Foto: internet

 

 

Rusiya XİN Ermənistanının Rusiya yönümlü müxalifət liderlərinin həbsini pisləyib.

“Təəssüf ki, Rusiya prezidenti Vladimir Putinin aprelin 1-də Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü zamanı qeyd etdiyi mənfi tendensiya davam edir” – Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün belə deyib.

“Söhbət Rusiya ilə müttəfiqlik münasibətlərinin qorunmasının tərəfdarı olan siyasi qüvvələrə və xadimlərə qarşı real repressiyaların güclənməsindən gedir. Ermənistan hakimiyyətinin tutduğu bu destruktiv xətt rəsmi Yerevanın Rusiya ilə münasibətləri pisləşdirəcək addımlar atmadığı barədə bəyanatları ilə kəskin ziddiyyət təşkil edir” deyə, o əlavə edib.

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan avqustun 26-da həbs olunub.

O, prezident olduğu dövrdə vəzifə imkanlarından istifadə edərək özünə yaxın şəxslərlə əvvəlcədən razılaşma əsasında ictimai və iqtisadi əhəmiyyət daşıyan bir sıra qiymətli əmlakı dövlət mülkiyyətindən çıxarıb müxtəlif şirkətlərin adına rəsmiləşdirməkdə ittiham olunur. Məhkəmə onun barəsində 2 aylıq həbs qərarı verib.

Koçaryanın rəhbərlik etdiyi “Hayastan” alyansı, varlı iş adamları Samvel Karapetyan və Qagik Tsarukyanın rəhbərlik etdiyi daha iki müxalifət qrupu iyunun 7-də parlament seçkilərində Paşinyanın əsas rəqibləri olublar. Onlar Ermənistanın ənənəvi müttəfiqi Rusiya ilə münasibətləri bərpa edəcəklərini vəd ediblər, eyni zamanda açıq şəkildə Moskvanın tərəfini tutmamağa çalışıblar.

Paşinyan seçki kampaniyası zamanı bu qüvvələrin liderlərini “aradan götürəcəyini” vəd edib, onları xarici dövlətin agentləri olmaqda ittiham edib. Onun Rusiyanı nəzərdə tutduğu ehtimal olunur.

Karapetyan ötən ilin iyununda həbs olunub, dekabrda ev dustaqlığına buraxılıb. Tsarukyan bu il iyulun 6-da həbs edilib.

Müxalifət liderləri onlara qarşı ayrı-ayrılıqda irəli sürülən ittihamları rədd edir.
“AzadlıqRadiosu”nun erməni xidməti yazır ki, Paşinyan avqustun 28-də yenidən onların həbs edilməsi üçün xalqdan mandat aldığını bildirib. Rəsmi nəticələrə görə, Paşinyanın Vətəndaş Müqaviləsi Partiyası seçkilərdə səslərin təxminən yarısını qazanıb. Ermənistan müxalifəti rəsmi nəticələri tanımayıb.

Rusiya da seçkilərin pozuntularla keçdiyini bildirib. Prezident Vladimir Putin Paşinyanı təbrik etməyib.

“Azatutyun” yazır ki, Rusiyanın Zaxarovanın bəyanatları ilə Ermənistandakı daxili siyasi prosesləri bu cür açıq tənqid etməsi Rusiya-Ermənistan münasibətlərinin daha da pisləşdiyini göstərir. May ayında Yerevanda iki Avropa sammiti keçiriləndən sonra Moskva Yerevana təzyiqləri artırıb. Rusiya Paşinyan hökumətindən Avropa İttifaqı ilə Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi İttifaqı arasında tezliklə seçim etməyə çağırır.

Paşinyan bu həftə bildirib ki, Ermənistan üzvlük üçün tezliklə Avropa İttifaqına rəsmi müraciət edəcək. Rusiyanın deputatları buna cavab aolaraq Yerevana əlavə iqtisadi sanksiyaların tətbiq oluna biləcəyi barədə xəbərdarlıq ediblər.

Moskva mayın sonu və iyunun əvvəlində Ermənistandan milyonlarla dollar dəyərində kənd təsərrüfatı məhsulları və mineral su idxalını faktiki olaraq dayandırıb.

“Politfm”