
Almaniyanın “Halle” (Leypsiq) hava limanının uçuş-enmə zolağının yaxınlığında aşkar edilmiş dron; 5 avqust 2026 (foto:”Reuters”)
Avropa İttifaqı Almaniyanın “Halle” (Leypsiq) hava limanında baş vermiş hadisəyə görə Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini nəzərdən keçirir. Berlin orda aşkar edilmiş dronu Moskvanın hücum cəhdi kimi qiymətləndirir, Rusiya ittihamları rədd edir.
“Reuters” agenttliyinin çərşənbə günü yaydığı xəbərə görə, bu olay Avropada Rusiyanın mümkün hibrid əməliyyatlarıyla bağlı narahatlığı daha da artırıb. Avropa rəsmiləri Leypsiqdəki hücum cəhdini təkbaşına baş vermiş hadisə yox, Qərb ölkələrini qorxutmağa və Ukraynaya dəstəyi zəiflətməyə yönəlmiş daha geniş fəaliyyətin bir hissəsi sayırlar.
Partlayıcı yüklənmiş dron
“Halle” hava limanının əməkdaşları ötən günlərdə uçuş-enmə zolağının yaxınlığında partlayıcı maddə və detonatorla təchiz olunmuş dron aşkarlayıblar.
Bu hava limanı Almaniyanın əsas yükdaşıma mərkəzlərindən biri olmaqla yanaşı, NATO-nun mühüm logistika qovşağı sayılır. Orda Ukraynaya məxsus bir neçə “Antonov An-124” ağır yük təyyarəsi də saxlanılır.
Almaniya hökuməti polis araşdırmalarının nəticələrinə, hadisənin törədilmə üsuluna və kəşfiyyat məlumatlarına əsaslanaraq hücum cəhdinə görə Rusiyanın məsuliyyət daşıdığı qənaətinə gəlib. Berlin hesab edir ki, məqsəd Ukraynanı dəstəkləyən ölkələrdə qorxu və fikir ayrılığı yaratmaqdır.
Moskva ittihamları əsassız adlandırıb, Almaniyanın təqdim etdiyi sübutların yetərli olmadığını bildirib.
Avropa İttifaqı yeni sanksiyalar hazırlayır
Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen deyib ki, bu hadisə Moskvanın getdikcə daha təhlükəli davrandığının göstəricisidir. Onun sözlərinə görə, Avropa və NATO Rusiyaya təzyiqi azaltmayacaq, əksinə, artıracaq.
Fon der Lyayen həmçinin qeyd edib ki, Avropa ölkələri bu cür hadisələri artıq yeni təhlükəsizlik şəraitinin bir hissəsi kimi qəbul etməli və Rusiyanın fəaliyyətinə daha tez cavab verməyə hazır olmalıdırlar. Yeni sanksiyaların əhatə dairəsi hələ açıqlanmayıb.
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bildirib ki, Leypsiqdəki hücum cəhdində dövlətin himayə etdiyi terror fəaliyyətinin əlamətləri var. Onun sözlərinə görə, Aİ Rusiyanın hərbi-sənaye kompleksinə bağlı şəxslər və qurumlara dair yeni sanksiyalar hazırlayır.
Fransanın xarici işlər naziri isə Rusiyanın “kölgə donanması”na qarşı tədbirlərin sərtləşdirilməsini istəyib.
NATO-nun Baş katibi Mark Rütte deyib ki, son vaxtlar alyansın şərq sərhədlərində hava məkanına daxil olan Rusiya dronlarının və raketlərinin sayı artıb. O vurğulayıb ki, Moskva təhdid yolu ilə Avropa ölkələri arasında parçalanma yaradacağını və onları Ukraynaya dəstəkdən çəkindirəcəyini düşünürsə, yanılır.
Rusiya nümayəndələri XİN-lərə çağırılıb
Avropa İttifaqı və bir sıra üzv ölkələr Leypsiq hadisəsi ilə bağlı Rusiyanın diplomatik nümayəndələrini XİN-ə çağırıblar.
Almaniya Rusiyanın Bonndakı Baş konsulluğunu bağlamaq və Berlində fəaliyyət göstərən “Rusiya Evi” mədəniyyət mərkəzinə dair razılaşmanı ləğv etmək qərarına gəlib.
Rusiya isə Almaniyanın Moskvadakı müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıb. Nazirlik Berlinin ittihamlarını “uydurma” adlandırıb, münasibətləri daha da gərginləşdirməyə yönəlmiş addım kimi qiymətləndirib və cavab tədbirləri görəcəyini bildirib.
Şərq İqtisadi Forumunda çıxış edən Sergey Lavrov Almaniyanın Höte İnstitutunun Moskva, Sankt-Peterburq və Yekaterinburqdakı mərkəzlərinin bağlanacağını deyib.
Rusiya prezidenti Vladimir Putinsə Almaniyanın Rusiyanı təqsirləndirmək üçün sübutları saxtalaşdırdığını iddia edib.
O, kansler Fridrix Mertsin hökumətini ölkədəki daxili problemlərdən diqqəti yayındırmaq üçün Rusiyanı düşmən olaraq göstərməkdə günahlandırıb.
İki şübhəlinin müəyyənləşdirildiyi bildirilir
“Süddeutsche Zeitung”, NDR və WDR media qurumlarının məlumatına görə, Almaniya müstəntiqləri hücumun hazırlanmasında iştirak etdiyi ehtimal olunan iki nəfəri müəyyənləşdiriblər.
Onlardan birinin Rusiyada doğulmuş Latviya vətəndaşı olduğu bildirilir. Almaniya mediası həmin şəxsin Rusiya kəşfiyyatı ilə əlaqəsinin ola biləcəyini yazır. İddiaya görə, o, iyulun sonunda Berlinə gəlib, icarəyə götürdüyü avtomobillə Leypsiqə yollanıb və hücum cəhdindən iki gün əvvəl Almaniyanı tərk edib.
İkinci şübhəlinin Belarus və Rusiya vətəndaşlığına malik olduğu, Almaniyaya İtaliyanın Minskdəki diplomatik nümayəndəliyindən aldığı turist vizası ilə gəldiyi bildirilir.
Almaniyanın Baş Prokurorluğu bu məlumatları hələ ki rəsmən təsdiqləməyib.
Almaniyada iki yeni təxribat şübhəsi araşdırılır
Leypsiq hadisəsinin müzakirə edildiyi günlərdə Almaniyada enerji sisteminə qarşı bir gündə iki yeni təxribat şübhəsi qeydə alınıb.
Şimali Reyn-Vestfaliyada yarımstansiyanın qəsdən sıradan çıxarılması ümumi gücü 4 200 meqavat olan linyit elektrik stansiyası bloklarının şəbəkədən ayrılmasına səbəb olub. Brandenburqda isə elektrik keçirən materiallarla təchiz edilmiş qurğular ölkənin şərqindəki mühüm yüksək gərginlik xətlərindən birini zədələyib.
Hadisələri törədənlər müəyyənləşdirilməyib. Şimali Reyn-Vestfaliyanın daxili işlər naziri bildirib ki, bu hadisələrdə xarici dövlətlərlə yanaşı, solçu radikal qrupların da iştirakı istisna edilmir. Brandenburq rəsmiləri iki hadisə arasında oxşar cəhətlər göründüyünü desələr də, araşdırmanın ilkin mərhələdə olduğunu vurğulayıblar.
Hadisələr Almaniyada həssas siyasi dövrə təsadüf edir. Moskva ilə münasibətlərin yaxşılaşdırılmasını müdafiə edən ifrat sağçı “Almaniya üçün Alternativ” partiyası seçkiqabağı rəy sorğularında öndədir.
“Politfm”


