İllüstrasiya: Sİ
Moskvanın Vnukovo və Şeremetyevo hava limanları ard-arda ikinci gecədir ki, təyyarələrin qəbulunu və yola salınmasını müvəqqəti dayandırıb. Məhdudiyyətlər Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiya hava məkanının mülki aviasiya üçün təhlükəsiz olmadığı barədə xəbərdarlığından sonra tətbiq olunub.
Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi sentyabrın 2-də təyyarələrin qəbuluna və yola salınmasına müvəqqəti məhdudiyyətlər qoyulduğunu açıqlayıb.
Əvvəlki gecə Moskvanın üç hava limanı fəaliyyətini müvəqqəti dayandırmışdı. “Flightradar24” aziasiya izləmə xidmətinin məlumatına görə, Şeremetyevoda 21 reys ləğv olunub, 235 reys gecikib. Vnukovoda isə 22 reys ləğv edilib, 94 reys gecikib (“The Moscow Times”).
Türkiyənin “Pegasus” aviaşirkəti sentyabrın 1-dən 2-nə keçən gecə Rusiya istiqamətində nəzərdə tutulan bəzi reysləri ləğv edib.
Şirkət qərarın texniki və əməliyyat səbəbləri ilə əlaqədar olduğunu açıqlayıb. “Pegasus”-un rəsmi məlumatında bildirilir ki, digər reyslər sentyabrın 2-dən etibarən cədvəl üzrə yerinə yetirilir. Reysi ləğv olunan sərnişinlər üçün əlavə uçuşların təşkili nəzərdə tutulub.
Moskvanın Vnukovo hava limanının məlumatına görə, İstanbul, Antalya, İzmir və Bodrumdan Moskvaya altı reys, eləcə də əks istiqamətdə eyni sayda uçuş ləğv olunub. Antalyadan Ufa, Sankt-Peterburq və Samaraya nəzərdə tutulan reyslər də baş tutmayıb (“İnterfaks”).
“Fontanka”nın dərc etdiyi və sərnişinlərdən birinə təqdim olunduğu bildirilən açıqlamada qərarın Ukrayna ilə Rusiya arasındakı gərginlik və Rusiya hava məkanına genişmiqyaslı dron hücumu təhlükəsi ilə bağlı olduğu göstərilib. “Pegasus” isə ictimaiyyətə yaydığı rəsmi məlumatda bu səbəbləri qeyd etməyib. Rusiyaya və Rusiyadan sentyabrın 3-nə nəzərdə tutulan reyslərin cədvəl üzrə davam etdiyi bildirilir.
Zelenski sentyabrın 1-də demişdi ki, Ukrayna Rusiya qüvvələrinin mülki infrastruktura endirdiyi zərbələrə cavab olaraq bu ölkənin ərazisinə dron hücumlarını artıracaq. Eyni zamanda o, Rusiya hava məkanından istifadə edən aviaşirkətlərə və sığorta şirkətlərinə mövcud təhlükəni nəzərə almağı tövsiyə etmişdi.
Sentyabrın 2-də isə Ukraynanın xarici işlər naziri Andriy Sibiqa bildirib ki, Kiyev Rusiya hava məkanında uçuşların təhlükəli olduğu barədə Beynəlxalq Mülki Aviasiya Təşkilatına (ICAO) rəsmən məlumat verib.
Ukrayna təşkilatdan üzv dövlətlərə Rusiya hava məkanında mülki uçuşlara tam qadağa qoymaq çağırışı etməsini istəyib.
“Reuters” Ukraynanın bərpa, infrastruktur və nəqliyyat naziri Mikola Kalaşnıkın məktubuna istinadən yazır ki, Kiyev mümkün faciələrin qarşısını almaq üçün uçuş riskini azaltmağı vacib sayır və ICAO-dan qadağanın tətbiqinə kömək göstərməsini istəyir.
Ukrayna və Rusiyanın qarşılıqlı hava hücumları davam edir
Moskva meri Sergey Sobyanin sentyabrın 3-də səhər saatlarına qədər paytaxta doğru uçduğu bildirilən 47 dronun vurulduğunu açıqlayıb. Onun sözlərinə görə, dron qalıqlarının düşdüyü ərazilərə fövqəladə xidmətlər cəlb olunub. Hücum nəticəsində ölən və ya yaralanan olması barədə məlumat verilməyib (“İnterfaks”).
Rusiyanın Odessaya zərbələri nəticəsində 21 mərtəbəli yaşayış binasına ziyan dəyib. Son məlumata görə, üçü uşaq olmaqla, 17 nəfər xəsarət alıb.
20 mənzil və 12 avtomobil zədələnib. Hadisə yerində xilasetmə və təmizləmə işləri davam edir (“Suspilne Odessa”).
Bundan başqa, Rusiya qüvvələri dünən axşam saatlarından etibarən Dnepropetrovsk vilayətinin üç rayonuna təyyarədən atılan bomba, dron və artilleriya ilə 20-dən çox zərbə endirib. Hücumlar nəticəsində bir müəssisə, yaşayış evi və hovuz binası zədələnib, Nikopol rayonu ilə Pavloqrad şəhərində yanğınlar başlayıb (“Ukrinform”).
“Politfm”



