətin taleyini müəyyən edəcək noyabr seçkiləri ərəfəsində Tramp üçün ciddi problem yaradıb.
ABŞ-nin energetika naziri Kris Rayt Hörmüzdə neft daşımalarının davam etdiyini deyib:
“Hazırda boğazdan gündə orta hesabla 9 milyon bareldən çox neft daşınır. Ordan yan keçən boru kəmərlərini də nəzərə almaqla, münaqişədən əvvəlki neft axınının təxminən üçdə ikisi, bəlkə də daha çoxu təmin olunur. İran hələ də maneələr yaradır, amma bu qarşıdurmada üstün gələn tərəf ABŞ Hərbi Dəniz Qüvvələridir”.
“Politfm”



