İllüstrasiya: Sİ
ABŞ ilə İran arasında iyuldan bəri hökm sürən nisbi sakitlik başa çatıb. Tərəflər çərşənbə günü yenidən müharibə vəziyyətinə qayıdıblar. Vaşinqton İranı daha ağır hücumlarla hədələyir. Tehran isə toy mərasimi keçirilən binanın vurulduğunu, beş nəfərin öldüyünü, onlarla şəxsin yaralandığını, buna sərt cavab verəcəyini açıqlayıb (“Reuters”).
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) çərşənbə axşamı İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) aid bir sıra hədəflərə zərbələr endirdiyini açıqlayıb. Hədəflər arasında hava hücumundan müdafiə və radar sistemləri, dəniz obyektləri, mina döşəmə imkanları və rabitə məntəqələri olub.
İran mediasının məlumatına görə, zərbələrin bir hissəsi Hörmüz boğazı yaxınlığındakı obyektlərə endirilib. Tehran bu strateji su yolundan icazəsiz keçməyə çalışan tankerləri vurmaqla hədələyirdi.
İran cavab olaraq Bəhreyn, İordaniya, Küveyt və İraqdakı ABŞ hədəflərinə raket və dron zərbələri endirdiyini bildirib.
İordaniya Silahlı Qüvvələrinin açıqlamasına görə, ölkənin hava məkanına 13 ballistik raket daxil olub. Onlardan 10-u havada vurulub, üçü isə yaşayış məntəqələrindən uzaq ərazilərə düşüb. SEPAH hücum zamanı çox sayda amerikalı hərbçinin öldürüldüyünü iddia etsə də, “Reuters”-ə açıqlama verən iki ABŞ rəsmisi ilkin qiymətləndirməyə görə itki olmadığını bildirib.
Bəhreyn də İran dronlarının ələ keçirilərək məhv edildiyini açıqlayıb.
SEPAH Küveytdəki Əli əl-Salim aviabazasına raket və dronlarla hücum etdiyini, bir ABŞ zabitinin qaldığı yerin və pilotsuz uçuş aparatlarına aid obyektlərin hədəfə alındığını bildirib. Küveytin yanğınsöndürmə xidməti isə paytaxtdakı yaşayış komplekslərindən birinə İran dronunun düşdüyünü açıqlayıb. Hadisə dağıntıya və yanğına səbəb olsa da, insan itkisi qeydə alınmayıb.
SEPAH-ın başqa bir açıqlamasında İraqın şimalındakı Ərbil şəhərində yerləşən ABŞ bazalarına birgə raket və dron hücumları zamanı bir neçə amerikalı hərbçinin öldürüldüyü iddia olunub. Nə Vaşinqton, nə də Bağdad bu məlumatı təsdiqləyib.
İran Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, Hörmüz boğazı sahilində yerləşən Sirik yaxınlığındakı məkana – toy keçirilən yerə endirilən zərbə nəticəsində beş nəfər həlak olub, 50 nəfər yaralanıb.
“Mehr” agentliyi ölənlər arasında dörd yaşlı uşağın da olduğunu bildirib. IRNA isə yerli rəsmiyə istinadən yaralıların sayının 68-ə çatdığını yazıb. ABŞ rəsmiləri hadisə ilə bağlı hələlik açıqlama verməyiblər.
İran Xarici İşlər Nazirliyinin sözçüsü müharibənin ilk günü Minabdakı qızlar məktəbində 160 nəfərin həyatına son qoyan zərbəni xatırladıb. Pentaqon həmin hadisəsi ilə bağlı yekun rəyini açıqlamayıb. Bununla belə, məsələdən xəbərdar olan iki mənbə “Reuters”-ə bildirib ki, zərbə ABŞ-nin köhnəlmiş hədəf məlumatlarından istifadə etməsi nəticəsində endirilmiş ola bilər.
İran dövlət mediasının yaydığı başqa bir məlumata görə, gecə saatlarında Xuzistan əyalətində üç məntəqəyə endirilən raket zərbələri nəticəsində daha yeddi nəfər ölüb, səkkiz nəfər yaralanıb. İran Xarici İşlər Nazirliyi bu hücumların cavabsız qalmayacağını və Tehranın qətiyyətlə qarşılıq verəcəyini bəyan edib.
Yeni hücumlar tərəflərin ritorikasını da sərtləşdirib. ABŞ Prezidenti Donald Tramp ölkəsinin Hörmüz boğazına “demək olar ki, tam nəzarət etdiyini”, İran iqtisadiyyatının isə çökməkdə olduğunu bildirib. O, İran xalqını hakimiyyətə qarşı ayağa qalxmağa çağırıb.
İranın birgə hərbi komandanlığı isə ABŞ-yə bölgədə yardım göstərən ölkələri daha genişmiqyaslı və dağıdıcı cavab zərbələri ilə hədələyib.
Amma İranın müharibədən sarsılmış iqtisadiyyatı və zəifləyən hərbi qüvvələri Tehranın manevr imkanlarını daraldır. ABŞ ordusu isə dəqiq idarə olunan uzaqmənzilli raket ehtiyatının böyük hissəsini artıq sərf edib. Bu vəziyyət Vaşinqtonda ölkənin təhlükəsizliyilə bağlı narahatlığı artırır.
Hərbi qarşıdurmanın yenidən alovlanması dünya bazarlarında dərhal hiss olunub. ABŞ-nin son hava zərbələrindən sonra neftin qiyməti son beş həftənin ən yüksək həddinə qyüksəlib. Asiya fond bazarlarında kəskin eniş yaşanıb.
ABŞ-nin onillik xəzinə istiqrazlarının gəlirliliyi də təxminən üç ilin ən yüksək səviyyəsinə çatıb. Bununla da qlobal istiqraz bazarındakı satış dalğası daha da şiddətlənib.
Müharibənin yanacağı bahalaşdırması Tramp administrasiyası üçün daxili siyasi təzyiq də yaradır. Bu, xüsusilə noyabrda keçiriləcək Konqres seçkiləri ərəfəsində Vaşinqtonun üzləşdiyi iqtisadi problemləri dərinləşdirir.
İyunda qısa müddətli atəşkəsin əldə olunmasına vasitəçilik etmiş Qətər İranın son hücumlarının gərginliyi nəzarətdə saxlamaq cəhdlərini çətinləşdirəcəyini bildirib. Rəsmi Doha baş verənlərə və onların nəticələrinə görə hüquqi baxımdan İranı məsul saydığını açıqlayıb.
“Politfm”



