Foto: Asif Məsimov
İctimai nəqliyyat paytaxt sakinlərinin əsas xərc maddələrindən biridir. Gediş haqqındakı hər artım yüz minlərlə insanın, xüsusilə də nəqliyyatdan hər gün və bir neçə dəfə istifadə edənlərin büdcəsinə hiss olunacaq dərəcədə təsir edir.
Rəsmi məlumatlara görə, 2025-ci ildə Bakıda avtobuslarla 494 milyondan çox, metro ilə isə 226,8 milyon sərnişin daşınıb. Başqa sözlə, bir il ərzində avtobus və metroda ümumilikdə 721 milyondan çox gediş qeydə alınıb. Bu, günə orta hesabla təxminən 2 milyon gediş deməkdir (Rəqəmlər ayrı-ayrı sərnişinlərin yox, səfərlərin toplam sayını göstərir (AYNA, Dövlət Statistika Komitəsi).
20 qəpikdən 60 qəpiyə
2016-cı ildə Bakı metrosunda və şəhərdaxili avtobusların əsas hissəsində bir gediş 20 qəpik idi. Bundan sonra tariflər dörd dəfə qaldırılıb:
• 1 avqust 2018-ci ildə gediş haqqı 20 qəpikdən 30 qəpiyə çatdırılıb. Artım 50 faiz olub.
• 3 fevral 2023-cü ildə metroda və şəhərdaxili avtobuslarda tarif 30 qəpikdən 40 qəpiyə qaldırılıb. Bu, 33,3 faizlik artım demək idi.
• 1 iyul 2024-cü ildə metroda və şəhərdaxili avtobuslarda bir gedişin yuxarı həddi 50 qəpik müəyyənləşdirilib. Tarif daha 25 faiz artıb.
• 1 oktyabr 2025-ci ildə metroda gediş haqqı 60 qəpiyə çatdırılıb. Nağdsız ödənişlə işləyən və müəyyən texniki tələblərə cavab verən şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobuslarda da tarif 60 qəpikdən başlayıb. Dəyişiklik ilkin mərhələdə paytaxtın marşrut şəbəkəsinin təxminən 30 faizini əhatə edib. Tələblərə cavab verməyən xətlərdə isə əvvəlki tarif saxlanılıb.
Beləliklə, 60 qəpiklik indiki metro tarifi 2016-cı ildəki məbləğin üç mislidir. Başqa sözlə, başlanğıc və son tarif arasındakı fərqə görə gediş haqqı 200 faiz bahalaşıb.
Nəqliyyat xərci ailə büdcəsindən nə qədər aparır?
Azərbaycanda minimum əməkhaqqı 400 manatdır.
Ayda 22 gün işləyən və ictimai nəqliyyatla gündə bir dəfə gedib-gələn şəxs 60 qəpiklik tariflə 26 manat 40 qəpik ödəyir. Bu, minimum əməkhaqqının 6,6 faizidir.
Sərnişin işə çatmaq üçün hər istiqamətdə bir dəfə başqa avtobusa və ya metroya minsə, gündə dörd gedişin pulunu ödəməlidir. Bu halda aylıq xərc 52 manat 80 qəpiyə, minimum əməkhaqqına nisbəti isə 13,2 faizə çatır.
İki valideyn və bir məktəbli eyni qaydada gündə bir dəfə gedib-gəlirsə, ailənin aylıq nəqliyyat xərci 79 manat 20 qəpik edir. Bu məbləğ:
– bir minimum əməkhaqqının 19,8 faizinə;
– iki minimum əməkhaqqının 9,9 faizinə bərabərdir.
Hər üç ailə üzvü bir nəqliyyat vasitəsindən digərinə keçməli olarsa, aylıq xərc 158 manat 40 qəpiyə yüksəlir. Bu isə bir minimum əməkhaqqının 39,6 faizini, iki minimum əməkhaqqının 19,8 faizini təşkil edir.
Amma bu hesablama minimum əməkhaqqının qanunla müəyyən edilmiş ümumi məbləği əsasında aparılıb. Vergi və sığorta ödənişləri çıxıldıqdan sonra işçinin aldığı məbləğ daha az olduğuna görə nəqliyyat xərcinin həqiqi payı daha yüksəkdir. Üstəlik, hesablamaya istirahət günlərindəki səfərlər və ailənin başqa gedişləri daxil edilməyib.
Bir ölkə və doqquz şəhərdə pulsuz gediş necə təşkil olunur?
Dünyadakı pulsuz nəqliyyat nümunələri eyni qayda ilə işləmir. Bəzi yerlərdə bütün sakinlər və turistlər, bəzilərində yalnız yerli əhali, müəyyən ərazidə hərəkət edənlər və ya şəhərdə gecələyən qonaqlar gediş haqqından azad olunur.
Lüksemburq: 2020-ci il martın 1-dən ölkə daxilində avtobus, tramvay və qatarların ikinci dərəcəli vaqonlarında gediş hamı üçün pulsuzdur. Güzəşt ölkə sərhədlərindən kənara çıxan səfərlərə və qatarların birinci dərəcəli vaqonlarına aid deyil. Lüksemburq ölkə üzrə ictimai nəqliyyatı bütün sərnişinlər üçün pulsuz edən ilk dövlətdir (Lüksemburqun İctimai Nəqliyyat İdarəsinin saytı).
Melburn (Avstraliya): Şəhərin mərkəzini və Doklends ərazisini əhatə edən zonada tramvayla gediş pulsuzdur. Səfər həmin zonadan kənara çıxarsa, sərnişin adi tariflə ödəniş etməlidir (Viktoriya ştatının nəqliyyat qurumunun saytı).
Cenevrə (İsveçrə): Rəsmi qeydiyyatdan keçmiş otel, hostel, kempinq və digər gecələmə yerlərində qalan qonaqlara Cenevrə Nəqliyyat Kartı verilir. Kart qaldıqları müddətdə avtobus, tramvay, ikinci dərəcəli qatar və göl üzərində işləyən sərnişin katerlərindən istifadə etməyə imkan verir (Cenevrə Turizm İdarəsinin saytı).
Zaltsburq (Avstriya): 2025-ci il mayın 1-dən Zaltsburq federal əyalətində gecələyən qonaqlara ictimai nəqliyyat bileti verilir. Bilet şəhər nəqliyyatı, bölgələrarası avtobuslar və qatarlar üçün keçərlidir. Ancaq sistem tamamilə büdcə hesabına maliyyələşdirilmir: 15 yaşdan yuxarı qonaqlardan hər gecə üçün 50 avrosent nəqliyyat yığımı tutulur (Zaltsburqun rəsmi turizm saytı).
Dünkerk (Fransa): Şəhər birliyinin ərazisində işləyən 17 avtobus xəttində gediş hamı üçün pulsuzdur. 2024-cü ildə bu avtobuslarda 24,4 milyon gediş qeydə alınıb. Tədris dövrünün adi iş günlərində avtobuslardan orta hesabla 75 mindən çox sərnişin istifadə edir (DK’BUS-un saytı).
Livinyo (İtaliya): “MyLivignoPass” kartı olan qonaqlar yerli avtobuslardan ayrıca bilet almadan istifadə edə bilirlər. Şəbəkə Livinyo və Trepalle ərazisində onlarla dayanacağı əhatə edir (Livinyonun rəsmi turizm saytı).
Akureyri (İslandiya): Şəhər daxilində işləyən avtobuslarda gediş pulsuzdur. Güzəşt Akureyrini başqa şəhərlərlə birləşdirən bölgələrarası marşrutlara aid deyil (Akureyri bələdiyyəsinin saytı).
Mançester (Böyük Britaniya): Şəhər mərkəzində əsas dəmir yolu stansiyalarını, ticarət küçələrini və başqa mühüm məntəqələri birləşdirən “Free Bus” xətləri pulsuz işləyir. Güzəşt Mançesterin bütün avtobus şəbəkəsini əhatə etmir (Böyük Mançester Nəqliyyat İdarəsinin saytı).
Kalqari (Kanada): Şəhərin mərkəzində, 7-ci prospekt boyunca yerləşən “TD Free Fare Zone” daxilində CTrain qatarlarından pulsuz istifadə etmək mümkündür. Səfər bu ərazinin hüdudlarından kənara çıxarsa, bilet alınmalıdır (Kalqari Nəqliyyat İdarəsinin saytı).
Tallin (Estoniya): Şəhərdə rəsmi qeydiyyatda olan sakinlər fərdiləşdirilmiş nəqliyyat kartı ilə avtobus, tramvay və digər şəhər nəqliyyatından pulsuz istifadə edirlər. Qeydiyyatda olmayan şəxslər və turistlər üçün bir saatlıq bilet 2 avrodur (Tallin şəhər hökumətinin saytı).
Pulsuz gediş sərnişin sayını artırır, amma qiymət yeganə amil deyil
Dünkerkdə aparılan araşdırmaya görə, pulsuz avtobus şəbəkəsinin istifadəyə verilməsindən sonra sərnişin sayı 2017–2019-cu illərdə 85 faiz, həftəsonları isə əvvəlki dövrlə müqayisədə 125 faiz artıb (La gratuité des transports pour changer les comportements de mobilité ? Premiers retours de l’expérience dunkerquoise (2018-2019) | Cairn.info).
Tallin təcrübəsi isə qiymətlə yanaşı, xidmətin keyfiyyət səviyyəsinin də mühüm amil olduğunu göstərir. Birillik müşahidədə ictimai nəqliyyatla səfərlərin 14 faiz artdığı və azgəlirli sakinlərin hərəkət imkanlarının genişləndiyi müəyyən edilib.
Lakin xidmətin tezliyi və avtobus zolaqları kimi başqa dəyişikliklər nəzərə alındıqda, gediş haqqının ləğvi ilə birbaşa bağlı olan artım cəmi 1,2 faiz olub (Перспективы бесплатного общественного транспорта: свидетельства из Таллина | Транспорт | Springer Nature Link).
Bakı üçün aylıq abonementlərin, gün ərzində ödəniləcək məbləğin yuxarı həddinin, müəyyən müddət ərzində ikinci nəqliyyatdan pulsuz istifadənin, eləcə də tələbələr və azgəlirli ailələr üçün güzəştli tariflərin tətbiqi ailələrin xərcini azalda bilər.
“Politfm”



